"Hizbullah"ın lideri İsraili hədələdi: "Cavablarını alacaqlar"

Dünya

26.08.2019 - 23:11

“İsrailin atdığı addıma cavab verməzsək, yenidən təkrarlanacaq"
 
Hizbullahın lideri Həsən Nəsrullah İsrailə məxsus pilotsuz uçuş aparatının Hizbullahın media mərkəzinə düşməsi nəticəsində zərər görməsindən sonra təhlükəli açıqlama verib. AYNA musavat.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
 
Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Hizbullah terror təşkilatına məxsus media mərkəzinə İsrailin iki pilotsuz uçuş təyyarəsinin düşməsindən sonra Nəsrullah açıqlama verib: “İsrailin atdığı addıma cavab verməzsək, yenidən təkrarlanacaq. Heç kim özünü rahat hiss etməsin, bəlkə bir, bəlkə üç günə etdiklərinin qarşılığını görəcəklər”.
 
“Yeni bir mərhələdəyik” deyən İranın dəstəklədiyi təşkilatın lideri Həsən Nəsrullah İsrailin təyyarələrindən “sui-qəsd missiyasını yerinə yetirən intihar təyyarələri” – deyə bəhs edib.
 
Bunun 2006-cı ildəki müharibədən bəri İsrailin Livana qarşı təşkil etdiyi ilk hücum olduğunu bildirən Nəsrullah müqəddəs torpaqların viran qalmasına izn verməyəcəyini də açıqlayıb.
 
İraqı tez-tez hədəf alan pilotsuz uçuş aparatlarının hücumlarını xatırladan Hizbullah lideri bildirib ki, “Artıq İsrailin Livana girməsinə icazə verməyəcəyik və hər birini vuracağıq. Eyni şeyi bir neçə gündür, İraqda təkrarlayırlar. Əgər biz də buna göz yumsaq bu gün bir binamızı, sabah başqasını, o biri gün isə məcsidimizi partladarlar”.
 
“İsrailin uçuş aparatları bundan sonra Livanı vurub, rahat şəkildə geri dönə bilməyəcək. Hər hücuma cavab veriləcək. İsrail Livanın sərhədlərində, işğal altındakı torpaqlarda yaşayan yurtdaşlarına təhlükəsizlikdə olduqlarını söyləyir, lakin bu, belə deyil. Mən də onlara deyirəm ki, bir daha İsrailin hücumu təkrarlansa, sərhədərimizdəki İsrail əsgərləri qaçmağa hazırlaşsın” – deyə Həsən Nəsrullah söyləyib.
Müəllif: Ayna.az