Bakıda qadağan olunmuş ərazilərlə bağlı çox maraqlı faktlar

Cəmiyyət

26.07.2019 - 15:36

“Deyəsən bütün sürücüləri yarışlar bitəndən sonra birdəfəlik cərimələyəcəklər”

 

Bakıda 20-28 iyul aralığında Avropa Olimpiya Gənclər Festivalı keçirilir. Buna görə də paytaxtın Ziya Bünyadov, Qara Qarayev, Neftçilər, Atatürk, H.Ələsgərova, Azadlıq, Z.Əliyeva, Tbilisi, Moskva, Üzeyir Hacıbəyov, İsmaylov küçələrindəki avtomobil zolaqlarından biri sarı rənglə boyadılıb və 21-28 iyul tarixlərində həmin zolağa daxil olmaq qadağan edilib.

 

Dövlət Yol Polisi (DYP) sürücülərə, həmin tarixlərdə sarı xəttə daxil olarlarsa, 40 manat məbləğində cərimə olunacaqları barədə xəbərdarlıq edib. Müşahidələrimiz onu deməyə əsas verir ki, sürücülər sarı xətdən “qaçmağa” çalışsalar da, qadağan olunan əraziyə daxil olan (bilərəkdən, yaxud bilməyərəkdən) olanlar da var.

 

AYNA-nın əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında sarı xətti keçib-keçməmələri, buna müvafiq olaraq cərimə olunub-olunmamaları barədə sorğu köçürüb. Maraqlı cavabları təqdim edirik:

 

Bəkir Osmanov: “Mən hər gün sarı xəttə daxil oluram. Amma heç bir cərimə gəlməyib”.

 

Nigar Əliyeva: “Mənim sürücüm hər gün sarı xətlə gedir, nə polis saxlayır, nə də cərimə gəlir”.

 

Fərqanə Mehmanqızı: “Mən də hər gün sarı xətlə hərəkət edirəm. Neçə gündə bir dənə də olsun cərimə gəlməyib”.

 

Bəhruz Məmmədov: “Dünən taksiyə minmişdim. Taksi sürücüsü ilə sarı xətt haqqında söhbət edirdik. Sürücü dedi ki, onun qonşusuna cərimə gəlib. Ayrı-ayrı yerlərdə sarı xəttə daxil olduğu üçün, ümumilikdə 8 cərimə birdən gəlib. Hələlik cərimələr göndərilmir. Yarış bitəndən sonra hamıya cərimələr gələcək”.

 

Aydın Tağıyev: “Mən dünən bilmədən sarı xətlə avtomobili idarə etdim. Hələ ki, heç bir cərimə gəlməyib”.

 

Elmir Muradov: “İki gün bundan əvvəl mən səhvən sarı xəttə daxil oldum. Özü də tərslikdən düz kameranın qarşısında Neçə dəfə “Asanpay”-dən yoxlamışam, hələlik cərimə gəlməyib”.

 

Məğrur Salmanov: “Mənə cərimə yazılıb. Rayondan Bakıya gəlirdim. Sarı xətdən xəbərim yox idi, ona görə cərimə yazıldı”.

 

Rüstəm Hacıyev: “Kobud səkildə hərəkətə mane olmamaq şərti ilə sarı zolaqdan istifadə zamanı faktiki olaraq problem olmur”.

 

Cavanşir Həsənli: “Monitorun qarşısında oturan qardaşların əhvalından çox şey asılıdır. İstəyəcəklər, cərimə yazacaqlar, istəməyəcəklər, yazmayacaqlar”.

 

Zülfüqar Süleymanov: “Sayını bilmədiyim qədər beynəlxalq yarışlarda iştirak etmişəm. Heç bir ölkədə yarış iştirakçıları üçün sarı xətt ayrılmayıb. Bütün dünya gərək Azərbaycan standartlarına uyğunlaşdırsın, bu mövzuda dünya Azərbaycandan “çox geridə” qalır”.

 

Elcan Rəsulov: “Mən yalnız sarı xətlə sürürəm. Cərimə də gəlmir. Hələ dünən sarı xətlə gedən avtobusdan və DYP əməkdaşlarından yol da istədim”.

 

İlkin Mustafayev: “Dünən Dərnəgüldən üzü 20 yanvar istiqamətində və Əhməd Rəcəbli ilə kəsişmədən sonra YPX inspektoru avtomobillərə sarı zolağa keçərək hərəkət etmələri üçün işarə verirdi”.

 

Şahin İsmayilov: “Şəhərin yarısı sarı xətlə hərəkət edir. Cərimə barədə isə heç bir xəbər yoxdur. Deyəsən bütün sürücüləri yarışlar bitəndən sonra birdəfəlik cərimələyəcəklər”.

Müəllif: Təranə Xudabaxşiyeva