Addım-addım sülhə doğru: Qazağın 4 kəndinin qaytarılması sazişə ümidi artırdı

Aktual

20.04.2024 - 10:17

İlham İsmayıl: “Hər iki dövlət öz maraqlarını nəzərə alaraq, anklavlar məsələsini də qısa müddətdə həll etməlidir”

Ermənistan Qazağın işğalda saxladığı kəndlərindən anklav olmayan dördünü Azərbaycana qaytarmağa razılaşıb. Belə ki, dünən Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

Görüşlə bağlı açıqlanan məlumatda qeyd edilib ki, komissiyalar aşağıdakılar barədə razılığa gəliblər:

- Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

- Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

- Razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

- Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.

- Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

- Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.

Görüşün nəticəsində protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçı qaydada razılaşdırılması qərara alınıb.

Qazaxın kəndlərinin qaytarılması və delimitasiya və demarkasiya işləri ilə bağlı razılığa gəlinməsi məsələsini AYNA-ya müsahibəsində şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, bu, böyük uğurlardan biridir:

- Fürsətdən istifadə edib xalqımızı, ölkə rəhbərliyini, işğaldan azad edilən kəndlərin sakinləri olan vətəndaşlarımızı təbrik edirəm. Bu, Azərbaycanın növbəti zəfəridir. Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının ardınca Qazaxın 4 kəndinin qaytarılması tarixi hadisələrə şahidlik etdiyimizi göstərir.  

Bu, Azərbaycanla Ermənistan arasında ilk demarkasiya işidir. Razılaşma qeyri-anklav kəndlər arasındadır. Bu prosesə gəlib çatmaq çox mürəkkəb oldu. Təbii ki, bu mürəkkəbliyi Azərbaycan tərəfi yaratmırdı. Bizim haqlı, hüquqa əsaslanan mövqeyimiz bu idi ki, həmin kəndlər Azərbaycana qaytarılmalıdır. Uzun danışıqlardan, iclaslardan sonra müsbət qərar verildi. Hesab edirəm ki, bu, etimadı artıran addımdır. Perspektivdə sülh sazişinin imzalanması var. Amma sülh sazişindən əvvəl etimad yaranmalı idi ki, Qazağın işğalda olan qeyri-anklav kəndlərinin əməliyyatsız qaytarılmasının razılaşdırılması etimad quruculuğunun başlanğıcı sayıla bilər. Dörd kəndin ilkin mərhələdə qansız-qadasız, bir güllə atılmadan qaytarılması Azərbaycan diplomatiyasının böyük uğurudur.

- Bundan sonrakı prosesi necə qiymətləndirmək olar?

- Bundan sonra çox şeylərin qarşısı alınacaq. Təxribatlar gözlənilirdi ki, bu təxribatların baş vermək ehtimalı azaldı. Martın əvvəllərində Qazaxın kəndlərinin qaytarılması məsələsi gündəmə gəldikdən sonra Ermənistan Baş naziri Nikol Paşinyan iki dəfə bölgəyə, Qazaxla sərhəddəki Tavuşa səfər etdi, gərginliklər yarandı. Paşinyanla yanaşı, erməni hakimiyyətinə müxalif olan qüvvələrin Tavuşa səfərləri gerçəkləşdi, orada sərhəd kəndlərinin sakinlərini qızışdıracaq bəyanatlar verildi, orada xidmət aparan erməni əsgərlərinə qızışdırıcı çağırışlar edildi. Gözlənilirdi ki, sərhəddə gərginlik toqquşmalarla nəticələnəcək. Amma Azərbaycanın soyuqqanlı, səbirli və uğurlu diplomatik gedişləri ilə bu baş vermədi. Düşünürəm ki, bundan sonra təxribatlar da o istiqamətdə baş verməyəcək.

- İrəvanın anklav olmayan 4 kəndin dinc yolla qaytarılmasına razı olması Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə eyni vaxta təsadüf edir. Sizcə, burada bir əlaqə varmı?

- Tam əlaqə olmasa da, təsirlər böyükdür. Hesab edirəm ki, Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması prosesinin rəsmən başladılması da Qazaxın 4 kəndinin qaytarılmasını sürətləndirən amillərdən biri oldu. Azərbaycan perspektiv təxribatlara yol verilməsi imkanlarını diplomatik yolla sıradan çıxardı. Erməni revanşistləri inanırdılar ki, sülhməramlılar Qarabağda qalmaq üçün erməniləri bölgəyə qaytaracaqlar, Rusiyanın təsirləri artacaq və bu fürsətdən istifadə olunaraq Qazağın kəndlərinin qaytarılması prosesi də baş verməyəcək. Amma sülhməramlıların çıxarılmasına başlanılması dörd kəndimizin qaytarılması prosesini sürətləndirdi. Müqavimət göstərmək fikrində olan ermənilər gördülər ki, ideyaları mənasızdır, Azərbaycan istədiyinə nail olur. Ona görə ki, Azərbaycan haqqı, hüququ tələb edir. Beynəlxalq aləm də, Azərbaycana qarşı olan qüvvələr də bizim haqlı tələbimizin qarşısında aciz qalırlar.

- Razılaşmada hər iki tərəfin sərhədçilərinin paralel şəkildə yerləşdirilməsi qeyd edilib. Bu hansı formada həyata keçiriləcək?

- Burada Ermənistan və Azərbaycan kəndlərinin elə yerləri var ki, orada məsafə çox yaxındır, cəmi 50 metrdir. Hətta elə ərazilər var ki, orada bizim sərhədçilərimizin dayanacağı yer  onların istifadə etdikləri yola daha yaxındır. Voskepar-İcevan yolu, eyni zamanda, Gürcüstana gedən yol var ki, bizim kəndlərin yaxınlığından keçir. Razılaşdırılan sənəddə qeyd edilib ki, gərginlik yarada biləcək hallardan yeni yol çəkilənədək yan keçiləcək.

- Təhlükəsizlik hansı formada təmin ediləcək?

- Azərbaycan tərəfindən hansısa təhlükənin olmadığını artıq ermənilər də anlayırlar. Əgər orada erməni sərhədçiləri dayanırlarsa, hansı təhlükədən söhbət gedə bilər? Əvvəl deyirdilər ki, “biz Azərbaycan əsgərinin tətiyi altında qalacağıq, belə yaşaya bilmərik”. İndi Ermənistan hakimiyyəti həmin kəndlərin sakinlərinə deyir, “axı bu tərəfdə də erməni əsgəri dayanır”. Ona görə də təhlükəsizliyin təmin olunmasında elə də problem yaşanmayacaq.

- Sərhəddə gərginlikdə maraqlı olan üçüncü qüvvə revanşist ermənilərdən istifadə edərək təxribata əl ata bilərmi ki, proses məntiqi sona çatmasın?

- Əlbəttə, mümkündür. Amma Ermənistan rəhbərliyi anlamalıdır ki, sərhədçilərin içərisi nə hansısa terror təşkilatlarının üzvlərini, revanşa meyilli hərbçiləri daxil etmək olmaz. Ermənistan rəhbərliyi şübhəli bildikləri zabitləri xüsusi xidmət orqanlarının vasitəsilə müəyyənləşdirməlidirlər, belə hərbçilərin sərhədə yaxın gəlməsinə imkan verməməlidirlər. Əslində İrəvan maraqlı olmalıdır ki, hansısa təxribatla bu razılaşmaya xələl gəlməsin. Aydındır ki, Azərbaycan kəndlər azad edildikdən, sərhəd müəyyənləşdikdən sonra silaha əl atmayacaq. Biz öz ərazimizdəyiksə, niyə təxribat törədək?! Üçüncü qüvvələr son bir ay ərzində Azərbaycanı təxribata çəkdilər. Amma bu baş tutmadı, sonda da Ermənistan etiraf etdi ki, atəşkəsi onlar pozublar. Azərbaycan mövqeyini ortaya qoyub və bu mövqe də sülhlə problemlərin həllidir.

- Məlumdur ki, işğalda daha 4 anklav kənd – Qazaxın 3, naxçıvanın bir kəndi qalır. Bu kəndlərin taleyi necə olacaq?

- Anklav kəndlərlə bağlı danışıqlar davam edəcək. Yəqin ki, ekspert qrupu yaradılacaq və bu qrupun anklav kəndləri ilə bağlı iclasları keçiriləcək. Həmin müzakirələr nəticəsində anklav kəndlərlə bağlı delimitasiyanın, demarkasiyanın hansı formada həll edilməsi razılaşdırılacaq. Anklavlarla bağlı beynəlxalq təcrübələr var, hansı ki, bu təcrübələrdə ərazi mübadiləsi, kompensasiya və s. mövcuddur. Siyasi ekspert qrupu bu işlə məşğul olacaq. Hər iki dövlət öz maraqlarını nəzərə alaraq, anklavlar məsələsini də qısa müddətdə həll etməlidir.

Müəllif: Anar Bayramoğlu