Danışıqlar münaqişəni həll etməyəcək – <font color=red> YEKDİL RƏY</font>

Aktual

15.10.2020 - 13:24

“Gəncənin bombalanmasına görə həm əmri verən Paşinyan, həm də əmri icra edən hərbçilər günahkardırlar”

 

Dağlıq Qarabağda gedən şiddətli döyüşlər bütün dünyada diqqətlə izlənilir. AYNA baş verənlər barədə Türkiyə və Ukraynadan olan hərbi ekspertlər Abdullah Bekçi və Aleksey Arestoviçlə həmsöhbət olub.

 

- Erməni raketləri cəbhə xəttindən uzaq olan Azərbaycan şəhərlərinə düşür. Rusiyanın vasitəçiliyi ilə humanitar atəşkəs razılaşmasından bir neçə saat sonra Ermənistan tərəfi Gəncəni vurdu. Nəticədə dinc sakinlər öldürüldü, qadınlar və uşaqlar da daxil olmaqla, onlarla insan yaralandı. Bu, ermənilərin xüsusi bir müharibə strategiyasıdır?

 

Bekçi: Bu, Ermənistanın bir dövlət kimi nə qədər mənəviyyatsız olduğunu sübut edir. Hərbi əməliyyatlar zamanı mülki şəxslər toxunulmazdır.

 

Arestoviç: Onların etdikləri insani bir böhrana səbəb olmaq, intiqam almaq və Azərbaycan əsgərlərinin ruhunu sarsıtmaq, onların düşmənləri deyil, ailələrini düşünməyə vadar etmək cəhdidir. İnsanları “müharibəni dayandırın”, - deyə Əliyevə təzyiq göstərməyə məcbur etməyə nail olmaqdır məqsəd. Bütün bunlarda hərbi cinayət əlamətləri var.

 

- İki həftəlik döyüşlərdə Azərbaycan bir sıra yaşayış məntəqələrini işğaldan azad etdi. Sizcə, Azərbaycan Ordusunun uğurunun təməlində nə dayanır?

 

Bekçi: Bir neçə ildir ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə hazırlıq görürdü. Xüsusilə 2018-ci ilin hərbi paradında ordunun texnoloji cəhətdən necə gücləndiyi ortaya çıxdı. İndi bu uğuru, ölkəniz həmin texnologiyanı çox yaxşı bir səviyyədə istifadə edən heyət sayəsində qazandı. Deməli, müvəffəqiyyətin səbəbi buna yaxşı hazırlaşmağınızdır.

 

Arestoviç: Müvəffəqiyyətin səbəbi Azərbaycanın siyasi və hərbi rəhbərliyinin səylərini cəmləşdirərək, 21-ci əsrin ordusunu qurmağı bacardığı və zehni bir çevrilişdir. Digər tərəfdən, səbəblər sırasında erməni tərəfinin öz məğlubedilməzliyi ilə bağlı öz əfsanələri ilə özünü aldatması faktoru da var.

 

- Ermənilərin Gəncəyə zərbələri nəticəsində qadınlar və uşaqlar öldürüldü və yaralandı. Sizcə, bu cinayətə görə kim məsuliyyət daşıyır? Əmri verən Paşinyan, yoxsa onu icra edən erməni hərbçiləri?

 

Bekçi: Faşizm müharibə cinayətkarlarının Nürnberq məhkəmələrinin materiallarından da göründüyü kimi, cinayət əmrini verənlər də, əmri icra edənlər də günahkardır. Yəni burada həm Paşinyan, həm də erməni hərbçiləri günahkardır.

 

Arestoviç: Məsuliyyəti raketi atmağa başlayan heyət və bu əmri verən komandirlər (yuxarıya qədər) daşıyırlar.

 

- Moskvada Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanıb. Lakin bir neçə dəqiqə keçdi və erməni tərəf yenidən atəşkəsi pozdu. Sonra gecə yuxuda olan şəhərə - Gəncəyə raket atıldı. Bütün bunlardan sonra Azərbaycan vasitəçilərə və düşmənə nə qədər inanmalıdır? Bütün işğal olunmuş torpaqlar azad olunana qədər hücumu davam etdirmək daha yaxşı deyilmi?

 

Bekçi: Azərbaycan qətiliklə bütün Qarabağı azad etməyincə dayana bilməz. Çünki diplomatik danışıqlar yolu ilə bütün Qarabağ azad edilə bilməz. Bu səbəbdən də Rusiyanın vasitəçiliyinə güvənməməli və hərbi qüvvə ilə torpaqlarını işğaldan azad etməlidir.

 

Arestoviç: Bu situasiyada siyasi və hərbi təzyiqləri birləşdirmək daha yaxşıdır.

 

- Ermənistanın keçmiş Müdafiə naziri, hazırda Ermənistan Baş Nazirinin müşaviri olan Vaqarşak Arutunyan Rusiyanın “Rusiya-1” telekanalının efirində “Artilleriya hücumlarının taktikası hazırda hazırlanır. Gələcəkdə çaxnaşmaya səbəb olmaq üçün dinc yaşayış məntəqələrini vururuq...” dedi. Bunu necə xarakterizə etmək olar?

 

Bekci: Birincisi, qorxaqlıq, ikincisi, beynəlxalq hüququ bilməməsi və ya saymaması kimi. Müharibə zamanı mülki şəxslər toxunulmazdır. Yalnız ordular öz aralarında vuruşur. Bu səbəbdən belə bir şey etmək niyyətinin özü artıq hər şeyi deyir. Azərbaycan Ordusu Ermənistan ordusuna böyük itkilər yaşatdı. Xüsusilə, çox sayda hərbi texnika məhv edildi - tanklar, hava hücumundan müdafiə sistemləri, zenit raket kompleksləri, artilleriya. Görünür, ermənilər dinc şəhərləri vurmaqla məğlubiyyətlərini müəyyən müddətə təxirə salmaq istəyirlər.

 

Arestoviç: Bunu qəsdən strategiya səviyyəsinə qaldıdırılan, əslində isə döyüş qaydaları və ənənələrinin qəsdən pozulmasının açıq etirafı kimi səciyyələndirə bilərəm. Əslində, bu faktın beynəlxalq və milli səviyyədə qanuni olaraq qiymətləndirilməsinə ehtiyac var. Çünki, bu, müharibənin əvvəlcədən düşünülmüş və planlı şəkildə hərbi cinayətlər müstəvisinə keçirilməsidir.

 

Yusuf Poladov,

AYNA üçün

Müəllif: Ayna.az