Azərbaycandan keçən yol və Azərbaycansız saziş

İqtisadiyyat

10.07.2023 - 10:17

Rəşt-Astara layihəsi niyə Bakının fikrini soruşmadan reallaşdırılır?

Bu yaxınlarda İranın Nəqliyyat və Şəhərsalma Nazirliyi (NŞN) tərəfindən Şimal-Cənub dəhlizi boyunca nəqliyyatın asanlaşdırılması üçün, 13 ölkənin iştirakı ilə təşkil edilən İran, Hindistan və Rusiya üçtərəfli iclası çərçivəsində, Tehranda iki ölkə - İran ilə Rusiya arasında Rəşt-Astara layihəsinin həyata keçirilməsinə dair müqavilə imzalanıb. Bu barədə IRNA agentliyi məlumat yayıb.

Rəşt-Astara layihəsinin həyata keçirilməsinə dair müqaviləni iki ölkəni təmsil edən şirkətlər imzalayıb. İran NŞN-in məlumatına görə, layihənin layihələndirilməsi işlərinə 2023-cü ilin sonu və onun icrasına 2024-cü ilin əvvəlində başlanacaq. Bu müqavilə layihənin müddətini, layihənin şərtlərini, təminatlarını və s. müəyyən edir. Layihənin müddəti 3-4 il qiymətləndirilir.

Sözügedən görüş sanksiyaya məruz qalmış, alternativ yollar axtarışında olan Rusiya üçün həlledici əhəmiyyət kəsb edən və illərlə aparılan danışıqların davamıdır. Azərbaycan ərazisindən istifadə edərək Şimal-Cənub dəmir yolu marşrutunun yaradılması ilə bağlı məsləhətləşmələr son aylarda xeyli intensivləşib.

Təəccüblüdür ki, layihənin əsas tranzit iştirakçılarından biri - Azərbaycan nədənsə Tehrana dəvət olunmayıb. Baxmayaraq ki, onun razılığı olmadan bütün bu fikir öz mənasını itirir - axı İranla Rusiya arasında bizim ərazimizdən başqa heç bir qısa dəmir yolu xətti yoxdur. Bəli, əslində Rəşt-Astara layihəsi bu marşruta yönəlib.

Bəs bu, necə mümkün olur? Bəli, Azərbaycan səfirliyinə qarşı məlum terror aktından sonra Bakının Tehranla münasibətləri çox gərginləşib. Amma o zaman, bəlkə, belə bir layihənin müzakirəsini vəziyyət tam həll olunana qədər təxirə salmağın mənası var? Bu görüş o deməkdirmi ki, Moskva və Tehran belə bir mühüm məsələni həll edərkən sadəcə olaraq, Bakının rəyi olmadan edə bilərlər? Və bu hadisəni başqa necə qiymətləndirmək olar?

AYNA mövzunu region üzrə tanınmış xarici ekspertlərlə müzakirə edib.

Ukraynalı şərqşünas Qriqori Mavrov:

“Bu layihə Azərbaycanın özündən daha çox Rusiya və İran üçün faydalıdır. Rusiya üçün bu, özünün artan təcridinin qarşısını almaq üçün daha bir beynəlxalq dəhliz yaratmaq üsuludur. İrana da ona görə sərfəlidir ki, Rəşt-Astara dəmir yolunun çatışmayan hissəsinin tikintisi Rusiyanın krediti hesabına həyata keçiriləcək. Yəni İran Rusiya hesabına dəmir yolu şəbəkəsini təkmilləşdirmək imkanı əldə edəcək.

Burada onu da qeyd etmək vacibdir ki, eyni zamanda İran və İraqın ümumi dəmir yolu şəbəkəsi formalaşır ki, bu da gələcəkdə bu iki ölkəni daha da yaxınlaşdıracaq və ya hətta birləşdirəcək və əlavə olaraq Rusiyaya imkan verəcək ki, İran və İraq limanları vasitəsilə mallarını Hindistana çadtırsın və onların qarşılıqlı dövriyyəsini artırsın. Məhz buna görə də Rusiya mediası İranla Rusiyanı və onun Tehrandakı müttəfiqini əhəmiyyətli dərəcədə gücləndirəcək əsrin yeni müqaviləsi kimi yeni sazişlərdən danışır.

Eyni zamanda, Bakı bu layihədə o qədər də maraqlı deyil, çünki bu layihədə iştirak Azərbaycanı Qərbin sanksiyalarına məruz qoya bilər. Üstəlik, artıq Azərbaycanı xeyli gücləndirmiş və bir çox cəhətdən Azərbaycanı digər ölkələr üçün əməkdaşlıq modelinə çevirmiş Gürcüstan və Türkiyə ilə daha maraqlı və perspektivli sazişlər mövcuddur. Belə olan halda, Bakı üçün dünyanın kənar gəzdiyi iqtisadi birliyə cəlb etmək ən yaxşı perspektiv deyil.

Bundan əlavə, qeyd etmək lazımdır ki, İranla Azərbaycan arasında münasibətlər çox mürəkkəbdir və bəzi zamanlarda hətta İranın Azərbaycana təcavüzü mövzusu da ortaya çıxır. İran Azərbaycanın güclənməsini istəmir və Bakıya qarşı düşmənçilik siyasəti aparır, bir sözlə, Azərbaycan tərəfi üçün İran məqbul və uzunmüddətli tərəfdaş kimi görünmür.

Məhz buna görə də Rəşt-Astara dəmir yolunun çatışmayan hissəsinin tikintisi layihəsinin maliyyələşdirilməsi İran və Rusiyanı daha çox və dolayısı ilə Hindistan və bəzi digər region dövlətlərini narahat edir. Nə Rusiya, nə də İran bu layihəni qeyri-müəyyən müddətə təxirə salmaq istəyir, çünki bu, onların iqtisadi imkanlarını artırır, Rusiya üçün də Hindistan, eləcə də Körfəzdəki ərəb ölkələrinin bazarlarına çıxış üçün yeni imkanlar açır”.

İsrailli iranşünas, tədqiqatçı, jurnalist Mixail Borodkin:

“Rəşt-Astara dəmir yolunun tikintisi layihəsi və ümumilikdə Şimal-Cənub dəhlizinin bütün layihəsi İranda birmənalı reaksiya doğurmur. Və son vaxtlar məhz onunla bağlı tənqidlər var ki, bu dəhlizin inkişafının əleyhdarlarına görə, Azərbaycan bu məsələdə əsas rol oynayır və İranın hazırda bu ölkə ilə çox çətin münasibətləri var ki, bu da bütünlükdə layihənin effektivliyini şübhə altına alır.

Başqa etirazlar da var idi. Məsələn, İran parlamentinin deputatları dəmir yolunun çəkilməsinə görə son meşələrin qırılmalı olduğunu, Rusiya Qərblə sülh bağlayana qədər bu layihənin mövcud olacağını, sonra onun mənasını və əhəmiyyətini itirəcəyini bildirirdilər. Bütün bu arqumentlər İranın Rusiyanın irəli sürdüyü layihələrə ümumi inamsızlığını əks etdirir, çünki Tehran başqa ölkələrdən tam asılı olmaqdan o qədər də xoşbəxt deyil/

Məsələn, İranda heç də hamı Çinlə yaxınlaşmadan məmnun deyil, hesab edirlər ki, bu, Pekinin İran iqtisadiyyatına təsirinin qeyri-mütənasib artımına gətirib çıxarır. Nəticədə İran tərəfi infrastrukturun inkişafına sərmayə qoymağa tələsmədiyi üçün bu dəmir yolunun maliyyələşdirilməsini Rusiya öz üzərinə götürməli oldu.

Ona görə də mən ehtimal edirəm ki, həm İranda, həm də Rusiyada bu tranzit layihəsinin tərəfdarları əlavə ləngimələrlə üzləşməmək üçün onun komponentlərindən dərhal həyata keçirilə biləcək hissələrin icrasına başlamağa tələsirlər. Ola bilsin ki, eyni zamanda Rusiya İrana başa salıb ki, gec-tez Azərbaycanı bu dəhlizə qoşulmağa razı sala biləcək, ona görə də dərhal işə başlamağa dəyər”.

Müəllif: Rauf Orucov