Azərbaycanda baş verən zəlzələlər süni amillərin nəticəsidirmi - <font color=red> AMEA cavablandırır</font>

Cəmiyyət

18.02.2020 - 16:03

Vüsalə Rafiqqızı: "Biz ancaq seysmikliyə rəy veririk, tikintiyə nəzarət etmək səlahiyyətimiz yoxdur"

 

Son günlərdə ölkədə yeraltı təkanların akstivləşməsi əhalinin müəyyən hissəsində təlaşa səbəb olub. İnsanlar güclü zəlzələ baş vermə ehtimalından narahatdırlar. Bu narahatlıqlara AYNA tutmaq məsqədilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı ilə həmsöhbət olduq.

 

- Son zamanlar ard-arda baş verən seysmoloji təkanlarla bağlı Seysmoloji Xidmət Mərkəzində analiz aparılıbmı? Aparılıbsa, nəticələr barədə məlumat verməyinizi xahiş edirik. Davamı gözlənilirmi?

- Azərbaycanda baş verən zəlzələlərlə bağlı həmişə elmi tədqiqatlar aparılıb. Əslində, bu tədqiqatlar 1902-ci ildə Şamaxıda baş verən zəlzələdən sonra başlayıb və bu günə qədər də davam edir. Aparılan tədqiqatların nəticələri hər ilin sonunda ictimaiyyətə açıqlanır və ötən ilin dekabrında da biz son nəticələri mətbuata açıqlamışıq.

 

Tədqiqatlar hər zaman aparılıb və təbii ki, bundan sonra da aparılacaq. Hazırda bizdə seysmoloji, geofizki, geokimyəvi, geodinamik, maqnit və qravimetrik tədqiqatlar aparılır. Təbii ki, gələcəkdə tədqiqatların əhatə dairəsi də genişlənə bilər. Dünyda seysmik baxımdan bizim ölkəmizdən daha aktiv olan regionlar var və zəlzələ belə regionlarda vaxtaşırı baş verir. Biz gün ərzində bəzən 10, bəzən daha çox hiss olunmayan təkanlar qeydə alırıq. Həmin təkanlar çox zəif olduğuna görə hiss edilmir, bu məlumatlar isə elmi tədqiqatlarda istifdə edilir.

 

- Türkiyənin Elazığ şəhərində baş vermiş güclü zəlzələdən sonra insanlarımızda bir qorxu yarandı. Soruşurlar ki, həmin zəlzələnin bizə təsiri varmı?

 

- Qardaş Türkiyənin ərazisi də bizim ərazi kimi seysmik aktiv bölgədə yerləşir. Amma Azərbaycanda olan seysmik qırılmaların qardaş ölkədəki qırılmalarla hər hansı əlaqəsi yoxdur. Yəni Elazığdakı zəlzələnin Azərbaycana hər hansı təsiri yox idi. Həm geoloji, həm də məsafə baxımından bu, mümkün deyil. Ancaq onu da qeyd etməliyik ki, zəlzələnin dünyada dəqiq proqnozu yoxdur. Ona görə də birmənalı şəkildə heç kim zəlzələnin olacağı və ya olmayacağı barədə poqnoz verə bilməz.

Картинки по запросу

- Son günlər qeydə alınmış yeraltı təkanlar süni səbəblərdən baş verə bilərmi?

 

- Xeyr, baş verənlər sırf təbii təkanlardır və zəlzələ hər hansı partlayış və digər texnogen amillərdən fərqlənir. Dediyim kimi, ərazimiz seysmik bölgədədir və belə zəlzələlərin olması seysmik bölgələr üçün adi haldır.

 

- Bu gün dünyada bir çox sahələrdə müasir texnologiyaların üstünlüklərindən istifadə olunur. Yeraltı təkanların təsirini azaltmaq və ya ağır fəsadların baş verməməsi üçün Seysmoloji Mərkəzdə hansısa müasir avadanlıqlardan istifadə edilirmi?

 

- Zəlzələ dəhşətli fəlakətdir və onun dəqiq vaxtı, yeri və gücü haqqında əvvəldən heç kim dəqiq proqnoz verə bilməz. Seysmologiya elmi, hələ ki, bu suala cavab tapa bilmir. Hazırda zəlzələnin qarşısını heç kim, heç bir avadanlıq ala bilmir.

 

İstifadə etdiyimiz cihazlara gəldikdə, dünyada seysmologiyada istifadə olunan ən müasir cihazlardan bizdə də istifadə olunur. Bizdə 2003-cü ildən seysmik avadanlıqlar peyk rabitəsi ilə işləyir. Hazırda 35 daimi stansiyamız - 24 GPS, 7 mobil, 6 geofiziki, 5 geokimyəvi stansiyamız var. 22 seysmik stansiya da bu il quraşdırılacaq və ümumi say 84 olacaq. Tədqiqatlaımızı daha keyfiyyətlə apara bilmək üçün şəbəkəmizi genişləndiririk. Ancaq bu avadanlıqlar tədqiqatların keyfiyyətini yaxşılaşdırmaq üçündür, yəni dəqiq proqnoz vermək və hansısa önləyici iş görmək üçün deyil.

Картинки по запросу

- Zəlzələlərlə bağlı maarifləndirmə hansı səviyyədədir?

 

- Respublika Seysmoloji Xidmət Mərkəzi olaraq həm orta məktəblərdə, həm də tikinti şirkətlərində maarifləndirmə tədbirləri həyata keçiririk. İnformasiya şöbəsi olaraq həm vətəndaşlarla, həm də media ilə sıx əlaqədəyik. Müntəzəm olaraq KİV vasitəsilə təbliğat aparırıq. Təbii ki, maarifləndirmə işləri davamlı olaraq getməlidir və təşkilat olaraq biz öz üzərimizə düşəni etməyə çalışırıq.

 

- Bakıda tikilən "göydələn"lərə seysmoloji nəzarət necə təşkil olunub?

 

- Biz mütəmadi olaraq seysmoloji tədqiqatlar apararaq baş vərən zəlzələlər haqqında ictimaiyyətə məlumat veririk. Ancaq tikilən binalarda vəziyyətin necə olduğunu deyə bilmərik. Biz ancaq seysmikliyə rəy veririk, tikintiyə nəzarət etmək səlahiyyətimiz yoxdur. Bu məsələyə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi nəzarət edir. Təbii ki, biz də hər zaman çıxışlarımızda tikinti işləri zamanı normalara əməl edilməsinin vacibliyini qeyd edirik. Ancaq nə qədər əməl edildiyini deyə bilmərik.

Müəllif: Rumiyyə Miraslan