“Bu yalnız fiziki bir proses deyil, həm də mənəvi işgəncədir"
ABŞ-da mart ayında koronavirusa yoluxan 26 yaşlı Kristian Bermea iki ay ərzində 3 dəfə virusa yoluxub və ölkə mediasının gündəmini zəbt edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Bermea martın 16-da qızdırma və sinə ağrıları ilə xəstəxanaya müraciət edib və 3 gün sonra ona koronavirus diaqnozu qoyulub.
“Daily Star”-ın məlumatına görə, ilk diaqnozdan sonra müalicə alıb sağamasına baxmayaraq, Bermeaya daha iki dəfə virus diaqnozu qoyulub: “Hələ özümü 100 faiz yaxşı hiss etmirəm. İlkin prosesdən sonra nisbətən yaxşıyam. Lakin qoxu hissim eyni deyil və zaman-zaman yorğunluq və nəfəs darlığı hiss edirəm”.
Bermea bu həftə ərzində yenidən tets olunacağını bildirib: “Bu yalnız fiziki bir proses deyil, həm də mənəvi işgəncədir. Testim yenidən müsbət nəticə versə, bir az da gözləyəcəm”.
Baş verənləri şərh edən həkimlər bildiriblər ki, belə xəstələr virusla bağlı sualları artırır: “Lakin testin müsbət çıxması xəstəliyi insanlara yoluxduracağınız mənasına yox, bədəninizdəki genetik kodun bir hissəsi olduğu mənasına gəlir”.