“Bu, mənim son döyüşümdür”

İdman

17.05.2021 - 23:11

Aynur Məmmədova: “Beynimdə “olimpiya əldən getdi” deyə düşündüm, bütün əziyyətləmizin hədər getdiyini, sanki həyatımın sonu olduğunu ağlımdan keçirdim və birdən özüm-özümə dedim ki, “mən nə edirəm?”

 

Bir neçə gün öncə Milli Paralimpiya Komitəsinin para-taekvando idman növü üzrə milli komandasının üzvü Aynur Məmmədova (58 kq) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Təsnifat Turnirinin finalında ispaniyalı rəqibini məğlub edərək yarışın qalibi olub. Beləliklə, Aynur Məmmədova bu qələbə sayəsində Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

 

İdmançımız öz təəssüratını AYNA ilə bölüşüb.

 

- Bu yarışa illərdir hazırlaşırsınız. Qalib olmaq necə hissdir?

 

- Tokio Yay Paralimpiya oyunlarına çox uzun zamandır hazırlaşırdıq. Lisenziya turnirində ancaq birinci yerə layiq görülən idmançı Tokio Yay Paralimpiya oyunlarına vəsiqə qazana bilərdi. Çox ağır və məsuliyyətli bir yarış idi, bu yarış nə Dünya, nə Avropa çempionatı idi. Olimpiyaya gedən yola bilet almaq idi. Buna görə də yarışda iştirak edən hər bir idmançı bu lisenziyanı qazanmaq üçün çox məşq edib, o bileti əldə etməli idi.

 

Bildiyimiz kimi, artıq 1 ildən çoxdur pandemiya dövründə yaşıyırıq.  Məşq etmək çox çətin oldu, davamlı məşqlər edə bilmədik. Şəraitsiz vəziyyətdə məşqlər etdik. Qalib olmaq hissini mən artıq dəfələrlə yaşamışam və buna artıq alışıb, bir az da arxayınlaşmışdım. Ona görə də gözlədiyim qələbəni qazandığım üçün hisslərim adi idi.

 

- Yaş artdıqca və uzun zaman yarış olmadıqda idmançı zəifləyir. Bu yarışa hazırlaşanda pandemiya dövrü səbəbindən həm məşqdən, həm də yarışlardan uzaq qalmışdınız. Yarışda döyüşmək çətin olmadı?

 

- Əlbəttə, yaş artdıqca idmançının bədəni ağırlaşır, amma məndə, elə bil, əksinə olub - əvvəlki illərə baxanda daha sürətli və təcrübəli olmuşam. Son 3 ildə mən ard-arda Avropa çempionu oldum, bu, mənə daha da stimul verdi, məşqlərimdə daha çox əzmkar və məsuliyyətli olmağı öyrətdi. Mənim ciddi zədələrim var, onlar olmasa, mən heç idmandan ayrılmaram. Çünki, para-taekvandoda yaş həddi yoxdur.

No description available.

Karantin dövründə evdə məşq edirdim, dayanmırdım. Amma ev məşqi zal məşqinin yerini vermir. Əlbəttə, çox çətin oldu, 2 ilə yaxın yarış görmürdüm, bu yarışda o qədər həycanlı və məsuliyyətli idim, o qədər döyüş zamanı kihab (qışqırmaq – T.X.) etmişdim ki, artıq 5 gündür yarış bitib hələ də, boğaz ağrım keçməyib. Çox çətin oldu. Döyüş nəfəsi başqa olur, döyüş səhnəsi başqa olur. O zaman insan hərtərəfli hərəkət edir, bütün bədən əzaları işləyir.

 

- Taekvondo sürətli idman növüdür. Yaş artdıqca döyüşmək çətin deyil?

 

- Olimpiya oyunlarında ən güclü rəqiblərimi məğlub etmişəm, mən özüm güclü rəqibəm. Güclü rəqiblərimlə işlədiyim üçün onları tanıyıram. Amma onlar da məni güclü rəqib bilib, mənə qalib gəlmək üçün həddən artıq məşq edib taktikalar quracaqlar. Ona görə də mən daha çox məşq edib, onların arzularını ürəklərində qoymalıyam.

 

- Pandemiya dövrü azarkeş sayına da təsiri edib. Azarkeşi az olan yarışda döyüşmək sizə necə təsir etdi?

 

- Mənim üçün fərqi yoxdur - az azarkeş, ya çox azarkeş olsun. Çünki mən döyüşərkən təkcə müəllimimi eşidirəm. Ona görə mənim üçün fərq etmədi.

 

- Qələbəni sürət, taktika, yoxsa müəllimi dinlədiyiniz üçün qazandınız?

 

- Qələbəm qızıl xal idi. 8:0 öndə olduğum halda 2-ci raunddan xalları itirməyə başladım. Heç özum də bilmədim ki, necə oldu. Hesab 15:15 oldu, rəqibim ispaniyalı idi. Hesab bərabər olduğundan raund bitdi və qızıl xala qaldıq. 3-cü raundda bir anlıq gözüm monitora sataşdı, hesabı 15:15 gördükdə, beynimdə “olimpiya əldən getdi” deyə düşündüm, bütün əziyyətləmizin hədər getdiyini, sanki həyatımın sonu olduğunu ağlımdan keçirdim və birdən özüm-özümə dedim ki, “mən nə edirəm?” Sanki yuxudan ayıldım. 3 raund bitdi, hesab 15:15 qaldı.

 

Əlavə 1 dəqiqə vaxt verildi, kim birinci vursa, qızıl xalı qazanacaq və qalib olacaqdı. Bu, çox riskli və həycanlı an idi.  Mən bu an heç nə eşitmirdim. 4-cü raund başladı və mən tatamiyə çıxdım. Bunun necə hiss olduğunu ancaq orada döyüşənlər bilər. Raund başladı və ilk zərbələri rəqib atdı, amma mən zərbələrdən arxaya çəkildim, onun zərbələri boşa çıxdı, o an gördum ki, rəqib qarşımda döyuş vəziyyətində dayanıb və qəfildən, sanki mənə güc gəldi… Var gücümlə, sağ ayağımla dolya çaqı zərbəsini endirdim və dərhal hesabıma 2 xal yazıldı. Belə cə mən qalib oldum. İnanın, sevincimindən… Bayraq çiynimdə dalğalanır, sevinc gözyaşları ilə ağlayırdım. Bir sözlə, qələbəni taktika üzərində qazandım.

 

- Olimpiya oyunlardan sonra məşqləri davam etdirəcəksiniz?

 

- Bu, mənim axrıncı ilim və yarışımdır, karyerama son qoyub fiziki məhdudiyyəti olan uşaqlara kömək edəcəyəm.

 

- Yaxın gələcəkdə məşqçi olmaq fikriniz varmı?

 

- Onu zaman göstərər. Əgər ehtiyac duyularsa, uşaqlarla işləyərəm.

Müəllif: Təranə Xudabaxşiyeva