“Beş saniyəyə mənzil sahibi olun” yarışı qayıdır – Ənənəvi problemlər də kürəyində

Cəmiyyət

23.06.2023 - 14:23

Güzəştli mənzillərin satışı ilə bağlı eyni ssenari baş verəcəksə, camaatı bu qədər intizarda saxlamaq kimə və niyə lazımdır?

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni satış vaxtını elan etsə də, köhnə problemlər qalmaqdadır. Güzəştli mənzil tikintisi ilə bağlı bütün bu hekayənin mahiyyəti - əhalinin sosial təbəqələrini dəstəkləmək niyyəti elektron auksionların “qəribə” proseduru ilə puça çıxır.

İdarənin mətbuat xidməti gözlənildiyi kimi Yasamal rayonu, Hövsan qəsəbəsi və Gəncədə güzəştli mənzillərin elektron satışına başlanılması ilə bağlı məlumat yayıb. Bu dəfə rezonans doğuran yarmarkaya buraxılan vətəndaşlarımız Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yol 6 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksində 436 mənzilin riskli elektron yarışında kompüter bacarıqlarını sınayacaqlar.

Bundan əlavə, Hövsan Yaşayış Kompleksində (Suraxanı rayonu, Hövsan qəsəbəsi, Aeroport-Zığ avtomobil yolunun 8-ci km-i) 510 mənzil hərraca çıxarılıb. 243 yaşayış sahəsi isə Gəncənin Azərbaycan bayrağı küçəsi boyunca yaşayış kompleksində yerləşir. Ümumilikdə - 1189 mənzil. Satışlar 29 iyul 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 11 avqust saat 11:00-a qədər davam edəcək.

Ancaq yalnız mənzillərin sayı və elektron yarışın yeni mərhələsi təzə xəbər oldu, köhnə problemlərin həll olunub-olunmaması isə ayrı müzakirə mövzusudur. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün dediyinə görə, MİDA güzəştli mənzil almaq üçün müraciət edənlərin seçiminin şəffaflığı və ədalətliliyi ilə bağlı ictimaiyyət üçün əhəmiyyətli məlumat dərc etməyib.

“Ancaq cəmiyyət əsas vəzifələrin həllini və əsas suallara cavabları gözləyirdi. Bizə maraqlıdır ki, MİDA ötən müddət ərzində güzəştli mənzillərin informasiya sistemində hansı yeniliklərə imza atıb və tender proseduruna süni, robot seçim və qanunsuz müdaxilələrin qarşısının alınması istiqamətində addımlar atılıbmı? Bundan əlavə, hamımız bu suala cavab gözləyirdik: elektron sistemin dayanıqlılıq və təhlükəsizlik dərəcəsini müəyyən etmək üçün auditlər aparılıbmı, bu məsələ ilə bağlı mötəbər təşkilatlardan rəy varmı? Nəhayət, onlayn satışlar sosial media və TV-də canlı yayımlanacaqmı? İctimai nəzarət imkanları olacaqmı? Yadımdadır, keçən dəfə canlı yayım təşkil etmişdik və MİDA bütün bunlardan kənarda dayanmışdı”, - deyə ekspert bildirib.

Nəzəri olaraq onlayn satışlar korrupsiyanın aşağı səviyyədə olduğu şəffaf sistemdir. Amma hərracda qalib gəlmək ərizəçilərin elektron bacarıqlarından asılı olduğu halda yanaşmanın ədalətsizliyi barədə çox danışılıb. O zaman sual olunur: güzəştli mənzillərin satışı ilə bağlı hər hansı alternativ təkliflər hazırlanıbmı?

Bir sözlə, çoxlu suallar yaranır - onlar həm də ticarət zamanı sistemin təkrar çökməsi, qeyri-şəffaflıq və digər sensasiyalı saxtakarlıqlarla bağlıdır. Məsələn, ötən ilin martında MİDA-nın Yasamal Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı növbəti elektron hərracının ətrafında qalmaqal yarandı. Orada fantastik dərəcədə qısa müddətdə - 4-5 saniyə ərzində 500 mənzil satıldı və sonra elektron sistem hərracın başa çatması barədə alıcılara xəbər verdi.

Ruhdan düşmüş vətəndaşlar bunun sırf texniki baxımdan necə mümkün olduğunu başa düşmədilər. Sosial şəbəkələrdə belə söz-söhbətlər gəzirdi ki, digər təşəbbüskar vətəndaşlar və maklerlər müxtəlif İT mütəxəssislərinə 3-7 min manat ödəyir və botların köməyi ilə avtomatik olaraq bu mənzilləri alırlar. Sonra həmin mənzilləri maklerlər 15-20 min manat bahasına satırlar. Və əgər bu, həqiqətən baş verirsə, niyə sistem botlardan qorunmur? Və hər halda, bütün baş verənlər kimlər üçün maraqlıdır?

Güzəştli mənzillərin biznesə çevrilməsi ilə bağlı çox danışılıb. Bəzən mənzillərin satışı elanlarında həmin güzəştli mənzillər olur. Bu mənzillərin bəziləri kirayə verilir...

Müəllif: Emma Rzayeva