“Diplomatiyanı rədd edən tək ölkə olmaq mümkün deyil”
Gürcüstan Prezidenti Salome Zurabişvili Abxaziya və Cənubi Osetiya ilə probleminin həllində yeni yollar tapmaq və Rusiya ilə dialoqa başlamaq təşəbbüsü ilə çıxış edib. AYNA gürcü mediasına istinadən bildirir ki, Prezident bu fikirləri Gürcüstan Parlamentinin yeni çağırışının ilk iclasında səsləndirib.
Zurabişvili deyib ki, yeni yanaşma və həll üçün yeni strategiya lazımdır: “Bütün dünyadan və ən yaxın tərəfdaşlarımızdan fərqli olaraq, diplomatiyanı rədd edən tək ölkə olmaq mümkün deyil”.
“Dialoqun formatları var və bu istiqamətdə beynəlxalq tərəfdaşların dəstəyi lazımdır. Abxaz və osetin qardaşlarımızla yaxınlaşmaq üçün yeni yanaşmalar tapmaq vacibdir. Bunun üçün bütün imkanlardan istifadə etmək lazımdır”, - Gürcüstan Prezidenti vurğulayıb.
Qeyd edək ki, Rusiya 2008-ci ildə Abxaziya və Cənubi Osetiya separatçılarının “müstəqilliyini” tanıdıqdan sonra rəsmi Tiflis Moskva ilə diplomatik münasibətlərini kəsdi.