Zəlzələ təşvişi və alimdən çağırış: “Sakitcə gözləyin, ora-bura qaçmayın”

Aktual

23.02.2023 - 10:21

Tahir Məmmədli: “Türkiyədə baş verən yeraltı təkanların seysmik baxımdan Azərbaycana aidiyyəti yoxdur”

“Əksər bədbəxt hadisələr ondan yaranır ki, insanlar tələsik mənzillərdən və binalardan çıxmağa və yaxud ora daxil olmağa tələsirlər”

Türkiyənin Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 bal olmaqla 32 ardıcıl təkan baş verib. Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss olunub. Zəlzələlər nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. Baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub şərqində 7,7 bal gücündə zəlzələ baş verib. Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ nəticəsində həlak olanların sayı 40 mini ötüb. Yüzminlərlə insan isə yaralanıb. Baş vermiş faciə ilə əlaqədar Türkiyədə bir həftəlik matəm elan olunub, 10 şəhərdə isə üç aylıq fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Fevralın 21-də İranda episentri Bəndər Abbas şəhərindən 113 kilometr şimal-qərbdə yerləşən və 5,3 maqnitudalı zəlzələ baş verib. Yanvar ayının 29-da Qərbi Azərbaycan əyalətində, çoxlu binaların dağılmasına səbəb olan Xoy şəhərində qeydə alınan zəlzələdən sonra bu İranda ikinci zəlzələdir.

Göründüyü ki, son dövrlər yerləşdiyimiz coğrafi region davamlı yeraltı təkanların baş verdiyi, seysmik aktivliyin müşahidə olunduğu əraziyə çevrilib. Yeri gəlmişkən, Azərbaycanda da dünən iki dəfə zəlzələ olub – İmişlidə və Lerikdə. Lakin zəlzələlər hiss edilməyib. Yeraltı təkanların davam edəcəyi, Azərbaycanda da zəlzələ olacağı ilə bağlı narahatlıqlar əhalinin əsəblərinə hakim kəsilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri, professor Tahir Məmmədli AYNA-ya müsahibəsində mövzu ilə bağlı fikirlərini bölüşüb.

- Türkiyənin Hatay vilayətində yenidən yeraltı təkanlar qeydə alındı. Yüzlərlə insanın xəsarət alması ilə müşaiyət olunan zəlzələ ilə bağlı proqnozlarınız nədən ibarətdir? Türkiyədə növbəti zəlzələlər gözlənilirmi?

- Yerin müxtəlif süxurlardan təşkil olunması, yerin daxili qatlarında olan temperatur və təzyiq fərqi nəticəsində litosferdə müxtəlif proseslər gedir. Bu proseslər mənşəyinə görə endogen və ekzogen olur. Daxili, yəni endogen proseslər yer səthində yüksəklik və çökəklikləri yaradır. Süxurların yatım formalarını pozur, vulkan və zəlzələləri yaradır. Litosferdə çatların, qırışıqların əmələ gəlməsi ilə müşahidə olunan şaquli və üfüqi hərəkətlər tektonik hərəkətlər adlanır. Bu proseslərin təsiri nəticəsində süxur layları üfüqi, maili, şaquli vəziyyət alır və ya çatlarla müxtəlif hissələrə ayrılır. Türkiyədə baş verən təkrar zəlzələlərə gəldikdə isə deyə bilərəm ki, yeraltı təkanların davam etməsi avterşoklarla bağlıdır. Diqqət etsək görərik ki, fevralın 6-da bir neçə güclü zəlzələ baş verdi. Bir neçə gün öncə baş verən zəlzələ də bunun davamıdır, yəni avterşokdur. Avterşoklar nə qədər davam edəcək, yeni zəlzələlər gözlənilirmi, bu barədə heç kim dəqiq proqnoz verə bilməz. Bilinən yalnız odur ki, qeyd olunan ərazidə seysmik aktivlik artıb və avterşoklar davam edə bilər. Məhz elə bu səbəbdən də Türkiyə hökuməti dağıdıcı yeraltı təkanların baş verdiyi 10 şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edib.

- Türkiyə ilə yanaşı, İranda, Azərbaycanda da zəlzələlər qeydə alındı. Düzdür, Azərbaycandakı yeraltı təkanlar hiss olunmadı. Sizcə, əhalinin təşvişə düşməsi üçün əsaslar varmı?

- Bu zəlzələnin nəinki Azərbaycana, hətta Ankara və İstanbulun özünə də seysmik təsiri yoxdur. Yəni tamamilə fərqli ərazilərdir. İl ərzində dünyada müxtəlif yeraltı təkanlar baş verir. Onların arasında dağıdıcı maqnitudaya malik olanları da olur. Bu o demək deyil ki, dağıdıcı zəlzələlər digər ərazilərdə də qeydə alınacaq. Seysmologiyada belə bir anlayış mövcud deyil. Hətta Bakıda yeraltı təkanlar baş versə belə, bunun Türkiyədəki zəlzələlərlə bağlılığı mövcud deyil. Bu səbəbdən paralellər aparmağa, təşvişə düşməyə ehtiyac yoxdur.

- Maarifləndirmə işləri də vacib məqamlardan biridir. Bir mütəxəssis kimi tövsiyyəniz nədir – zəlzələ vaxtı necə davranmaq və qorunmaq lazımdır?

- Sakitcə gözləyin, ora-bura qaçmayın. Başqalarını qorxuya sala biləcək hərəkətlərə yol verməyin. Yaxşısı budur ki, ilk təkan vaxtı harada olsanız, elə orada da qalaraq titrəyişin qurtarmasını gözləyin və ancaq bundan sonra təhlükəsiz yerə keçin. Əksər bədbəxt hadisələr ondan yaranır ki, insanlar tələsik mənzillərdən və binalardan çıxmağa və yaxud ora daxil olmağa tələsirlər. Bəziləri isə hətta yuxarı mərtəbələrin pəncərələrindən yerə tullanır ki, bu da çox vaxt xoşagəlməz hadisələrlə nəticələnir. Əgər otaqdasınızsa, təcili olaraq təhlükəsiz yerə keçin. Masanın və ya çarpayının altına girin. Otağın daxili qapı boşluğunda və daxili küncündə durun. Yadda saxlayın ki, ən çox binanın xarici divarları uçur. Ona görə də heç vaxt otağın xarici divarlarına yaxın yerdə durmaq olmaz. Qaçaraq binadan çıxmayın, belə ki, yuxarıdan divar boyu düşən qırıntılar çox təhlükəli olur. Siyahını uzatmaq da olar. Ən vacib məqam isə təşvişə düşməmək, təmkin nümayiş etdirməkdir.

- Azərbaycanda seysmik aktivlik hansı səviyyədədir? Ən çox zəlzələ riski olan bölgələrimiz hansılardır?

- Qeyd edim ki, son bir il ərzində Azərbaycanda 2949 zəlzələ faktı qeydə alınıb. 3 maqnituda gücündə 56 zəlzələ baş verib. 17 zəlzələ isə hiss olunub. Ölkəmizin ərazisi bütövlüklə 7 ballıq zəlzələ rayonu olmaqla yanaşı, onun bir çox yerləri, o cümlədən, Abşeron yarımadası, Şamaxı, Şəki-Zaqatala zonası 8 ballıq zəlzələ rayonuna aid edilir. Şamaxı şəhərində daha çox dağıdıcı zəlzələlər olub. Böyük Qafqazda 1981-ci ildə İsmayıllı, 1998-ci ildə Ağdaş və 2000-ci ildə Bakı zəlzələləri yüksək maqnituda qeydə alınıb. Kiçik Qafqazda isə əsas zəlzələ ocağı Gəncə şəhəri və onun cənub ətraf sahələridir. Bura da 8 ballıq zəlzələ rayonuna aid edilir. Burada əsas dağıdıcı zəlzələlər 427 və 1139-cu ildə qeydə alınıb. Hər iki zələzələnin gücü 9 bal olub. Respublika Seysmoloji Xidmət Mərkəzi bununla bağlı vəziyyəti nəzarətdə saxlayır və müntəzəm məlumatlar yayır.

Müəllif: Azər Niftiyev