Ali məktəbə qəbulda keçid balı 68 ola bilər? - <font color=red> ÇAŞQINLIQ YARANDI</font>

Aktual

24.09.2020 - 18:44

Ekspert: “Subbakalavr 150-200 balla qəbul olduğu ixtisasda builki bakalavrlar 500-600 balla oxuyur. Sistem elə qurulub ki, hamımız qarışıq salırıq”

 

Dünən ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb. Lakin aşağı balla ali məktəblərə qəbul olunanların nəticəsi bir çox insanda çaşqınlıq yaradıb. Belə ki, “Xəzər Universitetinin Turizm işinin təşkili (tədris ingilis dilində) dövlət sifarişli, keçid balı 68, Bakı Dövlət Universiteti Beynəlxalq Münasibətlər dövlət sifarişli, keçid balı 283, ADMİU Turizm işinin təşkili, dövlət sifarişli, keçid balı 207, BDU Turizm işinin təşkili ixtisasında dövlət sifarişli, keçid balı 390 baldan 252 bala endi”, - deyə sosial mediada paylaşımlar edilir.

 

Mövzu ilə bağlı AYNA-ya danışan təhsil eksperti Elçin Əfəndi məsələnin əslinə aydınlıq gətirib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2019-cu il qərarına əsasən subbakalavr dərəcəsi olan (kollec bitirən) şəxslər müsabiqəyə imtahansız qatılaraq ixtisas seçiminə buraxılırlar: “Onlara müvafiq ixtisaslar üzrə (kollecdə qazandıqları ixtisaslara uyğun olan) ixtisas seçim hüququ verilir. Hər bir ixtisas üzrə müsabiqə balı təqdim edilir. Məsələn, II qrupda turizm, regionşünaslıq və s. kimi ixtisaslar üzrə 150 bal, dövlət sifarişinə isə 200 bal. Onlar bu balla iştirak edirlər. Amma ixtisasa yerləşdirmə zamanı onların kollec üzrə əldə etdikləri qiymətlərin Ümumi Ortalama Müvəffəqiyyət Göstəricisi əsas götürülür. O da 100 ballıq şkala ilə ölçülür. Boloniya sistemi olduğu üçün 100 baldır. Əgər subbakalavrın 68, 70, 90 və s. kimi ÜOMG varsa, onların qəbul olma şansı daha çoxdur”.

 

Ekspert onu da vurğulayıb ki, subbakalavr 150-200 balla qəbul olduğu ixtisasda builki bakalavrlar 500-600 balla oxuyur: “Sistem elə qurulub ki, hamımız qarışıq salırıq. 400 və daha artıq bal toplayanla 150 bal toplayan, həmçinin kollec məzunu olan və ÜOMG 60+ olan şəxs də eyni ixtisasda oxuyur. Mən neçə ildir ki, bu vəziyyətin davasını edirəm. Balları aşağı salmaq lazım deyil, təhsilin keyfiyyətini yuxarı qaldırmaq lazımdır. Amma məsələ elə də qalıb”. 

Müəllif: Ayna.az