Aİ Ukrayna üçün gələn il 5 mlrd. avro yardım paketi təklif edir

Dünya

02.10.2023 - 22:41

Cozef Borrell sonradan bu rəqəmin arta biləcəyini deyib

"Mən Ukraynaya gələn il üçün 5 milyard avroya qədər yeni ikitərəfli yardım paketi təklif etmişəm".

AYNA xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borrell Kiyevdə Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

"Ümid edirəm ki, Aİ-yə üzv dövlətlər bu təkliflə bağlı il başa çatmazdan əvvəl razılığa gələ biləcəklər", - Borrell əlavə edib.

O vurğulayıb ki, 5 milyard avro yalnız bir il üçün nəzərdə tutulub və sonradan bu rəqəm arta bilər.

Cozef Borrell Ukrayna hərbçilərinin Aİ ölkələrində təlimlərinin davam etdiyini də xatırladıb: "Hədəfimiz qarşıdakı aylarda təlim keçən Ukrayna hərbçilərinin sayını 40 000-ə çatdırmaqdır ki, bura hərbi təyyarələr idarə edən pilotların da təlimləri daxildir".

Borrell qeyd edib ki, Aİ və Ukraynanın hərbi sənayeləri arasında əməkdaşlığı gücləndirmək üçün də tərəflər işləyir: "Bu gün bizim burda olmağımız Aİ-nin Ukraynanın təhlükəsizliyinə və bu ölkəyə dəstəyinə sadilqiyinin bir daha sübutudur. Biz bununla Rusiyaya siqnal göndəririk ki, biz onun dronlarından, raketlərindən qorxmuruq".

Müəllif: Ayna.az