“Sabit manat” bizə nə verəcək?

İqtisadiyyat

15.04.2020 - 19:05

Həkimlər Klinikalar SEO Xidməti

Primitiv hərrac sistemində “üzən məzənnə” rejimi mümkün deyil

 

İstənilən ölkənin milli valyutası iqtisadi göstəricidir, iqtisadi institutları, birjası, qiymətli kağızlar bazarı olan dövlətlərdə məzənnə bazar iqtisadiyyatı qanunlarına görə tənzimlənir, hökumətlər məzənnə siyasətinə iqtisadi alətlərlə müdaxilə edir. Milli valyutanı möhkəmləndirmək istəyəndə birjalardan dollar-avro satır, təklif artır, milli valyuta möhkəmlənir. Yox, əgər milli valyutanın dəyərdən düşməsi ümumi iqtisadi strategiya üçün lazımdırsa, o zaman özü birjadan dollar-avro almağa başlayır, valyuta təklifi azalır, deməli milli valyutalar ucuzlaşmağa başlayır.

 

Bizdə manatın məzənnəsini iqtisadi alət olmaqdan çıxarıb siyasi sabitlik göstəricisinə, simvoluna çeviriblər və ən böyük problem məhz budur. Bizdə birjalarda məzənnə müyyən edilmir, edilə də bilməz, bunun üçün yüzlərlə-minlərlə valyuta satan və alan oyunçular, iqtisadi subyektlər lazımdır. Bizdə isə bir satıcı var – Mərkəzi Bank büdcəyə manat köçürmək üçün Neft Fondunun valyutasını satır. Cəmi 30 alıcı var – Mərkəzi Bank o valyutanı ancaq Banklara satır. Yəni, 1 satıcı, 30 alıcı olan, əvvəlcədən də nə qədər dollar satılacağı məlum olan primitiv hərrac sistemində “üzən məzənnə” rejimi mümkün deyil.

 

Manatı uzun zaman sabit saxlamaq olar, bunun üçün Neft Fondunda dollar ehtiyatı var, amma bu addım iqtisadi olaraq məntiqlidirmi?! İndiki karantin rejimində ola bilər ki,  bəli,  məntiqlidir,  zatən sosial problemlər artıb, işsizlik çoxalıb, dollar da qalxsa inflyasiya, qiymət artımı sürətlənəcək. Amma Dünya da, Azərbaycan da uzun zaman karantində qala bilməz axı. İqtisadiyyat çökür, gec-tez iqtisadi münasibətləri yenidən işə salmaq lazım olacaq, bəs o zaman “sabit manat” bizə nə verəcək?!

 

Əgər Azərbaycan qeyri-neft istehsalını və ixracını artırmaq istəyirsə, “bahalı manat” ciddi əngələ çevrilir. Qonşu ölkələrdə, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxstanda milli valyutalar 15-25% arasında artıq dəyər itirib, bu ölkələrə bizim istehsalçılar, aqrar sektor bu şərtlərlə necə ixaracat edəcək?! Tam tərsi, həmin ölkələrin milli valyutaları ucuzlaşıb deyə, onlardan ölkəmizə ixrac artacaq, qonşulardan ixrac etmək daha ucuz və sərfəli olacaq. Axı biz bu yolu 2005-2015-ci illərdə getmişik, axı gördük ki, fərx etdiyimiz “bahalı manat” bizi idxaldan kəskin asılı vəziyyətə gətirdi, daxili istehsalı məhv etdi, istehsalı bahalı və sərfəli olmayan hala gətirdi. Bundan dərs çıxardıqmı?! Təəssüf ki, yox...

Müəllif: Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert

Simurq

Dünən, 16:45 Mədəniyyət