“Amerikamı İranın əxlaq polisinə dedi ki, Məhsa Əmini öldür?”

Aktual

21.09.2022 - 18:05

Sədrəddin Soltan: “Tehran daxildəki böhrandan diqqət yayındırmaq üçün etirazlarda Qərb “barmağı” axtarır”

İranda kütləvi etirazlar davam edir. Hicaba görə saxlanılan qızın ölümü ilə bağlı Rəşt şəhərində polis və etirazçılar arasında baş verən qarşıdurmadan sonra Tehranda Məhsa Əminin ölümü ilə bağlı etiraz aksiyası keçirilib. Tehranın Vəliəsr xiyabanında keçirilən aksiyanı dağıtmaq üçün xüsusi qüvvələr cəlb olunub. Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndiriblər. Təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında qarşıdurma baş verib. Qarşıdurma yanğınlarla müşahidə edilir.

Analoji aksiya Məşhəd şəhərində də keçirilib. Qeyd edək ki, son günlər Məhsa Əminin əxlaq polisinin binasında ölümünə etiraz məqsədi ilə İranın bir çox şəhərlərində aksiyalar keçirilir. Kürdüstan əyalətinin Saqqız şəhərində bazarda mağaza sahibləri etiraz əlaməti olaraq mağazalarını açmayıblar. Müxtəlif şəhərlərdə qadınlar Əminin ölümünə etiraz məqsədilə baş örtüklərini yandırıb, saçlarını kəsirlər.

AYNA qonşu ölkədə baş verənləri Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, iranşünas ekspert Sədrəddin Soltanla müzakirə edib.

- Paytaxt Tehranda və İranın digər şəhərlərində yenidən kütləvi etirazlar baş qaldırıb. Cənub qonşumuzda nə baş verir?

- Son bir neçə ildə İranda etiraz aksiyaları müntəzəm olaraq baş verir. Bu aksiyalarının mahiyyətində isə sosial problemlərə etirazlar dayanır. Son hadisələr İranın Kürdüstan əyalətində 22 yaşlı bir gəncin əxlaq polisi tərəfindən qətlə yetirilməsi ilə başladı. Bu hadisədən sonra İranın müxtəlif şəhərlərində də anaoloji etiraz aksiyaları keçirilib. Xüsusilə, Kürdüstan əyalətində aksiyaların miqyası daha böyükdür. Polislə etirazçılar arasında tooquşmalar qeydə alınır. Rejim hicab qaydalarının pozulmasına görə insanları qətlə yetirir və son aksiyalar hakimiyyətin davranışına etirazdır.

Artıq əhali rejimin onların daxili işlərinə müdaxilə etməsindən təngə gəlib. Cəmiyyət artıq rejimin ailə məsələlərinə, insanların şəxsi həyatına müdaxiləsini qəbul etmək istəmir. 43 ildir davam edən bu siyasətə etiraz olaraq bu günə qədər çoxsaylı belə aksiyalar keçirilib. Son dövrlər isə bu aksiyaların miqyası daha da böyüyüb. Əxlaq polisi fəaliyyətini gücləndirir və əhali buna sərt formada etiraz edir. Məhsa Əminin qətlə yetirilməsi bu etirazlar üçün əsas impuls oldu.

- İddialar var ki, İrandakı etiraz aksiyalarında Qərbin də “barmağı” var. Bu iddiaları bölüşürsünüzmü?

- Bu gün dünyada siyasi nizam dəyişir və bütün diplomatik oyunçular çılpaq şəkildə öz maraqlarını ortaya qoyur. Lakin bu, o demək deyil ki, hər hansı ölkənin daxili etirazlarında mütləq hansısa kənar qüvvələrin rolu və iştirakı var. Kürdüstan əyalətində gənc xanımın qətlə yetirilməsini Qərb sifariş etmişdi? Qərb İranın əxlaq polisinə demişdi ki, get 23 yaşlı xanımı öldür? İran rejimi özü buna zəmin yaradır. Onlar insanların şəxsi həyatına müdaxilə etməsəydilər, bu aksiyalar da olmayacaqdı. Olduqca məntiqsiz bir bəhanədir ki, fars rejimi daim bundan istifadə etməyə çalışır. Çünki fərqindədir ki, insanlar artıq rejimin siyasəti ilə barışmaq niyyətində deyillər. Bunun qarşısını almaq üçün mənasız arqumentlərdən istifadə edirlər.

İran cəmiyyəti ictimai baxımdan aktiv cəmiyyətdir və dünya dəyişdikcə, onlar da dəyişməyə çalışırlar. 43 il qabaq baş vermiş inqilabın tələbləri həyata keçirilməyib. İranda inqilab islahatları yarımçıq qalıb. Cəmiyyət həyata keçirdiyi inqilabın nəticəsini görməyib. Günü-gündən ağırlaşan sosial, siyasi, iqtisadi, mədəni və s. sahələrdəki böhranlı vəziyyət öz növbəsində etirazlar doğurur. Bundan təbii ki, Qərb də öz maraqlarının təmin olunması istiqamətində istifadə edir. Misal üçün, gənc xanımın qətlə yetirilməsinə ABŞ dairələri, beynəlxalq təşkilatlar kəskin etiraz etdilər. Məhz molla rejiminin davranışları ABŞ və Qərbi buna təhrik edir. Fars rejimi 43 ildir islahat aparmır və həmişə olduğu kimi, daxildəki etirazlarda ABŞ, İngiltərə və İsrail “barmağı” axtarır.

- Rusiyaya qarşı təzyiqlər fonunda ABŞ-ın İrana qarşı da təzyiqlərə başlaması iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcəkmi?

- İranın Ali Dini Rəhbəri Əli Xameneyinin Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı verdiyi bəyanatlar bir daha sübut edir ki, İran Ukrayna məsələsində şimal qonşumuzun yanındadır və birmənalı şəkildə onu müdafiə edir. Və hərbi avadanlıq göndərməklə Rusiyaya açıq dəstəyini ifadə edir. Son günlər Ukrayna rəmsilərinin İranla bağlı söylədikləri - baxmayaraq ki, rəsmi Tehran bunu qətiyyətlə təkzib edir - İranın kimdən yana olmasını aydın şəkildə ortaya qoyur.

Ancaq bununla yanaşı, İranın öz maraqlarını Rusiyaya qurban verəcəyi qənaətində də deyiləm. Onların arasında əməkdaşlıq müəyyən bir yerə qədərdir. Bir müddət sonra maraqları toqquşacaq və yollar ayrılacaq. Çünki hər ikisi ağır sanksiyalara məruz qalır. Qarşıdakı dönəmdə hər iki ölkədə sosial-iqtisadi vəziyyət pisləşəcək. Bundan sonra İran ya Qərbin qarşısında boyun əyəcək, ya da anlaşmağa çalışacaq. Yaxın gələcəkdə İran il Rusiya arasında münasibətlər kəskinləşəcək.

- İranın Ermənistana dəstəyi davam edir. Sizcə, 44 günlük Vətən müharibəsindən sonra Tehranın ölkəmizə yönəlik təzyiqləri nədən qaynaqlanır?

- Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra İranla Ermənistan daim müttəfiq münasibətlərində olub. Bu müttəfiqlik həm Azərbaycana, həm də Türkiyəyə qarşı yönəlib. İstər torpaqlarımız işğal altında olduğu dövrlərdə, istərsə də tarixi zəfərimizdən sonra İran daim Ermənistanı dəstəkləyib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra, indi Ermənistan adlandırılan Qərbi Azərbaycan ərazisindəki tarixi toponimlərinin adlarını bərpa etdi. Məsələn, Zəngəzur, İrəvan, Göyçə, Qarakilsə, Basarkeçər və digər erməniləşdirilmiş tarixi Azərbaycan torpaqları öz qədim adları ilə adlandırılmağa başlandı.

İran tərəfi tarixi Azərbaycan toponimlərinin bərpasından təşvişə düşüb. Fars rejimi Ermənistanın yürütdüyü siyasəti eynilə Güney Azərbaycanda həyata keçirir. Azərbaycana məxsus tarixi yer adları dəyişdirilərək farslaşdırılıb. Məsələn, Qaradağ mahalına Arazbaran, yaxud Muğana Parsabad adı verilib. İran Ərdəbilin yaşayış yerlərinin, çaylarının adlarını necə dəyişdiribsə, eyni addımları da Ermənistan atıb. Azərbaycan isə bu tarixi ədalətsizliyi aradan qaldırır. Göründüyü kimi, İran rejimi Azərbaycanın və Türkiyənin inkişafından narahatlıq keçirir və hər vəchlə buna mane olmağa çalışır. Bu siyasət bu gün də daam edir.

Müəllif: Azər Niftiyev