“Artıq başqa yol qalmadı” - Qarabağda antiterror əməliyyatı labüddür

Siyasət

15.03.2023 - 14:02

İlham İsmayıl: “Formanı Müdafiə Nazirliyi müəyyən etməlidir: nöqtə zərbələri, antiterror əməliyyatı, yoxsa genişmiqyaslı müharibə”

Xəbər verildiyi kimi, Azərbaycan Qarabağın erməni sakinlərinin nümayəndələrinə reinteqrasiya məsələlərini müzakirə etmək üçün Bakıda görüşməyi təklif edib. Bundan əvvəl ermənilərlə Xocalıda Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ilk görüş martın ilk günlərində keçirilib. Azərbaycan Prezidentinin Administrasiyası növbəti görüşün Bakıda keçirilməsi üçün dəvət göndərib. Lakin Qarabağdakı erməni separatçı tör-töküntülərinin qondarma qurumunun “rəsmiləri” Bakıda görüşdən imtina etdiklərini açıqlayıblar.

Buna paralel olaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında Qarabağ separatçılarının mövqeyini müdafiə edən açıqlamalar verib və faktiki sülh prosesini “baltalayıb”: "Biz dedik ki, Dağlıq Qarabağ xalqının hüquqları və təhlükəsizliyi məsələsi bizim üçün son dərəcə vacibdir, əsas məqsədlərimizdən biridir. Bizim qavrayışımız belədir ki, Dağlıq Qarabağ xalqının əsas mandat alması düzgün olardı. Biz hesab edirik ki, əsas dialoq Bakı ilə Stepanakert arasında olmalıdır”.

Düzdür, Bakı separatçılarla yox, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə reinteqrasiya məsələlərini müzakirə etmək niyyətindədir, ona görə də separatçıların cavabı o qədər də əhəmiyyət kəsmir. Lakin qondarma qurum nümayəndələrinin cavabının başlanmış olan təmaslara mane olacağı şübhə yaratmır. Analitiklər hesab edirlər ki, qondarma qurumdakı separatçıların bu davranışları Azərbaycanın antiterror əməliyyatlarını şərtləndirir.

Proseslə bağlı AYNA-nın suallarını cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, separatçılar Moskvanın təsiri altında irəli gedən bəyanatlar verirlər:

- Son iki gündə separatçıların verdiyi bəyanatlar onu göstərir ki, bunların arxasında Rusiya dayanıb. Müharibə 2 il 4 aydır bitib və bu müddətdə Qarabağdakı separatçı qurumun ritorikası və iddiaları artan xətt üzrə gedir. Məntiqlə və faktiki olaraq, separatçı qurum Azərbaycanla müharibə etmək iqtidarında deyil. O zaman belə iddialı bəyanatlar haradan qaynaqlanır? Təbii ki, Moskvanın təsiri ilə.

Xocalıda ilk dəfə Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan rəsmisi görüşdü. O görüşdən sonra separatçılar Azərbaycanın təqdimatını qəbul etmədilər. Bildirdilər ki, siyasi məsələlərdən, reinteqrasiyadan söhbət gedə bilməz, yalnız humanitar məsələlər, texniki məsələlər müzakirə oluna bilər və s.

İndi Bakıdan növbəti dəfə dəvət göndərildi, amma separatçılar dərhal imtina cavabı verdilər. Yenə də reinteqrasiyanı qəbul etmədiklərini bəyan etdilər. Bilirsiniz, problemlər bir masada diplomatik yolla həll olunur, bir də döyüş meydanında. Qarabağ məsələsinin həlli danışıqları masada 28 il davam etdi, nəticə əldə olunmadı. Döyüş meydanında isə cəmi 44 gün çəkdi, nəticə göz qabağındadır. İndi daxili məsələmiz qalıb ki, məncə, bunu həll etmək üçün döyüş meydanı daha məqbuldur.

- Qalan problemin həllini hərbi yolda görürsünüz?

- Görünən odur. Çünki müharibədən keçən 2 il 4 ayda masada həllə nail olunmadı. Sanki biz 28 il əvvəlki vəziyyətə qayıtmışıq. Necə ki, Minsk Qrupu bölgəyə gəlib-gedirdi, görüşlər keçirilirdi, sammitlər təşkil olunurdu, amma heç bir irəliləyiş yox idi, indi də danışıqlar başqa formatda da olsa, o dövrün təkrarıdır. Beynəlxalq güclər, xüsusilə, Rusiya maksimum çalışır ki, münaqişə ocağı qalsın, davam etsin. Düzdür, Moskva istəmir ki, münaqişə qaynar fayaza qədəm qoysun. Çünki Ukraynadakı hazırkı vəziyyət səbəbindən Qarabağda hərbi əməliyyatların olması Rusiyaya sərf etmir.

Azərbaycan Qarabağdakı ermənilərin nümayəndələrinə təklif edir ki, gəlin Bakıda vasitəçisiz görüşək. Separatçıların qondarma “XİN”-i dərhal cavab verir ki, “biz erməni icması deyilik, respublikayıq, bərabərhüquqlu şəkildə söhbət etməlisiniz”. Bununla rəsmi Bakını qəbul etmədiklərini, Bakıda görüşün mümkün olmayacağını bildirirlər, əvvəlki görüş kimi, növbəti görüşün də Xocalıda, həm də rusların vasitəçiliyi ilə olmasını istədiklərini bəyan edirlər. Yenə deyirəm, bu, separatçıların yox, Rusiyanın iddiasıdır, Moskvanın bəyanatıdır. Eyni bəyanatı qondarma rejimin “parlamenti” də verdi. Ona görə də, demək olar ki, Bakının diplomatik addımları artıq tükənmək üzrədir.

- Erməni mediası aprel ayında Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirəcəyini iddia edir…

- Ermənistanda da anlayırlar ki, Azərbaycan diplomatik baxımından artıq bütün addımları atıb. Diplomatik imkanlar tükəndikdə isə təbii ki, silahlar işə düşür. Azərbaycan daxili məsələsini həll etmək üçün Qərbdən gələn çağırışlarla bağlı addımlar atdımı? Təbii ki, atıldı. Xocalıda görüş keçirildi, müzakirələr aparıldı. İkinci dəfə Qarabağ ermənilərinin nümayəndələrini Bakıya dəvət etdimi ki, gəlsinlər reinteqrasiyanı müzakirə edək? Təbii ki, bunu da etdi. Amma müsbət cavab əvəzinə imtina cavabı verdilər, bununla yanaşı, Azərbaycan ordusunun mövqelərini atəşə tutdular.

Əgər separatçılar diplomatik yoldan imtina edirlərsə, o zaman Azərbaycanın başqa yolu yoxdur. Qalib dövlət qan tökülməməsi üçün bütün təkliflərini irəli sürüb. Separatçıların isə ritorikası sərtləşir, iddiaları artır. Azərbaycan məcburdur ki, separatçıları cəzalandırsın. Erməni mediası əməliyyatla bağlı məlumatı boşuna yazmır. İrəvanda da görürlər ki, artıq Azərbaycanın səbri tükənməkdədir.

- Məsələ burasındadır ki, bölgədə Rusiyanın sülhməramlı adı altında hərbi kontingenti mövcuddur...

- Əlbəttə, Azərbaycan əməliyyat keçirəcəksə, bunu nəzərə almalıdır və məncə, alacaq. Antiterror əməliyyatı xırda məsələ deyil, buna hərbi, siyasi və texniki cəhətdən hazırlıq olmalıdır. Azərbaycan antiterror əməliyyatını keçirməyə, separatçıları məhv etməyə hazırdır. Siz dediyiniz kimi, rus hərbçilərinin bölgədə olması faktı var ki, hesab edirəm, bunun da çıxış yolu mövcuddur. Azərbaycan indiyədək atdığı diplomatik addımlarını bir-bir Rusiyanın qarşısına qoymalıdır. Deyilməlidir ki, reinteqrasiyadan imtina edildi, danışıqlardan boyun qaçırıldı, Üçtərəfli Birgə Bəyanatın bədləri icra olunmadı, İrəvan faktiki olaraq, sülh danışıqlarından imtina edib, Lavrovun dediyi “birgəyaşayışdan” da imtina olunub, təxribatlar davam edir və s. Belə olan halda Azərbaycan nə etməlidir? Artıq formanı Azərbaycanın Müdafiə Nazirliyi müəyyən etməlidir: nöqtə əməliyyatı olacaq, antiterror əməliyyatı olacaq, yoxsa genişmiqyaslı müharibə edəcək. Bunu Rusiyanın da diqqətinə çatdırmaq lazımdır ki, başqa yol qalmayıb.

Müəllif: Anar Bayramoğlu