Heyif ki, bu azərbaycanlını deport edə bilmirik – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

25.11.2019 - 10:18

Və ya Tulaya öz samovarınızla getməyin...

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək, imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Yay axşamları Bakının adamboğan bürküsündən yaxa qurtarmaq üçün tez-tez dənizkənarı bulvara çıxırdıq. Orada ya qulağında sırğa olan gədələri, ya da oteldən çıxanda “yupka”sını unutmuş yerli və əcnəbi xanımları, özünü hələ də Ərəbistandakı səhrada bilərək, qazonun üstündə bardaş quran ərəbləri görəndə, yəqin ki, bir çox şəhər sakini kimi, mənim də ürəyimdən bu sözlər keçirdi: “Görəsən, biz də bunların yerində belə etsək, necə qarşılayarlar?!”

 

Əslində biz haqlı idik. Çünki şəhərimizə gələn qonaqların özlərini bu şəhərin, bu ölkənin yazılan və ya yazılmayan ədəb və mental qaydalarına uyğun aparmalarını istəyirdik.

 

Amma mətbuatda ara-sıra bizimkilərin daimi və müvəqqəti yaşayış yerlərində özlərini necə aparmaları barədə məlumatlar oxuyanda, başa düşürəm ki, mən və mənim kimilər haqsızıq. Axı niyə haqsızıq?! Bunun çox sadə izahı var. Bunun adını maddələrin itməməsi qanunu qoyursuz, nə qoyursuz bilmirəm, amma insanın elədiyi necə bumeranq kimi özünə qayıdırsa, bir millət olaraq, xaricdə elədiklərimiz də bu gün bizim şəhərə geri qayıdır.

 

Bir zamanlar təzə populyarlaşan İbrahim Tatlısəs Almaniyaya konsert vermək üçün gedir. Və orada, əsasən kasıb türk fəhlələrini, dağdan- dərədən, qoyundan-quzudan oxumaqla Vətən üçün kövrəldən sənətkar, hər zaman öz köklərinə bağlı olmasını nümayiş etdirməyi sevdiyi üçün, Berlində bunun zibilinə düşür. Otelin sakinləri resepşına xəbər göndərirlər ki, bəs qoymayın, yanğınsöndürən çağırın, yanırıq.

Yoldaş Mircəfər