Cəmiyyətdə əcaib təlaş: Dünyanın sonu deyil, durun!

Cəmiyyət

05.06.2020 - 13:39

Ekspertlər dükan-bazarın “talanmasını” müxtəlif amillərlə əlaqələndirirlər

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı 4 iyunda qəbul etdiyi qərara əsasən, həftəsonu – 6 iyun 00:00-dan 8 iyun 06:00-dək evdən çıxmaq qadağan olundu. Qərar qəbul olunduqdan sonra insanların dükan-bazara axını müşahidə edilməkdədir. Bir çox insanlar virusun varlığı kimi, onunla bağlı görülən tədbirlər fonunda verilən qərarlara da inamsızlıq nümayiş etdirirlər. Elə buna görədir ki, marketlərdə dünəndən sıxlıq yaşanır. Nə sosial məsafə gözlənilir, nə də hamılıqla maska taxan var. Vitrinə düzülən meyvə-tərəvəzin altı-üstünə gətirilir.

 

Pandemiyadan əvvəlki günlərdə olduğu kimi, müştərilər alacağı hər məhsula toxunur və demək olar ki, pandemiya dövründə əməl olunacaq qaydalar diqqət mərkəzində deyil. Qapıda əlləri dezinfeksiya edən, hərarəti ölçən işçilər, ağzında maska bir neçə insanı da görməsən, elə bilərsən, bayram alış-verişidir. Müştərilərdən “iki günlük qadağadır, çox şey almağa dəyməz”, – deyə bir-birinə irad bildirənlər də var, lakin qarşılığında çox zamam aldığın cavab belə olur: “Nə bilirsən, bəlkə bizi aldadırlar? Bir də gördün dedilər ki, bir ay evdən çıxmaq olmaz”.

 

Bəs görəsən, bu alış-veriş panikasının əsl səbəbi nədir? İnamsızlıq, ac qalma qorxusu, yoxsa nə? Sonrakı günlərdə bunun nəticəsi necə olacaq?

 

AYNA-ya danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun mütəxəssis psixoloqu Fuad Əsədov hesab edir ki, bunun səbəbi nə inamsızlıqdır, nə də qorxu: “İnsanlar, sadəcə öz tələbatlarını müəyyən etməkdə çətinlik çəkirlər. Belə vəziyyət yaranmamışdan əvvəl insanlar bilirdilər ki, istənilən vaxt evdən çıxa, nəyə ehtiyacı varsa, əldə edə bilərlər. İndi isə müvafiq qərara əsasən, iki gün evdə qalmalı olacaqlar, buna görə də həmin günlər üçün ərzaq və digər ehtiyaclarının tədarükünü görməlidirlər. Bu vəziyyətdə insanların böyük əksəriyyəti dəqiq bilmir ki, onlara iki gündə nələr və nə qədər lazım ola bilər. Buna görə də hər ehtimalı dəyərləndirərək daha çox şey alırlar. Bəlkə də normal zamanlarda onu almazdılar, amma bu vəziyyətdə almalı olurlar”.

 

Psixoloq insanlara daha təmkinli olmağı tövsiyyə edir: “Bu vəziyyətin uzun müddət davam edəcəyini ehtimal edənlər bilməlidirlər ki, stress və panika içərisindədirlər. İki günlük ehtiyaclarını qarşılayacaq qədər tədarük görmələri kifayətdir”.

 

Həftəsonu istirahət günlərini evdə keçirəcək insanlar sıxıntı yaşaya bilər. Buna diqqət çəkən müsahibimizin sözlərinə görə, bəzi insanlar sıxılanda yeməyə daha çox meyillənirlər: “İnsanlar özlərini tanıyırlar, sıxılanda daha çox yeyənlər bunu bildiyindən həftəsonu üçün də daha çox şey alırlar. Amma bunu da tənzimləmək lazımdır. Düşünürəm ki, belə insanlar mövcud vəziyyətdən istifadə edib bu vərdişini tənzimləyə bilərlər”.

 

“İnsanlar çətin və indiyəcən tanış olmadıqları durumla qarşılaşanda həmin vəziyyətin çatışmazlıqlarına baxırlar. Amma bu vəziyyətdə də mənfilərlə yanaşı müsbət tərəflər var. Deyinmək bizə nəsə verməyəcək, ona görə müsbət tərəflərə baxmağımız lazımdır. Əmin olmalıyıq ki, kimsə bizi evə qapadıb acından öldürmək istəmir. Bu, sağlamlığımız üçün görülən tədbirdir. Eyni zamanda, “iki gün evdə qalmaqla heç nə dəyişən deyil” kimi düşünənlər yanılırlar. Çünki virusa yoluxmamaq üçün bir gün də önəmlidir. Həftəiçi yoluxma faktları davam edə bilər, lakin ən azından, həftəsonu iki gün virusdan qorunmuş olacağıq və nəzərə almalıyıq ki, insanlar həftəsonu daha çox toplaşırlar, bu baxımdan qadağanın müsbət tərəflərini diqqətdə saxlamağımız yaxşı olar”, - F.Əsədov vurğulayıb.

 

Sosioloq Sahib Altay isə AYNA-ya şərhində deyib ki, insanların dükan-bazara axın etməsinin səbəbi verilən qərarlara, mediaya olan inamsızlıq və eyni zamanda da qorxudur: “Kənd camatı adətən həftəlik, aylıq alış-veriş etdiyi halda, şəhər camaatı ehtiyacı olduqca, az-az almağa üstünlük verir. Lakin dünəndən müşahidələrimiz göstərir ki, insanlar iki gün üçün ehtiyacı olandan daha çox alış-veriş edirlər. Yumşaldılmadan sonra açıqlanan statistik nəticələrə görə, yoluxma sayında artım müşahidə olunmağa başlayıb. Eyni zamanda da karantin vəziyyəti ilə bağlı verilən qərarlar tez-tez dəyişir. Bu da insanları panikaya salır”.

 

“Hazırkı qərarla həftəsonu qadağasının həftəiçi də tətbiq edilə biləcəyi ehtimalını nəzərə alan insanlar inamsızlıq və qorxudan dükan-bazara axın edərək tədarük görürlər. Lakin hesab edirəm ki, bu qorxuya heç bir əsas yoxdur. Qorxduqları kimi olsa belə, insanlara lazımı ehtiyaclarını təmin etmələri üçün şərait yaradılacaq, bunu tələb etmək də vətəndaşların tam hüququdur”, - Altay bildirib.

 

İqtisadçı-ekspert Samir Əliyev də bunun səbəbini inamsızlıqda görür. “İnsanları inandırmaq lazım idi ki, sonrakı günlərdə evdən çıxıb zəruri ehtiyaclarını təmin etmək üçün şərait yaradılacaq. İndiki vəziyyətdə isə bir qədər qeyri-müəyyənlik müşahidə edilir. Təəssüf ki, bəzi hallarda insanların ehtimalları da özünü doğruldur. Bu vəziyyətdə insanları qınamaq da olmur. Bu cür panik vəziyyətdə marketlərə axının müşahidə edilməsi özünü qoruma instiktindən, qorxudan qaynaqlanır”, - o, AYNA-ya açıqlamasında qeyd edib.

 

İqtisadçı bu dönəmlərdə ailə büdcəsinin idarə edilməsinə diqqət çəkərək bildirib ki, karantin dövrünü adi günlərdən fərqləndirmək düzgün deyil: “Hər bir şəxs ailə büdcəsinin idarə edilməsini bilməlidir. Maliyyə savadlığının artması insanları yersiz xərclərdən qoruyur. Xüsusilə də gəliri az olan kasıb ailələr üçün bu, çox önəmlidir. İsti yay aylarında məhsulların daha tez xarab olduğunu nəzərə alaraq, iki günlük tələbatdan artıq alış-verişin israfçılığa səbəb olacağını nəzərə almaq lazımdır. Bu da məhsulların səmərəsiz istifadəsinə gətirib çıxarır”.

Müəllif: Aləmdə Nəsib