“Bəziləri hesab edirlər ki, KTMT Qarabağ münaqişəsinə müdaxilə etməyəcək, lakin...”

Aktual

14.09.2022 - 14:37

Rauf Mirqədirov: “Rusiya bölgədə vəziyyəti nəzarətdə saxlamaq, tək monopolist rolunu üstlənmək istəyir və bu cür münaqişələr, toqquşmalar vasitəsilə buna nail olur”

“Nəzərə almaq lazımdır ki, Ermənistan-Azərbaycan sərhədində növbəti eskalasiya Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonra baş verib. Bu görüşdə çox mühüm qərar qəbul edildi ki, onun nəticəsi olaraq, xarici işlər nazirləri bir ay ərzində görüşməli və sülh müqaviləsinin mətnini razılaşdırmalı, iki aydan sonra isə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistamn liderlərinin yeni görüşü keçirilməli idi”.

Bu fikirləri AYNA-ya açıqlamasında tanınmış politoloq Rauf Mirqədirov səsləndirib. Onun sözlərinə görə, bu, ən azı Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması baxımından çox mühüm qərar idi: “Əlbəttə, bunun Qarabağda yaşayan ermənilərə və Qarabağ separatçılarına o qədər də təsiri olmazdı, lakin istənilən halda bu, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində ciddi addım olardı. Ən azından, sülh müqaviləsi imzalanarkən ölkələr bir-birinin ərazi bütövlüyünü tanıyacaq, qarşılıqlı ərazi iddialarının olmamasını, diplomatik və iqtisadi əlaqələr quracağını və s. boynuna götürəcəkdi. Bundan başqa, sülh müqaviləsinin imzalanması Qarabağ münaqişəsini dövlətlərarası münasibətlər müstəvisindən çıxarmaq və Azərbaycanın daxili məsələsinə çevirmək demək olardı. Bu, çox vacib bir məqamdır. Düzdür, bu, münaqişəni tam həll etməyəcəkdi, amma bu istiqamətdə ciddi addım olardı”.

“Təbii ki, bu, Kremlin maraqlarına cavab vermirdi, çünki münaqişənin həlli Rusiyanın nəzarətindən çıxacaqdı. Bu zaman Ermənistan-Azərbaycan sərhədində atışmalar başladı və gördüyümüz kimi, eskalasiya başlayan kimi Ermənistan rəhbərliyi Moskvaya zəng vurmağa başladı, KTMT-yə üz tutdu. Birbaşa Rusiyaya müraciət etməyin ciddi səbəbi var”, - deyə həmsöhbətimiz bildirib.

Analitikin fikrincə, bir çox azərbaycanlı ekspertlər Rusiyanın və KTMT-nin münaqişəyə məhdud müdaxiləsindən danışır, bu hərbi bloka daxil olan ölkələrin Azərbaycana rəğbət bəslədiyini düşünürlər: “Hesab edirlər ki, bu amil Təşkilatın münaqişəyə müdaxiləsini mümkünsüz edir. Amma həmin ekspertlər nəzərə almırlar ki, Rusiya ilə Ermənistan arasında təcavüz halında hərbi yardım haqqında ikitərəfli saziş var. Yəni Rusiyanın münaqişəyə müdaxiləsi üçün kifayət qədər hüquqi baza var. Biz görürük ki, KTMT eskalasiyaya artıq reaksiya verib. 44 günlük müharibədən fərqli olaraq, Moskva indi Rusiya Prezidenti və Xarici İşlər Nazirliyi səviyyəsində hərbi eskalasiyaya operativ reaksiya verdi. Biz şahidi olduq ki, dövlətlərarası müstəvidə münaqişə sülh müqaviləsinin imzalanması prosesini ləngitmək və ya ən azı bu prosesin Brüssel yox, Moskva tərəfindən moderator olmasını təmin etmək üçün yenidən güclə alovlanıb”.

Mirqədirov eskalasiyanın ikinci səbəbinin olduğunu da qeyd edib: “Mən dəfələrlə qeyd etmişəm ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinə nəzarəti ələ keçirməyə çalışır. Moskva dəfələrlə bəyan edib ki, indiki mərhələdə demarkasiya və delimitasiya məsələləri vacibdir, lakin ilk növbədə sərhəddə təhlükəsizliyin təmin edilməsi mexanizmini həll etmək lazımdır - təbii ki, Rusiyanın iştirakı ilə. Yəni sərhəddə Rusiya əsgərləri yerləşdirilir ki, onlar Qarabağdakı sülhməramlı kontingentlə birlikdə Kremlin regionda təsirini artırırlar. Digər tərəfdən, bu, o deməkdir ki, Rusiya bu regionda planlaşdırılan kommunikasiyalara tam nəzarət edəcək. Bu, Moskva üçün çox vacibdir. KTMT-nin operativ reaksiyası və təşkilatın qərargahının eskalasiyanın azaldılması üçün tədbirlərin görülməsi ilə bağlı göstərişi bundan xəbər verir”.

Ekspert hesab edir ki, rusiyayönlü qüvvələr, o cümlədən rusiyayönlü azərbaycanlı ekspertlər baş verənlərə görə Qərbi günahlandırmağa çalışırlar: “Onlar iddia edirlər ki, Qərb Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istədiyi üçün vəziyyəti gərginləşdirməkdə maraqlıdır. Mən bilmirəm, Azərbaycanla Ermənistan arasındakı münaqişə Rusiyaya qarşı necə ikinci cəbhə aça bilər. Ən azından, nə Azərbaycan, nə də Ermənistan Rusiya ilə döyüşmək fikrində və gücündədir. Bu, birinci faktor. İkincisi, müəyyən regionda hərbi münaqişədə yalnız qarşıdurmanın gedişinə güc yolu ilə təsir edə bilən xarici qüvvələr maraqlı ola bilər. Məlum olduğu kimi, Qərbin belə bir niyyəti yoxdur və güc yolu ilə münaqişənin gedişinə operativ təsir göstərə bilməz. Bu işdə aktiv rol oynaya biləcək yeganə ölkə Rusiyadır. Və gördüyümüz kimi, indi müxtəlif kanallar - Xarici İşlər Nazirliyi, KTMT və Müdafiə Nazirliyi vasitəsilə vəziyyətin inkişafına təsir göstərməyə çalışır. Xüsusilə qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putin vəziyyətin həllində şəxsən iştirak edir. Yəni istənilən vəziyyətdə suala cavab vermək lazımdır: Bu münaqişədən kim xeyir götürür? Rusiya vəziyyəti nəzarətdə saxlamalıdır, o, tək və monopolist nəzarət istəyir və bu cür münaqişələr, toqquşmalar vasitəsilə buna nail olur. Və eyni zamanda, o, hərbi eskalasiyadan dərhal sonra münaqişənin həllində moderator rolunu təyin edir”.

“Daha bir məqama diqqət yetirməliyik. Bu günlərdə Qarabağda rusiyalı milyarder Ruben Vardanyan peyda olub. Hamıya məlumdur ki, o, erməni xalqı üçün “Xilaskar Məsih” roluna can atır. Aydındır ki, Rusiya biznes nümayəndələrinin heç birinə Kremlin siyasətindən kənara çıxmağa imkan vermədiyi bir şəraitdə, heç bir rusiyalı milyarderin, o cümlədən erməni əsilli milyarderin istədiyi kimi addım atması mümkün deyil. Yəni, Vardanyan Kremlin Qarabağa göndərdiyi desant qüvvəsidir. Bunun nə üçün edildiyi ayrıca müzakirə mövzusudur, lakin prinsipcə Ermənistanda hakimiyyət dəyişikliyinə ehtiyac yaranarsa, Vardanyanın Paşinyana mümkün alternativ olduğunu güman etmək olar. Yerli rəqibləri Serj Sarkisyan və Robert Köçəryandan fərqli olaraq, Vardanyan bu şəxslərin prezidentliyi dövründə Ermənistanda baş verənlərə görə məsuliyyət daşımır. Yəni, Vardanyan da öz vaxtında Bidzina İvanişvili kimi xalqını, ölkəsini “faciədən xilas etməyə” gəlir”, - deyə politoloq vurğulayıb.

Müsahibimizin sözlərinə görə, bütün istiqamətlərdə Rusiyanın regionda aktivləşməsi müşahidə olunur: “Ona görə də Qərbin bu gərginləşmədə nədənsə əli olduğunu və maraqlı olduğunu güman etmək mümkün deyil. Sadəcə olaraq ona görə ki, Paşinyan Rusiyanın maraqlarına zidd addımlar atmaq iqtidarında deyil. Yəni, açığı, Paşinyan açıq şəkildə Qərbin marağına oynaya bilməz. O, başa düşür ki, bu halda onun ciddi cəzalandırılması mümkündür. Ona görə də sadəcə olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəsinin Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu daim bəyan etməsi qalır. Və bu halda sərhəddə vəziyyətin gərginləşməsi tərəfləri sülh müqaviləsi imzalamaqdan uzaqlaşdırır. Bu, o deməkdir ki, Azərbaycan da, belə bir sifariş varsa, onu yerinə yetirməkdə maraqlı deyil. Azərbaycan asılı Ermənistandan fərqli olaraq daha geniş manevr meydanına malikdir. Azərbaycan Qərbin onun üçün qəbuledilməz olan sifarişlərini yerinə yetirməkdən imtina edə bilər. Üstəlik, indiki halda Qərbin Azərbaycanla yaxşı münasibətlərə ehtiyacı var”.

“Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi Yunanıstan-Türkiyə münasibətlərindəki gərginliklə əlaqələndirməyə dəyməz. Son illər praktiki olaraq bu münasibətləri normal adlandırmaq olmaz. Onlar dialoq rejimində inkişaf etməyib. Davamlı olaraq qarşılıqlı hərbi təhdidlər və iddialar səslənirdi. Təbii ki, əksər Avropa ölkələrinin simpatiyası bir neçə səbəbdən Yunanıstanın tərəfindədir. Bu məsələnin tarixi tərəfi də var, həm də müasir Türkiyənin xarici siyasətinin Qərbə o qədər də uyğun gəlməməsi məsələsi. Vəziyyətin gərginləşməsinin üçüncü səbəbi də var ki, bu da Türkiyənin daxili siyasi vəziyyəti ilə bağlıdır. Ərdoğan seçkilərə hazırlaşır, lakin o, kifayət qədər çətin vəziyyətə düşüb. Türkiyənin çox ağır sosial-iqtisadi vəziyyəti var, ölkədə inflyasiya yüksəkdir, qiymətlər qalxır, milli valyuta devalvasiyaya uğrayır. Belə bir şəraitdə sosial-iqtisadi sahədə hər hansı kəskin dəyişikliyə nail olmaq demək olar ki, mümkün olmadığından Ərdoğan aktiv, bəzən müəyyən istiqamətlərdə aqressiv xarici siyasət yürütməli olur. Məsələn, Suriyada. O, Yunanıstana münasibətdə qismən haqlı aqressiv xarici siyasət aparır”, - deyə Mirqədirov fikrini yekunlaşdırıb.

Müəllif: Asif Aydınlı