Azərbaycansız “Türk yolu”?

Aktual

10.05.2023 - 10:23

Mərkəz rəhbəri: ““Millət İttifaqı” açıqlama verməli, buna aydınlıq gətirməlidir... Belə Turan qurula bilməz”

Türkiyədə “Altılı masa” da adlandırılan “Millət İttifaqı”nın prezidentliyə namizədi, cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu “həyatımın layihəsi” adlandırdığ “Türkün yolu” layihəsini təqdim edib. “Twitter” hesabında yayımladığı layihədə yol Çindən başlayaraq Türkiyəyə, oradan isə Avropayadək uzanır. Maraqlı məqam isə odur ki, həmin yol Türkiyənin qardaşı, ən yaxın müttəfiqi Azərbaycandan yan keçir.

“Həyatımın layihəsi” deyə təqdim etdiyi “Türk yolu” layihəsi barədə məlumat verən Kılıçdaroğlu çıxışında bir dəfə də olsun türk dünyasının açar ölkəsi olan Azərbaycanın adını çəkmir. Qardaş ölkənin prezidentliyinə iddialı olan şəxsin layihəsində ölkəmizi “unutması” Azərbaycan ictimaiyyətində müzakirələrə səbəb olub.  Əksəriyyət Kılıçdaroğlunun siyasətinin qardaşlığa sığmadığını söyləyir. Bəziləri isə bildirir ki, CHP liderini Türkiyədə hakimiyyətə gətirmək istəyən qüvvələr türk birliyini istəmədiyindən, Türkiyənin Azərbaycanla qardaşlığını, müttəfiqliyini qəbul etmədiyindən bu cür layihələri önə sürürlər.

Məsələ ilə bağlı AYNA-nın suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb. Analitik deyib ki, Kılıçdaroğlunun “Türk yolu” onu da təəccübləndirib:

- Həm də məyus oldum. Kılıçdaroğlunun yaydığı “Türk yolu” xəritəsində Azərbaycan yoxdur və bu, təəccüblüdür. İpək Yolunun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir, hansı ki, Çinin özü də bunda maraqlıdır. Amma türkiyə hakimiyyətinə iddialı bir siyasətçinin layihəsində Azərbaycanın olmaması ciddi suallar doğurdu. “Millət İttifaqı”ndakı tanıdığım siyasətçilərə bu barədə suallar ünvanladım. Axı necə ola bilər ki, onların “Türk yolu”nda Azərbaycan yoxdur?!

- Cavabları nə oldu?

- Kılıçdaroğlun un Azərbaycanın yer almadığı layihənin xəritəsini yayması onlar üçün də gözlənilməz olub. Bildirirlər ki, bundan xəbərləri yoxdur. Nəzərə almaq lazımdır ki, Kılıçdaroğlu “Millət İttifaqı”nın namizədidir, orada isə 6 siyasi partiya var. Məsələn millətçi İYİ Partiya “Altılı masa”nın əsas təşkilatlarından biridir. Eyni zamanda, Səadət Partiyası, DEVA Partiyası, Gələcək Partiyası “Millət İttifaqı”nda yer alır. Bu təşkilatda ikinci, üçüncü şəxslər var, mən onları tanıyıram, onlar Azərbaycanla müttəfiqliyi sonunadək dəstəkləyirlər. Ona görə də məndə ciddi şübhə yarandı ki, axı bu xəritəni kim hazırlayıb, Kılıçdaroğluna kim təqdim edib. İnanmıram ki, İYİ Partiyanın lideri ilə yanaşı, orada olan simalar belə bir layihədən Azərbaycanın kənarda qalmasına razı olsunlar. Hesab edirəm ki, bu layihədən “Millət İttifaqı”ndakı partiya liderlərinin böyük ölçüdə məlumatı olmayıb.

- Sizcə, məlumatsız olmaları mümkündürmü?

- İnanmıram ki, ən azından İYİ Partiyadakılar belə bir xəritə ilə razılaşarlar. Söhbət təkcə Azərbaycanın o layihədə olmamasından da getmir. İkinci Qarabağ müharibəsindən sonra az qala hər gün Zəngəzur dəhlizi barədə Azərbaycan və Türkiyədən bəyanat verilir. İki qardaş ölkə bir hədəf müəyyənləşdirib. Türkiyənin hakim dairələri də Zəngəzur dəhlizinin açılması istiqamətində mübarizə aparırlar. Belə bir məqamda qəfldən Kılıçdaroğlu Azərbaycanın olmadığı “Türk yolu” xəritəsini yayır. Düzdür, onun layihəsində yol Təbrizdən keçir, dolayısı ilə Güney Azərbaycan yer alır. Amma Güney Azərbaycan müstəqil deyil, Azərbaycanın İranla münasibətləri gərgindir. Belə çıxır ki, Kılıçdaroğlunun bu layihəsi Azərbaycanın düşmənlərinin maraqlarına xidmət edir.

- Erməni “Telegram” kanallarında bunu sevinclə qarşılayırlar...

- Çünki Ermənistanın maraqlarına xidmət edən layihədir. Ermənistan sevinir ki, Zəngəzur dəhlizi məsələsindən canları qurtarır. Çünki Türkiyənin indiki hakimiyyəti Zəngəzur dəhlizi üçün İrəvanı sıxışdırır. Kılıçdaroğlunun “Türk yolu” layihəsində Ermənistana belə bir təzyiq edilmir. Ona görə də ermənilərin bunu sevinclə qarşılaması təbiidir.

Düzdür, bu layihədə Mərkəzi Asiyaya xüsusi yer verilir və layihə “Türk yolu”, “Turan yolu” adlandırılır. Amma “Turan yolu”nda Azərbaycanın olmaması mümkündürmü? Əlbəttə, mümkün deyil. Belə Turan qurula bilməz. Bu xəritə Azərbaycan ictimaiyyətində haqlı suallar və narahatlıq yaradıb. Düşünürəm ki, “Millət İttifaqı” açıqlama verməli, buna aydınlıq gətirməlidir.

- Bir məqama diqqət çəkmək istəyirəm. CHP-nin xarici siyasəti ilə bağlı məsələlərə Ünal Çeviköz cavabdehdir. Onun Azərbaycanla bağlı mövqeyində fərqlilik olduğu məlumdur. Ola bilərmi ki, Kılıçdaroğluna bu layihəni o təqdim etsin...

- Burada şübhəli məqamlardan biri də məhz Çeviközlə bağlıdır. Çeviköz vaxtilə Azərbaycanda Türkiyənin səfiri olub. Eyni zamanda, bu siyasətçi Türkiyənin Ermənistanla danışıqlarına məsul şəxs idi. Və bu həmin Çeviközdür ki, Azərbaycan Ermənistanla müharibə aparan zaman “Türkiyə Azərbaycana niyə dəstək verir və ya verməlidir?” sualını qoymuşdu. Bu mövqe bizdə məyusluq yaratdı, Türkiyə hakimiyyətində sərt reaksiya ilə yadda qaldı. Ona görə də şübhələr var ki, bu xəritənin ərsəyə gəlməsində Çeviközün rolu var.

Ümumiyyətlə, “Millət İttifaqı”ndan bu barədə açıqlama gözləyirik. Bu suala cavab verməlidirlər ki, Türkiyənin Azərbaycanla münasibətlərini necə görürlər, Şuşa Bəyannaməsinin perspektivini necə qiymətləndirirlər. Bunlara aydınlıq gətirməlidirlər. Əks təqdirdə, bizdə şübhə yaranacaq ki, bu layihədə Azərbaycanın yer almamasında Çeviközün xüsusi rolu var.

Müəllif: Anar Bayramoğlu