Avrasiyanın enerji xəritəsi yenidən cızılır – Azərbaycan mərkəzdə

İqtisadiyyat

28.04.2023 - 10:25

Mərkəz rəhbəri: “Bu anlaşma strateji əhəmiyyət kəsb edir və ölkəmizin qarşısında geniş imkanlar açır”

Prezident İlham Əliyevin iştirakı ilə Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Mərasimində çıxışı zamanı İlham Əliyev söyləyib ki, Azərbaycan fəal enerji diplomatiyasını davam etdirir: “Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, bizim aramızda güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AYNA-ya müsahibəsində Sofiyada imzanan Anlaşma Memorandumu, Prezident İlham Əliyevin son bəyanatı və digər mövzuları şərh edib.

- Prezident İlham Əliyev Sofiya səfəri çərçivəsində bəyan etdi ki, “Avrasiyanın enerji xəritəsini yenidən cızırıq”. Bu, ölkəmizə hansı dividendlər qazandıracaq?

- 2022-ci ilin iyul ayının 18-də Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında enerji əməkdaşlığna dair Anlaşma Memorandumu imzalandı. Bu memorandumda Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilmiş hissəsi ilə təbii qazın tam həcmdə Azərbaycandan alınması barədə qərarını rəsmiləşdirdi. Hansı ki, Avropa qanunlarına görə, bir kəmərlə bir mənbədən 50 faizdən artıq qaz nəql edilməsi qadağan edilir. Bu qanunun adı Üçüncü Enerji Paketidir. Lakin beynəlxalq münasibətlər sistemində yaşanan gərginliklər və mövcud şərait nəzərə alındı və Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilmiş hissəsi ilə bütün təbii qazın Azərbaycandan alınmasına razılıq verdi. Bundan sonrakı dövrdə aparılan danışıqlar və araşdırmalar qazın Avropanın hansı ölkələrinin ərazisindən daşınması istiqamətində gedirdi.

Sofiyada imzalanan Anlaşma Memorandumu - hansı ki, SOCAR-la Avropanın dörd ölkəsi arasında təbii qazın daşınmasını nəzərdə tutur - Prezident İlham Əliyevin də söylədiyi kimi, Avrasiyanın enerji xəritəsinin yenidən cızılması kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, bu, ölkəmizin enerji ixracı sahəsində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcıdır.

- Bu Anlaşma Memorandumunun əhəmiyyəti nədir?

- Azərbaycan uzunmüddətli müqavilə əsasında bu günə qədər yalnız üç ölkəyə - İtaliya, Yunanıstan və Bolqarısatana təbii qaz ixrac edirdisə, artıq bundan sonra Avropa məkanında təbii qazın şaxələndirilməsini həyata keçirəcək. Bu, çox mühüm və vacib məqamdır. Avropaya çıxarılacaq əlavə 10 milyard kubmetrlik qaz həcminin 70-80 faizi artıq təkcə Cənuba doğru deyil, Şərqi, Mərkəzi Avropaya və bir sıra Balkan ölkələrinə yönələcək. Nəzərə alsaq ki, bu dörd ölkə - Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya Azərbaycandan təbii qaz həcmini əhəmiyyətli dərəcədə artırmaq qərarını elan edib, bu, ölkəmizin qarşısında geniş imkanlar açır. Azərbaycanın Avropada təbii qazı şaxələndirmək siyasəti həm Brüsselin, həm də ölkəmizin maraqlarına cavab verir. Həm də ABŞ və müttəfiqləri tərəfindən dəsəklənir. Avropanın enerji təhlükəsizliyinin artırılmasında Azərbaycanın rolu bütün mənalarda ölkəmizin nüfuzunun artırılmasına xidmət edir. Bu mənada Sofiyada Anlaşma Memorandumunun imzalanması strateji əhəmiyyət kəsb edir.

- Rusiyaya qarşı çoxvektorlu sanksiyalar Azərbaycan neft-qazına olan tələbatı hansı səviyyədə artırır, gözləntiləriniz nədir?

- Rusiyanın son bir il ərzində Avropaya satdığı təbii qaz həcmi təqribən 55 milyard kubmetr azalıb. Bu azalma tempi davam edəcək. Təbii ki, Avropa Rusiya qazından birmənalı imtina edə bilmir. Bunu həyata keçirmək üçün alternativ mənbələr lazımdır. Eləcə də Avropa öz təbii qaz hasilatını artırmalıdır. Bu, kiçik mənbələr təşkil etdiyi üçün az önəm kəsb edir. Alternativ enerji mənbələrinin istifadə edilməsi isə zaman tələb edir. Bu baxımdan Avropa məcburdur ki, alternativ mənbələrdən enerji idxalını həyata keçirsin.

Heç şübhəsiz, Rusiya qazına olan tələbatın azalması Azərbaycan qazına olan tələbatı artırır. Lakin bu, o demək deyil ki, Avropa qısa müddətə Rusiya qazından tamamilə imtina edə biləcək. Rusiya məhz bu amildən istifadə edərək Qərbə təzyiq edə bilir. Avropanın enereji təhlükəsizliyi Rusiyanın Qərbə qarşı mübarizəsində əsas təsir alətlərindən biridir. Azərbaycanın Avropa qaz bazarlarına çıxışı üçün fürsətlər yetişib və görünən odur ki, biz bu fürsətlərdən layiqincə istifadə edə bilirik.

Müəllif: Azər Niftiyev