“Azərbaycanın post-pandemiya dövrünə heç bir hazırlığı yoxdur”

İqtisadiyyat

08.09.2020 - 15:36

Həkimlər Klinikalar SEO Xidməti

Natiq Cəfərli: “Ayrılan vəsaitlər ancaq karantin rejiminin və virusun özünün vurduğu ziyanların müəyyən qədər qarşısını almağa hesablanıb”

 

“Dünya dərin iqtisadi böhranın içindədir. Avropa İttifaqı ölkələrində ikirəqəmli daralmalar var. Amerika iqtisadiyyatı 1-ci və 2-ci rübdə tarixdə ən çox daralmalar yaşadı. Britaniya iqtisadiyyatında 19-cu əsrdən hesablamalar aparılır. O vaxtdan bəri ilk dəfədir ki, rüb ərzində çox kəskin şəkildə ümumi daxili məhsul (ÜDM) aşağı düşdü. Bu, artıq böhranın klassik nümunəsidir”.

 

Bu fikirləri AYNA-ya iqtisadçı-ekspert Natiq Cəfərli söyləyib. Onun sözlərinə görə, dünya üzrə ÜDM-in, təqribən 6% azalacağı gözlənilir: “Bu da müharibədən sonrakı illərin ən böyük göstəricisidir. Dünyada iqtisadi böhranın dalğaları artıq ciddi şəkildə bütün ölkələrdə hiss olunur. Təbii ki, belə bir dövrdə Azərbaycan iqtisadi böhrana hazır deyil. Çünki bizdə ikiqat problem var, pandemiya ilə əlaqədar iqtisadi qapanmalar oldu. Karantin rejimi oldu. Bunlar iqtisadiyyata ciddi mənfi təsirlər göstərdi. Hələ də bəzi sahələr var ki, ya tam olaraq, ya da ümumiyyətlə, açılmayıb. Bu da iqtisadi aktivliyin zəifləməsində əsas neqativ amillərdəndir”.

Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”

“Bundan başqa, dünyada iqtisadi aktivlik azaldıqca neftə tələbat da azalır. Bu da neft qiymətlərinin ucuzlaşmasına səbəb olur. OPEC-Rusiya anlaşması olmasaydı, süni şəkildə neftin hasilatı azaldılmasaydı, neftin qiyməti indikindən də xeyli aşağı olardı. Hətta, 30 dollar civarında olardı, ən yaxşı halda. İndi isə 40-45 dollar civarında dəyişir. Azərbaycan ikiqat iqtisadi təsirlərə məruz qalır. Həm karantin rejiminə görə iqtisadiyyatın daralması, həm də neft qiymətlərinin ucuzlaşmasına görə valyuta gəlirlərinin azalması Azərbaycana kəskin təsirlərini göstərir. Və Azərbaycan iqtisadiyyatı buna hazır deyil. Çünki çoxşaxəli iqtisadi modelə keçə bilməmişik. İdxaldan çox asılıyıq. İxracat potensialımız çox zəifdir (nefti çıxsaq). İxracat potensialımız Türkiyənin Antalya bölgəsinin ixracat potensialından də aşağıdır”, - ekspert bildirib.

 

Cəfərli manatla bağlı məsələyə də toxunub: “Manatın məzənnəsi, təəssüf ki, artıq iqtisadi məsələ deyil. Əslində, iqtisadi məsələ olmalıdır və iqtisadi kateqoriyalarla izah edilməlidir. Amma çox təəssüf ki, mərkəzi bank və hökumət manatın məzənnəsini sabitlik simvoluna çevirib. Həm də bir siyasi anlam yüklənib manatın məzənnəsinə və inzibati qaydada tənzimlənir. Bizdə “üzən məzənnə” rejimi 2016-cı ildə elan olunsa da, keçə bilmədilər və sonradan 2018-ci ildə artıq bunu etiraf etdilər, Mərkəzi Bank etiraf etdi ki, “üzən məzənnə” rejimi alınmadı. İndi tənzimlənən məzənnə rejimidir, yəni inzibati qaydada tənzimlənir. Qərarla məzənnə müyyənləşdirilir. Ona görə də manatın məzənnəsi ilə bağlı qərar siyasi qərar olacaq”.

 

İqtisadçının fikrincə, milli valyutanın məzənnəsinə iqtisadi qaydalarla baxılsaydı, çoxdan manatın məzənnəsində ucuzlaşmalar olmalıydı: “Çünkü həm neft düşüb, həm də qonşu ölkələrdə valyutaların ucuzlaşması prosesi gedir. Rusiya rublu ilin əvvəlindən 20% ucuzlaşıb. Türk lirəsinin ucuzlaşma həddi, az qala 30%-ə çatır, Qazaxıstanda, Gürcüstanda da milli valyutalar ucuzlaşıb. Çünki orda iqtisadi kateqoriyadır, birjalarda müəyyənləşdirilir. Bizdə isə siyasi qərar olduğu üçün manatın məzənnəsini iqtisadçılardan soruşmayıb, siyasətçilərdən soruşurlar".

 

Müsahibimiz iqtisadiyyatın canlanması üçün ciddi addımlar atılmadığını, lakin böhrandan minumum zərərlə çıxmaq üçün bunun vacib olduğunu qeyd edib: "İqtisadi böhrandan minimum zərərlə qurtulmaq üçün müəyən qərarlar qəbul olundu mart-aprel aylarında. Sosial istiqamətdə 600 min işsizlə bağlı qərar verildi. Biznesə müəyyən dəstək proqramları oldu. Amma bunlar pandemiyanın vurduğu ziyanın az da olsa, tənzimlənməsi üçün atılmış addımlar idi. Azərbaycanda problem odur ki, başqa ölkələrdən fərqli olaraq bizdə post-virus dönəmində iqtisadiyyatın çarxlarının yenidən dönməsi üçün heç bir hazırlıq görülmədi və bu gün də təəssüf ki, bu hazırlıqlar görülmür”.

 

“Ayrılan vəsaitlər ancaq karantin rejiminin və virusun özünün vurduğu ziyanların müəyyən qədər qarşısını almaq üçündür və bu gün iqtisadiyyat necə canlanacaq - bununla bağlı hökumətin yol xəritəsi, təəssüf ki, yoxdur. Təbii ki, əlavə investisiyalar lazımdır, kredit faizləri ucuzlaşmalıdır, investisiya mühiti yaxşılaşdırılmalıdır, xarici investorlar lazımdır. Bütün bunlar post-pandemiya dövründə iqtisadiyyatın çarxlarının dönməsi üçün əsas şərtlərdir. Təəssüf ki, hələlik bununla bağlı nəzərəçarpacaq adımları biz görmürük”, - Cəfərli vurğulayıb.

Müəllif: Bünyamin