Barışa doğru növbəti addım və ya İrəvan üzərində növbəti diplomatik qələbə

Siyasət

02.09.2022 - 18:08

Deputat: "Brüsseldə Azərbaycan lideri Ermənistanı sülh sazişi üzrə işçi qrupun yaradılması barədə öhdəlik götürməyə məcbur etdi”

Politoloq: "Mişelin dilindən bir dəfə də olsun “Dağlıq Qarabağ”, “status” və “ATƏT-in Minsk Qrupu” ifadələri səslənmədi"

Avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurası rəhbərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Aİ Şurası prezidenti Şarl Mişelin sayca dördüncü üçtərəfli görüşü keçirilib. Danışıqlarda sülh sazişi, humanitar məsələlər, sərhədlərin delimitasiya-demarkasiyası və kommunikasiyaların açılmasına dair məsələlərin nəzərdən keçirildiyi bildirilib.

"Sevindirici haldır ki, son görüşümüz zamanı əldə olunmuş razılaşmaların irəliləyişi istiqamətində bir çox addımlar atılıb", Mişel mətbuat üçün bəyanatında deyib. Bəyanata əsasən, görüşdə məsələlərin bütün spektri nəzərdən keçirilib: "Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh sazişinin təşviqi üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik və xarici işlər nazirlərinə mətnlərin layihələrini hazırlamaq üçün bir ay ərzində görüşməyi tapşırdıq".

Mişelin yaydığı bəyanatda qeyd edilib ki, tərəflər həmçinin humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, saxlanılan şəxslər və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirələr aparıb.

Açıqlamada deyilir ki, sərhədlərlə bağlı bütün məsələlər üzrə irəliləyiş nəzərdən keçirilib və noyabrda sərhəd komissiyalarının iclasının keçirilməsi barədə razılıq əldə olunub.

Aİ Şurasının prezidenti eyni zamanda, hər iki tərəfdə əhalini uzunmüddətli davamlı sülhə hazırlamağın vacibliyini vurğulayıb: "Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır".

Mişel onu da qeyd edib ki, tərəflər noyabrın sonuna qədər bu formatda yenidən görüşmək barədə razılığa gəlib.

Brüssel görüşü Azərbaycan siyasi mühitində rəsmi Bakının növbəti uğuru kimi qiymətləndirilir. Erməni siyasilər isə Paşinyanın növbəti diplomatik məğlubiyyəti, rəsmi İrəvanın isə növbəti kapitulyasiyası kimi dəyərləndirilir. Liderlərin görüşü ilə bağlı Mişelin bəyanatında isə hansısa ciddi yeniliyin olmadığı, əvvəlki görüşlərdə əldə olunan razılaşmaların təsdiqləndiyi əksini tapır. 

Brüssel görüşü ilə bağlı fikirlərini AYNA ilə bölüşən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, bir məsələni nəzərə almaq lazımdır: Ermənistan açıq şəkildə etiraf etməsə də əvvəlki üç görüş üzrə razılaşmaların icrasında bu günədək maraqlı olmayıb: "Ona görə Azərbaycanın növbəti diplomatik uğuru adlandırılır ki, bu görüşdə əldə olunan razılaşmalar ilk baxışdan prosesin Azərbaycanın iradəsinə və maraqlarına uyğun formada cərəyan etdiyini göstərir. Hesab edirəm ki, cənab Mişelin görüşün yekunlarına dair bəyanatına konseptual yanaşmalıyıq. Görüş həm pozitiv formada öhdəliklərin müəyyən olunması, həm də neqativ formatda, müəyyən məsələlərə, ümumiyyətlə, toxunulmamaqla, hər iki halda Azərbaycanın milli mənafelərini əhatələyib". 

"İlk olaraq, Brüsseldə İrəvanın sülh müqaviləsinin mətni üzərində iş aparmaq üçün işçi qrupun formalaşdırılması barədə rəsmən razılıq verməsi proseslərin gedişatında 2 ildir ki, heç bir irəliləyişin nail olunmadığı mühüm bir səddin keçilməsi anlamına gəlir. Beləliklə, davamlı olaraq sülh razılaşmasına dair qəti addımlardan yayınan, bəzi hallarda hətta sabotajla məşğul olan Ermənistan nəhayət bu istiqamətdə ilkin razılığını ifadə etməyə məcbur oldu və yaxın bir ay ərzində xarici işlər nazirlərinin sülh razılaşmasının mətni üzərində iş aparılması barədə öhdəlik götürdü. Bu, o deməkdir ki, Prezident İlham Əliyev Vətən müharibəsində, Fərrux və "Qisas" əməliyyatlarında hərbi məcburetmə tədbirləri ilə Ermənistanı məlum gedişata məcbur etdiyi kimi, Brüsseldə də Azərbaycan lideri Ermənistanı sülh sazişi üzrə işçi qrupun yaradılması barədə öhdəlik götürməyə məcbur etdi”, - deyə deputat söyləyib.

Millət vəkilinin qənaətincə, Brüssel görüşü və Mişelin açıqlamasında diqqət çəkən digər vacib məqam müzakirələrdə Qarabağ mövzusunun gündəmə gəlməməsidir: "Qarabağın müzakirə mövzusu olmaması Bakının mühüm qələbəsidir. Eyni zamanda, Brüsseldə  ümumiyyətlə, ATƏT-in Minsk Qrupu institutunun adının çəkilməməsi, bununla da həmsədrlər institutuna, hətta mümkün perspektivdə belə şans verilməməsi ömrünü başa vurmuş bu təsisatın dirçəldilməsi istiqamətində uğursuz səylərə də tutarlı və praktik cavab oldu. Bu, eyni zamanda, Ermənistanın özünü mühüm bir alətdən də məhrum etməklə sülh prosesində ləngitmə, yayınma kimi İrəvan üçün xarakterik davranışlara imkan verilməməsində əhəmiyyətli rol oynayacaq".

Politoloq Xəyal Bəşirov isə AYNA-ya bildirib ki, erməni Baş nazir dördüncü Brüssel görüşünə böyük ümidlə yanaşırdı: "Ancaq sonrakı hadisələr onun bu ümidlərini də, üz mimikalarından da göründüyü kimi daşa vurmuş oldu. Məhz bu səbəbdəndir ki, hər Brüssel görüşü öncəsi forpostu olduğu Moskvaya çağırışlar və yalvarışlar etməkdə davam edir. Son Brüssel görüşü öncəsi də eyni ənənəni nümayiş etdirən kapitulyant Baş nazir düz üç dəfə - 8 avqust, 24 avqust və 29 avqust tarixlərində Rusiya Prezidenti Vladimir Putinə zəng vurub. Bununla yanaşı, bu il mayın 22-də keçirilən son Brüssel görüşündə avqust ayına planlaşdırılan növbəti görüşü avqustun son gününə qədər uzatsa da, Moskva və ya Soçi görüşlərinə nail ola bilmədi. Buna görə də bütün görüşboyu pərtliyi, həvəssizliyi və ümidsizliyi üz cizgilərindən açıq şəkildə sezilirdi".

"Onu da nəzərə almaq lazımdır ki, Mişelin dilindən bir dəfə də olsun “Dağlıq Qarabağ”, “status” və “ATƏT-in Minsk Qrupu” ifadələri səslənmədi. Bu, Paşinyanı pərt edən daha bir detaldır. Əksinə, Azərbaycan tərəfinin ortaya qoyduğu yeni reallıqlar və gerçəkliklərin əks olunduğu sülhün əldə edilməsi Aİ tərəfindən açıq şəkildə dəstəkləməkdədir. Artıq Laçın dəhlizinin də daxil olduğu bütün sərhədboyu ərazilərində mövqe tutan qalib və haqlı Azərbaycanla sərhədlərini müəyyənləşdirmək üçün son şansların olduğu bir daha kapitulyant Baş nazirin diqqətinə çatdırıldı", - analitik söyləyib. 

Müəllif: Anar Bayramoğlu