Mehriban Əliyeva: “Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir”
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cəbhədəki düşmən təxribatı ilə bağlı paylaşım edib. AYNA-nın xəbərinə görə, Birinci vitse-prezidentin paylaşımı “Instagram” hesabında yayımlanıb
“Azərbaycan Ordusu hərbi təxribata cavab olaraq hazırda əks-hücum əməliyyatı keçirir. Deyə bilərəm ki, əməliyyat uğurla keçirilir. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib”, - deyə M.Əliyeva vurğulayıb.
Birinci vitse-prezident qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu barədə Təhlükəsizlik Şurasının iclasında məlumat verib: “Ordumuzun uğurlu əks-hücum əməliyyatı münasibətilə Azərbaycan xalqını təbrik edən dövlətimizin başçısı deyib - Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır!”.