"/>

Azərbaycanda mübahisəli heykəllər barədə: <font color=red> "İlk vaxtlar Eyfeli də bəyənmirdilər"</font>

Mədəniyyət

12.09.2019 - 10:16

Həkimlər Klinikalar SEO Xidməti

Natiq Əliyev: "Tağıyevin doğulduğu kənddə heykəlinin ucaıldılmasına məmnuniyyətlə köməklik göstərərəm"

 

Xəbər verdiyimiz kimi, azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada ucaldılacaq heykəli sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Əksər istifadəçilər heykəlin H.Z.Tağıyevə yaraşmadığını düşünürlər. Həmçinin qeyd edirlər ki, ümumiyyətlə heykəldə ruh yoxdur, standartdır, Tağıyevin şəxsiyyətinin kimliyini ifadə etmir.

 

Etiraf edək ki, son dövrlər Azərbaycanda ucaldılan heykəllərin, demək olar ki, əksəriyyəti tənqid atəşinə tutulur. Yadınızdadırsa, bir müddət öncə Xalq rəssamı Ömər Eldarovun azərbaycanlı alim Lütfi Zadəyə ucaltdığı məzarüstü abidə də fərqli fikirlərə yol açmışdı.

 

Düzdür, tənqid edənlərin əksəriyyəti sənətdən, heykəldən, heykəltaraşlıqdan anlayışı olmayan insanlardır. Ancaq etiraf etmək lazımdır ki, onların arasında az-çox bu sahəyə bələd olanlar da var. Həmçinin bəzi vətəndaşlar xarici ölkələrdə gördükləri heykəllərlə müqayisəli təhlillər aparır, bəyənmədikləri məqamları qeyd edirlər.

 

O cümlədən, Azərbaycanda bir çox ədibə qoyulmuş heykəlləri tənqid edənlər arasında dünyaca tanınmış heykəltaraşlar da var. Məsələn, Xalq rəssamı Ömər Eldarovun özü Bakıda Fikrət Əmirova, Koroğluya, Qara Qarayevə ucaldılmış heykəlləri bəyənmir. Ö.Eldarov müsahibələrinin birində Koroğlunun Bakıda ucaldılmış heykəli haqqında danışanda belə deyir: “Orda Koroğlunun heykəli yoxdur, yalnız atı var”.

Картинки по запросу koroğlunun bakıda heykəli

Maraqlıdır, Hacı Zeynalabdin Tağıyevin, Xalq rəssamı Xanlar Əhmədovun layihəsi əsasında hazırlanacaq heykəli haqqında mütəxəssislər nə düşünürlər? Tənqid edənlərin sözlərində həqiqət payı nə qədərdir?

 

Mövzuya Xalq rəssamı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, “Şöhrət” ordenli heykəltaraş Natiq Əliyevlə AYNA tutmağa çalışdıq.

 

Natiq Əliyev sosial şəbəkə istifadəçilərindən fərqli olaraq, Xanlar Əhmədovun layihəsini bəyəndiyini bildirdi: “Deyim ki, eskiz tamamlanmış heykəl sayılmır, aralarında xeyli fərq var. Eskizdə əsas oxşarlığa yox, kompozisiya quruluşuna önəm verilir. Eskizdə rəssam özünün görmək istədiklərini açıqlayır ancaq. İnsanların görmək istədikləri xırdalıqlar eskizdə tələb olunmur. Heykəl böyük ölçüdə hazırlananda isə oxşarlığı və s. xırdalıqları tələb etmək olar. O cümlədən heykəlin yerləşəcəyi məkandan da çox şey asılıdır”.

Картинки по запросу natiq əliyev xalq rəssamı

“Mən həmin layihəni yaxından görməmişəm, konsepsiyanın nədən ibarət olduğunu bilmirəm. Ancaq inanıram ki, nəticə yaxşı olacaq. Xanlar Əhmədov istedadlı heykəltaraşdır, onun haqqında ancaq müsbət fikirlər deyə bilərəm. Hesab edirəm ki, o, bu işin öhdəsindən layiqincə gələcək”, - deyə heykəltaraş vurğulayıb.

 

Müsahibimiz sosial şəbəkədə layihəni müzakirə edənlər barədə də danışıb: “Heykəltəraşlıqdan, sənətdən dərin anlayışı olan insanlarımız var. Ancaq mənə elə gəlir ki, belə söhbətlərə son qoymaq üçün layihənin müəllifi özü geniş danışmalı, eskiz haqqında ətraflı izah verməlidir. Yoxsa ki, haradansa götürülmüş bir şəkil üzərindən fikir yürütmək düzgün deyil. Heykəlin min nöqtəsi var, bir nöqtədən baxmaqla heykəl haqqında rəy bildirmək mümkünsüzdür. Layihə yaradılmış komissiya tərəfindən qalib seçilib. Hansı ki, komissiyanın üzvləri sırasında Rəssamlar İttifaqının sədri, Xalq rəssamları, Mədəniyyət Nazirliyinin nümayəndələri var. Biz heykəlin şəklini görmüşüksə, onlar onu canlı görüblər, seçiblər”.

 

“Həmçinin heykəltaraş haqqında bir eskizlə söz söyləmək doğru deyil. Mən özüm də müsabiqənin iştirakçısı olmuşam. Tağıyevin həyatı, gördüyü işlər haqqında geniş məlumat vermişəm. Sanki bir bədii əsər təsvir etmişdim. Əsərə baxanda Tağıyevin kim olduğunu, hansı işlər gördüyünü müəyyən etmək olardı. Ancaq münsiflər heyəti məsləhət bilməyib, bəyəndikləri layihəni seçib. Bunu çox normal qarşıladım, zəng edib Xanlar müəllimi təbrik etdim”, - deyə professor əlavə edib.

 

Rəssam bildirib ki, əgər təklif olarsa, öz layihəsinin əsasında bir heykəl hazırlayıb, H.Z.Tağıyevin doğulduğu kənddə qoyulmasına məmnuniyyətlə razı olar: “Buna imkanım qədər maddi köməklik də göstərə bilərəm. Çünki Tağıyev o qədər böyük işlərə imza atıb ki, onların qarşısında bizim əməyimiz çox cüzi olar. Çox gözəl ideyadır, təki belə bir təklif olsun”.

 

N.Əliyev Lütfi Zadənin məzarı üzərində ucaldılmış heykəl haqqında isə danışmaqdan imtina edib: “O barədə danışmaq istəmirəm. Gəlin, heç bu mövzuya toxunmayaq. Müəllif özü daha yaxşı danışa bilər əsəri haqqında. Ümumiyyətlə, mənim üçün həmkarlarım, onların əsərləri barədə danışmaq çox çətindir”.

“Zövqlər müxtəlifdir, hamı hər şeyi birmənalı qarşılamır. Bütün insanların fikirləri eyni ola bilməz. Sadaladığınız heykəllərin müəlliflərinin şəhərimizdə çox gözəl abidələri var. Baltanı kökündən vurmaq düzgün deyil. Heykəltaraşlarımızın axtarışları var, sadəcə yenilikləri qarşılamağa hazır olmalıyıq. Eyfel qülləsini ucaldanda da heç kimin xoşuna gəlmirdi, ancaq indi hamı bəyənir”, - deyə Xalq rəssamı fikirlərini yekunlaşdırıb.

Rena Muslumova adlı şəxsin şəkli.

Qeyd edək ki, Xalq rəssamı Xanlar Əhmədovun layihəsi Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə təqdim olunan 26 layihə arasından qalib seçilib. Rəssam müsabiqəyə üç əl işi ilə qatılıb: Tağıyevin faytonda əyləşmiş, ayaq üstə dayanmış və oturmuş vəziyyətdə hazırlanmış heykəlləri. Bu üç işin içərisindən ayaq üstə olan variant seçilib.

Müəllif: Rumiyyə Miraslan