Həm üçtərəfli razılaşma pozulur, həm də beynəlxalq konvensiya – <font color=red> DİQQƏT ƏSİRLƏRƏ</font>

Aktual

23.11.2020 - 19:58

“Əsgərlərimizə işğəncə verən ermənilərin müəyyənləşdirilərək cəzalandırılmasına nail olmalıyıq”

 

Qarabağda 44 gün davam edən müharibə ilə bağlı əsas müzakirə mövzularından biri də əsir və girovların, cəsədlərin dəyişdirilməsi, qaytarılması məsələsidir. Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri arasında noyabrın 10-da Qarabağda atəşkəsin bərpası ilə bağlı üçtərəfli bəyanatda əsir və girovların, cəsədlərin qaytarılması məsələsi də öz əksini tapıb.

 

Aidiyyəti qurumlar bununla bağlı işlər getdiyini bildirir. Amma Ermənistan tərəfinin məsələdə qeyri-humanist yanaşması sezilir. Məsələn, iki azərbaycanlı hərbçinin əsir götürüldüyünün ortada videosu var. Söhbət Amin Musayev və Bayram Kərimovdan gedir. Amma əsirlərlə əlaqədar Ermənistan tərəfi qeyri-müəyyən açıqlamalar verir.

 

AYNA-nın xəbərinə görə, sosial şəbəkələrdə iki yaralı əsgərə, döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə qarşı maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb. Videoda qohumu tərəfindən Amin Musayev kimi müəyyənləşdirilmiş azərbaycanlı əsgərin maşında yerə uzanmış halda olduğu və "hara gedirik" sualı verdiyi göstərilir. Erməni əsgər olduğu güman edilən şəxs cavabında “özünü yaxşı aparsan, evə…” deyir, söyüş söyür, bundan sonra azərbaycanlı əsgərə təpik vurulur. Digər bir videoda isə Bayram Kərimovun uzadılaraq işğəncəyə məruz qoyulduğu əks olunur.

Qırmızı Xaç Komitəsi əsirlikdə olan Amin ilə Bayram haqqında məlumat  paylaşdı!! | Analoq.az

Məsələ ilə bağlı, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) İrəvandakı nümayəndəsi Zara Amatuni erməni mətbuatına açıqlamasında deyib ki, videogörüntülər araşdırılır. O, azərbaycanlı əsgərlər Amin Musayev və Bayram Kərimovla bağlı məlumatı olub-olmadığı sualını isə cavablamaqdan imtina edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məsələnin araşdırılmasını və aidiyyəti beynəlxalq qurumlara çatdırıldığını açıqlayıb. XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva qeyd deyib ki, əsirlərə işgəncə verilməsi ilə bağlı məlumatların əvvəlcə dürüstlüyü yoxlanılır və aidiyyəti üzrə beynəlxalq qurumların diqqətinə çatdırılır.

 

Bu arada, jurnalist Xarçenko iki azərbaycanlı əsirin Xankəndidəki hospitala göndərildiyini yazıb. Qondarma qurumun “ombudsmanı” Artak Belqaryan isə erməni mediasına deyib ki, əsirlərdən xəbərsizdir: “Onlar yaralıdırlarsa, hansısa xəstəxanada müalicə olunurlar”.

 

Yeri gəlmişkən, sosial şəbəkələrin Azərbaycan seqmentində Amin və Bayramın əsirlikdən qurtulması üçün #bringbackAmin və #bringbackBayram həştəqi ilə kampaniya başladılıb. “Facebook” istifadəçiləri, həmçinin, məsələnin araşdırılması üçün paralel olaraq BQXK-ya fərdi müraciətlər (email və ya tag formasında) edilməsi lazım olduğunu bildirirlər. İstifadəçilər hesab edirlər ki, problem geniş işıqlandırıldıqdan sonra ermənilər Amin və Bayramın taleyi barədə məlumat verməyə məcbur olacaqlar.

 

Əsirlərin qaytarılması ilə Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) də məşğul olur. Ombudsman Aparatından AYNA-ya bildirilib ki, Ombudsman Səbinə Əliyeva BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauer ilə videokonfrans vasitəsilə görüşüb: “Görüşdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan hərbi qulluqçularına münasibətdə pis rəftar və işgəncə faktları, real çəkiliş əsasında sosial mediada yayılan məlumatlar Ombudsman tərəfindən xanım Bauerin diqqətinə çatdırıb. Qeyd olunub ki, həmin videolarda yer alan hərbi əsirlərin taleyi ilə bağlı təəssüf ki, hər hansı bir məlumat almaq mümkün olmayıb. Ombudsman tərəfindən görüşdə əsir düşmüş iki hərbi qulluqçumuzun ailə üzvlərinin də iştirakı təmin edilib. Onlar əsirlikdə olan övladlarının hüquqlarının təmin edilməsi və ölkəyə qaytarılması ilə bağlı müraciətlərini Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Arian Bauerə çatdırıblar. Səbinə Əliyeva qeyd edib ki, Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı məsələ ilk gündən onun diqqət mərkəzindədir və bununla bağlı aidiyyəti beynəlxalq qurumlara ardıcıl müraciətlər ünvanlayıb. Bauer isə görüşdə qaldırılan məsələlər ilə bağlı mandatı çərçivəsində lazımi addımlar atacağını bildirib”.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndələri fərari erməni  hərbçi ilə görüşüblər | Report.az

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova isə AYNA-ya deyib ki, təmsil etdiyi qurum münaqişə nəticəsində əsir düşən şəxslərə baş çəkir: “Saxlanılan şəxslərin azad olunması ilə bağlı qərar münaqişə tərəflərindən asılıdır. Komitə bu qərara təsir edə bilmir. BQXK tərəfi, sadəcə münaqişə tərəfləri əsirləri azad etmə ilə bağlı qərar qəbul etdikdə, digər tərəf həmin şəxsi qəbul etməyə razılıq verərsə, eyni zamanda, əsir düşən şəxsin özü də qayıtmaq arzusunu bildirdikdə əməliyyatın keçirilməsinə dəstək verir. Bununla yanaşı, deyə bilərəm ki, saxlanılan şəxslər barədə məlumatlar ailə üzvlərinə verilir”.

 

Hüquq müdafiəçisi, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev AYNA-ya açıqlamasında bildirib ki, nəinki Amin və Bayram, erməni girovluğunda olan bütün hərbçi və mülki şəxslər Azərbaycana təhvil verilməlidir: “Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış üçtərəfli bəyanatın mətnində bu məsələ açıq şəkildə öz əksini tapıb. Sənəddə bir bənd var - hərbi əsirlərin, girovların və digər saxlanan şəxslərin, habelə cəsədlərin dəyişdirilməsi həyata keçirilsin. Bu bəndə uyğun olaraq əsirlər geri qayıtmalıdır”.

 

Ekspertin sözlərinə görə, hazırda müvafiq qurumlar bununla məşğul olur: “BQXK açıqlama verdi ki, əsirlərlə görüş keçirilib. Bu açıqlama o deməkdir ki, Amin də Bayram da sağ-salamatdır. Beynəlxalq Qızıl Xaç Komitəsi mandatına uyğun olaraq əsir və girovların dəyişdirilməsi prosesini həyata keçirir. Düzdür, Ermənistan tərəfi hər zaman olduğu kimi, problem yaratmağa meyillidir. Amma tezliklə razılaşmanı həyata keçirmək məcburiyyəıtindədir. Yaxınlarda əsirlərimizin qaytarılacağı gözləniləndir”.

 

“Əsirlərə işğəncə məsələsinə gəldikdə, bu fakt videogörüntülərdə açıq şəkildə görünür. Bu, Cenevrə Konvensiyasına birbaşa ziddir. Aidiyyəti qurumlara bununla bağlı Azərbaycan tərəfindən güman ki, müraciətlər edilib. Həmin işğəncədə iştirak edən ermənilərin müəyyənləşdirilərək cəzalandırılmasına nail oluna bilər”, - deyə Ə.Nuriyev vurğulayıb.

Müəllif: Anar Bayramoğlu