Bütün məhv edilməsi və ya patriarxın süqutu

Aktual

09.01.2022 - 10:27

Gərək vaxtında və əzəmətlə gedəsən ki, ölkə başçısı kimi millətin xatirində dövlətin inkişafı və xalqın rifahı naminə gördüyün bütün yaxşı işlərlə qalasan

Qazaxıstan hakimiyyəti ölkənin paytaxtını “Nur-Sultan” adlandırmağı dayandırıb, lakin bu məsələ hələlik yalnız rəsmi məlumatlarda öz əksini tapır. İndi onlar “Qazaxıstanın paytaxtı” və ya sadəcə olaraq “paytaxt” ifadələrini işlədirlər. Bu barədə “Dojd” telekanalı “Orda.kz” portalının jurnalisti Gülnarə Bajkenovaya istinadən məlumat yayıb.

Xatırladaq ki, Qazaxıstanın paytaxtı Astana 2019-cu ildə Nursultan Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılıb. Bu, indiki Prezident Kasım-Jomart Tokayevin təklifi ilə edilib. O, bu gün öz başını qorumaq naminə ona qızıl-gümüş nimçədə prezident kürsüsünü təqdim edən himayədarını qurban verib.

Bundan əvvəl, yanvarın 5-də etirazçılar Almatı vilayətinin inzibati mərkəzi olan Taldıkorqan şəhərində Nursultan Nazarbayevin abidəsini sökmüşdülər - bu bölgənin yetirməsinin heykəli yarıya bölünərək postamentdən salınmışdı. Bəlkə də heykəlin uçurulması 30 ildir əvəzolunmaz olan dövlət başçısını və Elbasının “getmək vaxtıdır” qərarında son nöqtə oldu: o, anladı ki, əks halda ya qəzəbli kütlənin əli ilə və ya keçmiş tabeliyində olanların və ardıcıllarının əli ilə “başını itirəcək”. Gülnarə Bajkenovanın sözlərinə görə, Qazaxıstanın keçmiş Prezidenti ailə üzvləri ilə birlikdə ya xalqın qəzəbindən, ya da diz çökmüş Tokayevin özünün xilası naminə onu qurban verə biləcəyindən qorxaraq ölkədən qaçıb.

Ümumiyyətlə, heyrətamiz bir fenomendir: bütün avtoritar hökmdarlar və diktatorlar yaltaqlığı və məddahlığı sevirlər, baxmayaraq ki, yaxşı başa düşürlər ki, bu keyfiyyətlərin sahibləri adətən satqın olurlar. Axı, başa düşmək lazımdır ki, yaltaqlıq – istedadsızın öz karyerasına görə ödədiyi qiymətdir. Nazarbayev isə bunu öz təcrübəsində yaşamalı oldu.

Müdrik qoca Nursultan Nazarbayevin özü şəxsiyyətinə pərəstiş etməyi, yaltaqlığı və riyakarlığı təşviq edirdi. Belə ki, sağlığında ona bir neçə abidə ucaldılıb: Almatıda, Taldıkorqanda Prezident parkında, Nur-Sultanda onun barelyefi, Astanada Milli Muzeydə isə Vaşinqtonda ABŞ-ın 16-cı Prezidenti Avraam Linkolnun abidəsinə oxşar heykəltəraşlıq əsərinin kompozisiyası şəklində. Abidələr, həmçinin Ukraynada (gələcək prezidentin oxuduğu yer), Qaqauziyanın Komrat şəhərində, Qırğızıstanın Çolpon-Ata şəhərində və Ankarada (aydındır ki, bu şəhərlərin rəhbərliyinin təşəbbüsü və vəsaiti hesabına deyil) da qoyulub. Ən azı 9 küçə Qazaxıstanın birinci Prezidentinin şərəfinə adlandırılıb, Nur-Sultanda üç park, bir hava limanı və bir dəmir yolu stansiyası Elbasının adını daşıyır. Tyan-Şan silsiləsinin şimal yamacında, Zailiyskiy Alataudakı dağ zirvəsi Nursultan zirvəsi adlanır.

Nazarbayev 28 avqust 2004-cü il tarixli fərmanı ilə onun həyatından və yeni müstəqil Qazaxıstan dövlətinin qurulmasındakı rolundan bəhs edən Qazaxıstan Respublikasının Birinci Prezidentinin Muzeyini açdı. Nazarbayevin şərəfinə Qazaxıstan Respublikasının Birinci Prezidentinin Kitabxanası, Temirtauda iki “Birinci Prezidentin Tarix-Mədəniyyət Mərkəzi” və Astanada “Nazarbayev Mərkəzi”, 20 elit məktəb və ölkənin əsas universiteti "Nazarbayev Universiteti" də Nazarbayevin təşəbbüsü ilə yaradılıb.

Rejissorlar xalqın liderinə həsr olunmuş saysız-hesabsız filmlər çəkiblər, hətta onun “El Anası” adlanan anası haqqında iki film çəkiblər, məmurlar iki sözdən bir Nazarbayevin adı çəkilən “lirik-patriotik” mahnılar bəstələyiblər. Hətta, dövlət və ictimai fəaliyyətdə xüsusi xidmətlərinə görə təltif edilən orden təsis edilib. Elbasının şərəfinə lalə növü adlandırılıb. Adının birinci hecası – “Nur” sözü köçürmə proqramına, Nur-Astana və Nur-Qasır məscidlərinin adına, Nurkənd kəndinin adına, Aktobe dairəsində şəhərin adına,  Nur-Otan partiyasının adına, “Nur-Media LLP” media holdinqinə, NUR.KZ internet portalı və “Nurbank bankı” və sairəyə əlavə edilib.

Dekabrın 1-i Birinci Prezident Günü kimi qeyd edilir ki, bu da həm dövlət bayramı, həm də istirahət günüdür. Onun ad günü dövlət bayramı olan Paytaxt Günü ilə üst-üstə düşür. 7 may isə ilk qızının doğum günü və Vətən Müdafiəçisi Günüdür və hər ikisi həm də istirahət günləridir.

Rəhbəri tərifləyən, ucaldan yaltaqların, ikiüzlülərin fantaziyasının və təşəbbüsünün həddi-hüdudu yox idi. Amma hər şey bir gecədə, qazax xalqının “Qoca, çıx get” tələbi ilə küçələrə çıxması ilə bitdi. Sadə insanlarla birlikdə keçmiş diz çökənlər, o cümlədən indiki Prezidentin özü də “anlamağa başladılar”.

Təəssüf ki, proses qansız olmadı. Bu isə avtoritar hökmdarların – həm keçmiş, həm də indikinin vicdanına yazılır.

Qazaxıstanda baş verənlər bir həqiqiəti yenidən təsdiqlədi: gərək vaxtında və əzəmətlə gedəsən ki, ölkə başçısı kimi  millətin xatirində dövlətin inkişafı və xalqın rifahı naminə gördüyün bütün yaxşı işlərlə qalasan.

İstənilən siyasətçinin hakimiyyətdə uzun müddət qalması həmişə və hər yerdə korrupsionerlik yaradır, avtoritarizm və diktaturanın yaranması, demokratik təsisatların məhv edilməsi ilə nəticələnir ki, bu da istər-istəməz vətəndaş qarşıdurmasına və hakimiyyətin zorakılıqla ələ keçirilməsinə gətirib çıxarır. Amma burada avtoritar hökmdarlar üçün ikibaşlı qılınc var – onlar bütün hallarda hakimiyyəti itirirlər: “cilovu buraxsalar”, azadlıq versələr, ədalətli seçkilərin keçirilməsinə imkan versələr, seçki qutusunda uduzurlar və ya əgər onlar hakimiyyəti zorla saxlasalar, yenə də itirirlər, lakin artıq xalqın qəzəbindən qaçmaqla.

Qazaxıstanda da məhz belə oldu. Həm sağlığında, həm də ölümdən sonra adlandırdıqları heç bir səs-küylü titul onları şərəfsiz sondan xilas edə bilməz. Çauşesku, Səddam Hüseyn və ya Müəmmər Qəddafininki kimi başları uçmasa da, o zaman abidələri mütləq uçacaq və onlar özləri də ölkədən qaçmağa məcbur olacaqlar. Elə Qazaxıstanın Elbası ilə olduğu kimi…

Müəllif: Mira Həsənova