“Balkan cəhənnəmi” kimlərə sərf edir – Eyni ssenari, eyni ssenarist

Dünya

02.08.2022 - 14:05

Xristianları müsəlmanların yaşadıqları ərazilərə yerləşdirmək potensial partlayış ocağı hazırlamaq idi

Ukrayna Prezidenti Volodimir Zelenskinin iyulun əvvəlində Xersonu azad etmək üçün cəbhənin cənub istiqamətində hücuma keçmək əmri və geniş vüsət alan Ukrayna ordusunun uğurlu əks-hücum əməliyyatı Rusiyanı nəinki Ukraynanın şimal-şərqindən cənuba doğru irəliləyən Ukrayna qoşunlarına qarşı qabaqlayıcı zərbəyə hazırlaşmağa, həm də Ukraynanın əsas silah tədarükçüsü olan NATO ölkələrinin diqqətini yayındırmaq üçün bütün imkanlarından istifadə etməyə məcbur edir.

Rusiya bu ölkələrdəki dostlarından istifadə edərək, indiki mərhələdə Ukraynanı işğal altındakı ərazilərin Rusiya kimi tanınması şərti ilə sülh bağlamağa məcbur etməklə yanaşı, ya Belarusda, ya Dnestryanıda, hətta Gürcüstanda və ya Qarabağda ikinci cəbhə açmağa çalışır. Amma indi buna onların nə gücü, nə də imkanı var.

Lakin Serbiya və Kosovanı dünya müharibəsinə cəlb etmək kifayət qədər realdır. Onsuz da Yeltsinin dövründə onların arasına saatlı bomba qoyublar. Üstəlik, bu da sirr deyil ki, Rusiya Serbiyaya silah verir və bu ölkənin rəhbərliyi də Rusiya rəhbərliyi ilə sıx əlaqələrdən çəkinmir.

Xatırladaq ki, 1999-cu il iyunun 12-də “Priştina sıçrayışı”nı edən və Priştinadakı Slatina aerodromunu ələ keçirərək NATO qoşunlarını qabaqlayan məhz ruslar idi. Sonradan onlar Serbiya ilə sərhəddə, Kosova ərazisində serbləri kompakt şəkildə məskunlaşdırdılar. Həmin əhali hələ də Kosova qanunlarını tanımır və serb qanunvericiliyinə uyğun yaşayır, Kosovada avtomobil qeydiyyatdan keçirmir.

Kosova rəhbərliyinin serblərlə bağlı qərarı - sentyabrın 1-dək ərazidə yaşayan serblərdən Kosovada qüvvədə olan normalara uyğun olaraq avtomobillərini yenidən qeydiyyatdan keçirmək tələbi başqa bir Balkan alovunun qığılcımlana biləcəyi işartı idi. Axı aydındır ki, Kosova albanlarını qorumaq üçün Albaniya hərəkətə keçəcək və dərhal münaqişəyə cəlb olunacaq.

Xristianları müsəlmanların yaşadıqları ərazilərə yerləşdirməklə Rusiya ötən əsrin sonlarında daha bir partlayıcı ocaq yaratdı. Deməli, enerji və taxıl böhranları ilə yanaşı, Rusiya Avropa qitəsində ikinci cəbhənin yaradılmasından faydalanan tərəfdir.

Dəst-xətt isə hamıya məlumdur. Əhalisi və ordusu bir neçə dəfə çox olan Serbiya (əhali 7 milyon, ordu 28 min) guya, kiçik Kosovadan (əhali 2 milyon, ordu 4,5 min) ehtiyatlanır, onu öz təhlükəsizliyinə təhdid kimi görür – necə ki, Ukraynaya hücum etməzdən əvvəl Rusiya eyni davranışı sərgiləyirdi. Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Kosova tərəfinin avqustun 1-dən Serbiya sənədlərinə xitam vermək qərarından ciddi narahatlığını qeyd edib və bununla da alban tərəfinin Kosova və Metohiyada “cəhənnəm hazırladığını” bildirib.

Ukraynanı işğal ssenarisinə daha konkret və dəqiq olan çıxışı Serbiya Prezidenti Aleksandr Vuçiçin sədrlik Serbiya Tərəqqi Partiyasının yüksək səviyyəli funksioneri Vladimir Cukanoviç edib. “Balkanları denasifikasiya etmək zərurəti yaranıb. Mənə daha çox elə gəlir ki, Serbiya Balkanların denasifikasiyasına başlamaq məcburiyyətində qalacaq. Mən yanılmaq istərdim”, - deyə o, “Twitter”də yazıb.

Nəticələr özlərini göstərir. Məhz “denasifikasiya” termini Rusiya tərəfindən Ukraynaya hərbi təcavüzün səbəblərindən biri kimi istifadə olunurdu. Və Aleksandr Vuçiçin özünün xatırlatdığı kimi, “Qərb dövlətlərinin Serbiyanın xarici siyasətini “böyük Putin balaca Putinə göstərişlər verir” kimi interpretasiya etməsi” bu vəziyyətdə kifayət qədər haqlı görünür.

Müəllif: Mira Həsənova