Pentaqon səudiyyəli hərbçilərə təlim keçirilməsini dayandırıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Səudiyyə Ərəbistanından olan hərbçilərin operativ hazırlığını dayandırıb. AYNA xarici mətbuata əsasən xəbər verir ki, bu barədə qərarın verilməsinə, Florida ştatındakı hərbi bazada baş verən atışma səbəb olub.
Az əvvəl Pentaqon, Səudiyyə Ərəbistanının hərbi aviasiyada təhsil alan 300-dən çox tələbəsi üçün uçuş təlimlərinin müvəqqəti olaraq dayandırılması barədə açıqlama vermişdi. Pentaqon rəhbərinin köməkçisi Devid Norkvist keçirdiyi brifinqdə, məhdudiyyətlərin ABŞ-da hərbi təhsil alan 852 səudiyyəli tələbəyə şamil ediləcəyini söyləyib.
Məlumat üçün deyək ki, ötən cümə günü Florida ştatındakı hərbi bazaya hücum nəticəsində, hadisəni törədən şəxs də daxil olmaqla, 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Basqınçının Səudiyyə Ərəbistanının bir hərbi bazasında təlim keçmiş Məhəmməd Səid əl-Şamrani adlı bir əsgər olduğu bildirilir.