Bahalaşma, 300 manatla dolananlar, monopoliya və... – BÜDCƏ MÜZAKİRƏSİ

İqtisadiyyat

03.11.2022 - 14:25

Milli Məclisdə büdcəsi müzakirəyə çıxarıldı: “Monopoliyanın mövcudluğu süni bahalaşmanın yaranmasına səbəb olur”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilib.

İclasda maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsi sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov, Dövlət Neft Fondunun departament direktoru Müşfiq Bayramov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, nazir müavinləri, parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri iştirak ediblər.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu, ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Gələn il şəhid ailələri və qazilər üçün ayrılacaq vəsait açıqlanıb

Növbəti ilin dövlət büdcəsindən əhalinin həssas təbəqələrinə ödənilən yaşa, sağlamlıq imkanlarının məhdudluğuna, ailə başçısının itirməyə və digər sosial müavinətlərin, eləcə də müharibə əlillərinə, ümumi səbəbdən əlillərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsi üçün 1436,8 milyon manat vəsait proqnozlaşdırılıb.

Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb. 2023-cü ilin dövlət büdcəsində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün yönəldilən vəsaitin məbləği 1467,8 milyon manat proqnozlaşdırılıb ki, bu da 2022-ci illə müqayisədə 235,8 milyon manat (19,1 faiz) çox olmaqla, Fondun xərclərinin tərkibində xüsusi çəkisi 1,6 bənd artaraq 23,6 faiz təşkil edəcək.

Növbəti ildə dövlət büdcəsində ünvanlı sosial yardımların verilməsi məqsədilə 277,7 milyon manat vəsait nəzərdə tutulub.

Həmçinin məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə (474 min nəfərə yaxın) 60 və 33 manat məbləğində vahid aylıq müavinətin verilməsi üçün 2023-cü ilin dövlət büdcəsində 328,7 milyon manat, digər tədbirlər üçün 38 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilin dövlət büdcəsində 366,7 milyon manat vəsait proqnozlaşdırılıb. Növbəti ilin dövlət büdcəsində məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak edilən kommunal xidmətlərin haqqının dövlət büdcəsinin vəsaiti hesabına qarşılanması üçün isə nəzərdə tutulmuş vəsaitin məbləği 22,2 milyon manat təşkil edəcək.

Bundan başqa, 2023-cü ilin dövlət büdcəsində "İşğaldan azad edilmiş ərazilərdə yüksək bilik və bacarıqlara malik işçilərin işə cəlb edilməsi məqsədilə güzəşt və imtiyazların tətbiqi" ilə bağlı xərclərin maliyyə təminatı üçün 18 milyon manat nəzərdə tutulub.

Elmə ayrılan vəsait 50 faiz artırılacaq

Büdcə layihəsində o da qeyd edilib ki, 2023-cü il dövlət büdcəsinin layihəsində elmin maliyyələşdirilməsi üçün 228,5 milyon manat vəsait ayrılacaq. Bu, cari illə müqayisədə 23,5 milyon manat və ya 11,5 faiz, 2021-ci ilin icra göstəricisi ilə müqayisədə isə 76,7 milyon manat və ya 50,5 faiz çoxdur.

Qeyd edək ki, elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanı var. Həmin Fərmanın icrası olaraq Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda olan 66 elmi müəssisədən (Rəyasət heyətinin Naxçıvan və Gəncə bölmələrinin aparatı nəzərə alınmaqla) 37 müəssisə Elm və Təhsil Nazirliyinin, 3 müəssisə Mədəniyyət Nazirliyinin tabeliyinə verilib, 26 müəssisə isə Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda qalıb. Elm sahəsi üzrə nəzərdə tutulmuş xərclərin 48,6 milyon manatı və ya 21,3 faizi Azərbaycan Milli Elmlər Akademiyasının, 114,9 milyon manatı və ya 50,3 faizi bir sıra dövlət orqanlarının tabeliyində olan elmi müəssisələrin, o cümlədən 75,6 milyon manatı Elm və Təhsil Nazirliyinin, 17,1 milyon manatı Kənd Təsərrüfatı Nazirliyinin, 9 milyon manatı Ədliyyə Nazirliyinin, 6 milyon manatı Mədəniyyət Nazirliyinin, 4,1 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun (indiki "Azərbaycan Elm Fondu" publik hüquqi şəxs), 3,1 milyon manatı isə elm sahəsində digər tədbirlərin payına düşür.

Komitə sədri: “Dünya iki seçim qarşısındadır”

Müzakirə zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, koronavirus pandemiyasından sonra dünyada iqtisadi artım proqnozlaşdırılıb: “Amma Rusiya-Ukrayna müharibəsi dünyada iqtisadi mənzərəni tamamilə dəyişdi. Bu gün dünya qiymət artımı, ərzaq qıtlığı ilə üz-üzədir. Bu müharibə fonunda sanksiyalar da öz sözünü deyir. Hazırda dünya iki seçim qarşısındadır: ya inflyasiya olmalıdır, ya da böhran elan edilməlidir. Hələlik birinciyə üstünlük verilir”.

“Qlobal bazarlar monetar və fiskal təhdidlərlə qarşı-qarşıyadır. Azərbaycanda iqtisadi böhranlardan sığortalanmaq üçün uğurlu inkişaf strategiyası hazırlanıb. Azərbaycan açıq siyasət indeksində 81-dən 44-ə qədər yüksəlib”, Mirkişili qeyd edib.

Komitə sədri indiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına ayrılan vəsaiti də açıqlayıb. Onun sözlərinə görə, Qarabağın yenidən qurulmasına 4,4 milyard manat vəsait xərclənib.

Ölkə tarixində ən yüksək göstərici

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov ölkə iqtisadiyyatının vəziyyəti, büdcə haqqında danışıb. Nazir bildirib ki, 2023-cü ilin dövlət büdcəsi layihəsində 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır. Bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur: "2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur".

“İşğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3,0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12,4 faiz, 2021-ci illə müqayisədə isə 37,7 faiz çoxdur. Bundan başqa, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur”, - deyə Şərifov vurğulayıb.

Nazir müdafiə xərclərinin artırılmasının səbəblərini açıqladı

"Bildirək ki, əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılıb. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur. Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq", - nazir əlavə edib.

S.Şərifov bildirib ki, 2023-cü ildə müavinətlərin, pensiyaların artırılması üçün 2 milyard 598 milyon manat nəzərdə tutulur: “Növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaq”.

“2023-cü ilin dövlət büdcəsində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi inkişaf, Qarabağ və Şərqi Zəngəzurun inkişafı, azad edilmiş ərazilərə Böyük Qayıdış kimi strateji çağırışlar əksini tapıb. Prezident İlham Əliyevin Cənubi Qafqazda sülhün bərpası üçün davamlı səylərinə baxmayaraq, Ermənistanın öhdəliklərinə əməl etməməsi, ölkəmizə qarşı təxribatları və silahlanması Azərbaycanın müzəffər ordusunun gücünün daim artırılmasını zəruri edir”, - deyə nazir söyləyib.

Nazir etiraf etdi: “Qiymətlər 21 faizdən çox artıb”

İclasda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, dünyada mövcud olan neft və qaz qiymətləri ilin sonuna qədər eyni tempdə davam edərsə, bu ilin sonunda Azərbaycanın ümumi daxili məhsulunun həcminin 130 milyard manata çatması gözlənilir: “Bu, Azərbaycan tarixində ən yüksək göstəricidir. Azərbaycanda ÜDM-də qeyri-neft sənayesinin payı artmaqdadır. Onun sözlərinə görə, ölkədə vergi daxilolmaları, məcburi dövlət sosial sığorta yığımları artıb. Ölkədə inflyasiyanın səviyyəsinə dünya bazarında ərzaq məhsullarının qiymətində baş verən artım təsir edib. Ötən illə müqayisədə cari ilin yanvar-avqust aylarında idxal qiymətləri 21 faizdən çox artıb. Nazir əlavə edib ki, cari ildə hökumət tərəfindən antiinflyasiya tədbirləri həyata keçirilib”.

““Böyük Qayıdış” Dövlət proqramının layihəsi hazırlanaraq hökumətə təqdim edilib. Proqram hazırda baxılma mərhələsindədir. Prezidentin müvafiq Sərəncamına uyğun olaraq təkliflər paketi hazırlanıb. Vergi güzəştlərinin tətbiqi, özəl təşəbbüslərin, emal sahəsinin stimullaşdırılması üçün güzəştlərin tətbiqi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması planlaşdırılır. Yaxın tarixlərdə azad edilmiş ərazilərdə əlavə olaraq 350 iş yeri yaradılacaq", nazir əlavə edib.

M.Cabbarov qeyd edib ki, ölkədə əhalinin iqtisadi artımının yüksələdilməsi üçün işlər görülür və buna şərait yaradılır.

Deputatlar bahalaşmadan, monopoliyadan şikayətləndilər

Müzakirəyə qoşulan deputat Əli Məsimli sual edib: "Əmək haqlarının, pensiyaların artırılması əhalinin itkilərini təmin edə biləcəkmi, yoxsa, yox? Bu suala cavab vermək lazımıdır".

Onun sözlərinə görə, əslində bu, artım deyil, əhaliyə verilən kompensasiyadır: “İnflyasiyadan danışılır, bunun səbəblərindən də danışmaq lazımdır. Bunu yaradan amillər sırasında monopoliya var, amma adı çəkilmir. Azərbaycanda monopoliyanın mövcudluğu süni bahalaşmanın yaranmasına səbəb olur”.

Deputat Vahid Əhmədov isə söyləyib ki, Azərbaycanda kifayət qədər süni qiymət artımı var: “Biz maaşları, pensiyaları artırsaq da, inflyasiyanın qarşısını ala bilməyəcəyik”.

“Deyirik ki, orta əmək haqqı artırılacaq. Hamı bu məvacibi ala bilmir. İnsanlar var ki, 300-400 manat ilə dolanır. Ona görə də belə insanları nəzərə almaq lazımdır. Eyni zamanda, dərman qiymətlərinə də nəzər yetirmək lazımdır. Digər ölkələrlə müqayisədə dərman qiymətləri çox yüksəkdir. Süni qiymət artımının qarşısını almaq lazımdır”, - deyə deputat qeyd edib.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov isə deyib ki, bu il Azərbaycanda valyuta bazarında tarazlıq qorunub: “Bu ilin 9 ayında manatın nominal kredit məzənnəsi 5 faiz bahalaşıb. Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti və nəzarət tədbirləri maliyyə sektorunda stabil fəaliyyətinə və ödənişlərin fasiləsizliyinə yönəldilib. Bank sektorunun dayanqlılığı bütövlükdə diqqətdə saxlanılıb”.

Müəllif: Anar Bayramoğlu