Üç ssenari və diqqətlər üçüncüyə: neft daşımalarında fasilələrə səbəb olacaq eskalasiya baş verərsə...
İsrailin İrana zərbələri nəticəsində neft qiymətləri 14% bahalaşıb. Bu təəccüblü deyil, çünki ənənəvi olaraq neftin qiymətləri əsas planetar neft mərkəzinə - Fars körfəzinə təsir edən hər hansı hərbi əməliyyatların başlanmasından dərhal sonra kəskin şəkildə yüksəlir. Xüsusilə də söhbət İran-İsrail qarşıdurmasından gedirsə.
İranın neft infrastrukturunun hücum hədəfinə çevrilməməsi şərti ilə İsrailin İrana zərbələrindən sonra neft qiymətlərində hansı tendensiyalar baş verə bilər:
1.Riskə reaksiya olaraq qısamüddətli (2-3 həftə) qiymət artımı. İran dünya neftinin 1/5-nin keçdiyi Hörmüz boğazına nəzarət edir. Təchizat faktiki olaraq pozulmasa belə, spekulyasiya və risk qiymətləri artırır ki, bu da artıq müşahidə olunmaqdadır.
2020-ci ildə ABŞ iranlı general Qasım Süleymanini öldürdükdən sonra “Brent” markalı neftin qiyməti ertəsi gün 4%-dən çox artmışdı. İndi təxminən 14% artım var. Neft bazarının ənənəvi bank möhtəkirlərindən biri olan J.P.Morgan qiymət artımı spiralını fırladır və bir barel üçün 120 dollar proqnozlaşdırır.
2.Qeyri-müəyyənlik şəraitində, yəni hərbi əməliyyatların digər Körfəz ölkələrinin iştirakı ilə regionda eskalasiyaya gətirib çıxara biləcəyi, üçüncü ölkələrin neft infrastrukturuna blokadaya və ya cavab zərbələri endirməsinə gətirib çıxara bilməsi təhlükəsi var. Bu, qiymətlərə təsir edəcək, amma... Məsələn, 2019-cu ilin sentyabrında olduğu kimi. Həmin vaxt husilər İranın qanadlı raketləri və dronları ilə bir neçə saat ərzində Səudiyyə Ərəbistanının neft ixrac imkanlarının 50%-ni məhv etdi, neftin isə 5%-ni qlobal bazardan çıxardı. Bununla da 20% qiymət sıçrayışı baş verdi və bir-iki həftə sonra qiymət sabitləşdi... Ona görə də İsrailin zərbələri məhdud olsa, deeskalasiya bundan sonra baş verəcək, bir neçə həftə ərzində qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq.
3.Körfəzdə neft daşımalarında fasilələrə səbəb olacaq eskalasiya baş verərsə, o zaman qiymətlər yüksək olaraq qala və ya daha da arta bilər. Burada çox şey OPEC+ ölkələrinin reaksiyasından, ABŞ, Çin və Avropa İttifaqının strateji ehtiyatlarının dolğunluğundan asılı olacaq.
Əslində İsrailin zərbələri İranın nüvə və raket proqramlarının tam məğlubiyyətinə gətirib çıxarmayacaq. Sadəcə bu çalışmaları yenidən yavaşladacaq və ya bir müddət ləngidəcək. Amma başqa heç nə olmayacaq. Yerüstü “təmizləmə” əməliyyatı olmadan, İran keçmişdə olduğu kimi, fəaliyyəti bərpa edəcək.
Müəllif: Mixail Qonçar – Ukrayna “Strategiya XXI” Qlobalistika Mərkəzinin prezidenti.
Mənbə: UNİAN
Tərcümə AYNA.AZ-a məxsusdur.