Bir milyon insanın haqqı niyə bərpa olunmur? – HAQLI TƏLƏB

Cəmiyyət

15.04.2024 - 17:44

Deputat: “Problemə biryolluq yekun vurulmalı və vətəndaşın xeyirinə həllini tapmalıdır”

Hüquqşünas: “Vətəndaşların probleminin həlli istiqamətində tarixi qərar verilməlidir”

İqtisadçı: “Problemi həll etməyin müxanizmi var və mən bu yöndə dəstək verməyə hazıram”

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən pay almaq hüququnu reallaşdırmaq istəyən 1 milyona yaxın vətəndaş öz haqqını tələb edir. Söhbət özəlləşdirmə çeklərinin dövriyyə müddətinin əsassız şəkildə dayandırılmasından dolayı haqları pozulmuş insanlardan gedir. Problemlə bağlı ötən il Konstitusiya Məhkəməsinə (KM) müraciətlər edilib, lakin ilin sonunda KM məsələyə baxmaqdan imtina qərardadı çıxarıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Administrasiyası tərəfindən KM-ə rəsmi məktub daxil olub və qeydiyyata alınıb.

Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, ölkə ziyalıları özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməli olduğunu, problemin tez və ədalətli şəkildə həll edilməsinin vacibliyini bəyan edirlər.

Milli Məclisin üzvü Tahir Kərimli mövzu ilə bağlı AYNA-ya deyib ki, əllərdə qalan özəlləşdirmə çeklərindən istifadəyə imkan verən mexanizm hazırlanmalı, yaxud qanun qəbul edilməlidir: “Bu məsələ barədə mənə də dəfələrlə müraciətlər edilib, vətəndaşlar hüquqlarının bərpa olunmasını istəyirlər. Mən də Milli Məclisin iclaslarında zaman-zaman bu problemi hökumət qarşısında qaldırmışam. Mətbuata müsahibələrimdə demişəm ki, bu problem biryolluq həllini tapmalıdır”.

“Çek sahibi olan vətəndaşların haqları, mülkiyyət hüquqları pozulub. Çünki özəlləşdirmə paylarının tədavül müddətinin bitməsinin özü doğru deyil. Birincisi, o vauçerlərin üzərində etibarlılıq müddəti göstərilməyib. İkincisi, dövlətin qiymətli kağızını dəyərsiz etməyin anlamı nədir? Düşünürəm ki, vauçerlərin tədavül müddəti yenidən artırılmalıdır, problem vətəndaşın xeyirinə həllini tapmalıdır. Ona görə vətəndaşın xeyirinə deyirəm ki, tədavüldən çekləri çıxarmaq yanlışdır”, - deyə deputat bildirib.

Kərimli söyləyib ki, özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması əlində çeki qalan vətəndaşların pozulan mülkiyyət hüququnun bərpasını təmin edəcək: “Təbii ki, zamanında qiymətli kağızlardan səmərəli istifadə edənlər oldu, “qara bazar”dan ucuz qiymətə çek alanlar bununla müəyyən obyektləri, zavodları özəlləşdirə bildilər. Amma çeklərini qoruyub saxlayanlar, indi isə əlində heç bir işə yaramayan çeklərlə ortada qalan vətəndaşlar istəyirdilər ki, gələcəkdə daha yaxşı faydalana bilsinlər. Ümid edirdilər ki, bir neçə dəfə tədavülü artırılıbsa, bu dəfə də artırılacaq. Amma 2011-ci ildə tədavül müddəti artırılmadı. İndi tədavül müddəti artırılmalı, konkret tarix qoyulmalıdır. Ya da hansısa formada vətəndaşa dəyən ziyan ödənilməlidir. Yəni ki, məsələyə yenidən qayıtmaq vacibdir”.

Məsələ ilə bağlı AYNA-ya danışan “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas, keçmiş deputat Əliməmməd Nuriyev əmindir ki, problemi həll etmək mümkündür: “Özəlləşdirmə çeklərinin tədavülünün artırılması, yaxud da hansısa formada qiymətə mindirilməsi mümkündür. Özəlləşdirmə prosesində iştirak etməyən vətəndaşların bu prosesdə iştirakını təmin etmək vacibdir. Vauçerlərin tədavül müddəti bir neçə dəfə uzadılmışdı. Həmin vaxt vətəndaşlara şərait yaradılmışdı ki, əllərində olan qiymətli kağızlardan lazımi formada istifadə etsinlər. Amma təəssüf ki, bəzi vətəndaşlarımız bundan istifadə etməyiblər”.

“Məncə düşünürdülər ki, tədavül müddəti yenə artırılacaq. Amma bu, baş vermədi və artıq 13 ildir ki, çeklər tədavüldə deyil. Bəzi vətəndaşlar hesab edirdilər ki, vauçerlərin qiyməti bahalaşacaq. Demək istəyirəm ki, vətəndaşlar müxtəlif səbəblərdən qiymətli kağızlarından istifadə edə bilməyiblər”, - deyə həmsöhbətimiz vurğulayıb.

Onun sözlərinə görə, tədavül müddətinin yenidən artırılması, bu barədə hüquqi qiymət verilməsi, problemin aradan qaldırılması mümkündür: “Milli Məclisdə dəfələrlə məsələ qaldırılıb, Konstitusiya Məhkəməsində araşdırılma aparılıb. Məncə, əllərdə qalan çeklərin dəqiq sayı barədə məlumat olmalıdır. Vətəndaşların probleminin həlli istiqamətində tarixi qərar verilməlidir və vətəndaşlarımızın haqqı tanınmalıdır”.

“Əllərindəki qiymətli kağızları qiymətsiz vəziyyətə düşən vətəndaşlar tədavül müddəti ilə bağlı haqlıdırlar. Çünki orada vauçerlərin etibarlılıq müddəti göstərilməyib. Bu isə onu deməyə əsas verir ki, tədavüldən çıxarma doğru qərar deyildi. İndi əlində çekləri qalmış vətəndaşların bundan istifadə edə bilmələri üçün yeni şans yaradıla bilər. Bu gün ölkədə özəlləşdirmə prosesi davam edir. Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən əmlakların özəlləşdirilməsi ilə bağlı hərraclar təşkil edilir. O hərraclarda bu çeklərdən istifadə edilə bilinməsinə şərait yaratmaq olar”, - deyə Nuriyev vurğulayıb.

İqtisadiyyat üzrə elmlər doktoru, professor Elşad Məmmədov da AYNA-ya şərhində problemin aktuallığına toxunub: “1990-cı illərdə özəlləşdirmə sahəsində problemlər yaşandı. Bu, təkcə Azərbaycana aid məsələ deyil, bütövlükdə bölgədə, qonşu ölkələrdə də problemlər yarandı. Azərbaycanda da özəlləşdirmə ilə bağlı qərar verildi və çeklər dövriyyəyə buraxıldı. Amma o çeklərdən özəlləşdirmədə effektiv şəkildə istifadə edilməsinin şahidi olmadıq. İllər keçdi, çeklərdən istifadə prosesi yarı-yarımçıq edildi. 2011-ci ildə çeklərin tədavül müddəti bitdi və bu qiymətli kağızlar yararsız kağız parçasına çevrildi. İndi onun yenidən dövriyyəyə buraxılması, özəlləşdirmə prosesində istifadəsi mürəkkəbləşib. Lakin hesab edirəm ki, bu problemi həll etməyin müxanizmi var”.

Mütəxəssis xatırladıb ki, əllərdə qalan vauçerlərin qiymətli kağızlar olduğunu unutmamaq lazımdır: “Həm də dövlət tərəfindən tanınan qiymətli kağızlardır. Emissiya prosesində çeklərdən istifadə edilməlidir. Emissiya mütərəqqi sistemlərdə belə baş verir: hansısa qiymətli kağızların alınmasına dövlət pul ayırır və bunun hesabına iqtisadiyyata pul kanalları cəlb edir. Düşünürəm ki, məhz bu qiymətli kağızlardan belə formada istifadə edə bilərik. Müvafiq proqram hazırlanmalı, qiymətli kağızlar investisiya axınlarına cəlb edilməlidir. Proqram hazırlanmalıdır ki, iqtisadiyyata, real sektora investisiyalar gəlsin və o qiymətli kağızlar emissiyanın istiqaməti olsun. Çünki emissiya məqsədli olmalıdır, pulu iqtisadiyyata elə-belə atmaq olmaz”.

“Mütərəqqi iqtisadi sistemin əsas mexanizmlərindən biri odur ki, o emissiya iqtisadiyyata yönləndirilsin, real sektora getsin. Bu baxımdan, çeklərin effektiv şəkildə dövriyyəyə qayıtması olduqca müsbət nəticə verə bilər. Hesab edirəm ki, əllərdə qalan çeklərin tədavülə qayıtması vacib amillərdəndir. Lazım olarsa, mən bu sistemin formalaşdırılması, hazırlanması və tətbiqində iştirak etməyə, dəstək verməyə hazıram”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Məmmədov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəki əmlakın özəlləşdirilməsində də vauçerlərdən istifadə oluna bilər: “Əgər biz çeklərin effektiv dövriyyəsini təmin edə bilsək, sözsüz ki, azad ərazilərdəki əmlakın özəlləşdirilməsində effektiv istifadə mümkündür. Hesablamalara görə, azad edilmiş ərazilərdə on milyardlarla manatlıq investisiya portfelinə ehtiyacımız var. Sözsüz ki, xarici investisiyalar bizə lazım olacaq. Amma daxili investisiya resurslarını da unutmamaq lazımdır. Burada özəlləşdirmə çeklərinə, qiymətli kağızlara ehtiyacımız olacaq”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Diqqətə çatdırmaq lazımdır ki, Prezident İlham Əliyevin tapşırığı ilə özəlləşdirmə çekləri ilə bağlı hüquqi problemlərin aradan qaldırılması və bəzi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun araşdırılması məqsədilə Prezident Adminstrasiyası tərəfindən Konstitusiya Məhkəməsinə məktub daxil olub və qeydiyyata alınıb. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir ki, həm vətəndaşlar, həm deputatlar, həm də Baş nazirin göstərişi ilə Ədliyyə Nazirliyi, Prezident Administrasiyası, eləcə də şəxsən ölkə Prezidenti birbaşa özəlləşdirmə çekləri və bundan dolayı yaranmış kütləvi hüquqi problemlə bağlı Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb. Amma 11 aydır ki, Konstitusiya Məhkəməsində aparılan araşdırmanın nəticəsi yoxdur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray