İndi teatr və kino sənəti məhv olmasın, neyləsin?!
1873-cü il mart ayının 10-da Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası ilə Azərbaycanda peşəkar teatrın əsası qoyuldu. 147 illik bir dövrü əhatə edən cəmiyyətin bütün doğrularını və yalanlarını olduğu kimi göstərən bu sənət, bu illər ərzində nə qədər məşəqqətli və acınacaqlı tale yaşasa da, özünü ona həsr edən fədailərin sayəsində çətinliklə ayaqda qalmağı bacarıb. Hətta özünü bu sənətə həsr edənlərin arasında dünya səviyyəli, peşəkar və ən azından adını Azərbaycan mədəniyyət və incəsənətinin tarixinə qızıl hərflərlə yazdırmağı bacranlar da olub. Əbəs yerə deyilməyib ki: “İncəsənət qurban tələb edir”.
Lakin üzərindən bir əsr keçməsinə və saysız-hesabsız fəadilərin olmasına rəğmən, bu müqəddəs sənət illər keçdikcə nüfuzdan düşmüş və acınacaqlı vəziyyətin ağuşunda özünə yuva salmışdı. Təbii ki, sənətin metodikası, nəzəriyyəsi və ritmini bilməyən istedadsız, tanışlıq və rüşvət hesabına sənətin yaxasına zəli kimi yapışanlarla yanaşı, peşəkar və özlərini sənətə qurban verənlərin acınacaqlı durumu da teatrın məhvinə səbəb olan amillərdən olub və hələ də olmaqdadır.
Təbii ki, bu məlum problemlərin kökündə bir növ Mədəniyyət Nazirliyi və Azərpaşa Nemətovun sayəsində bataqlığa çevrilmiş Teatr Xadimləri İttiffaqının (TXİ) yarıtmaz siyasəti də dayanır. Heç vaxt teatr sənətinin inkişaf yolunu diqqət mərkəzində saxlamayan, teatr xadimlərinin sosial problemlərini işıqlandırmayan və bu problemlərin həllini aradan qaldırmaq üçün cəhd göstərməyən bu qurum tənqidlərdən də heç vaxt nəticə çıxarmayıb.
Mərahim Nəsib