Torpaqlarımızın azad edilməsindən sonra ilk prioritet: <font color=red> Kənd-kənd, küçə-küçə, ev-ev...</font>

Aktual

09.10.2020 - 10:20

Həkimlər Klinikalar SEO Xidməti

Ekspert: “İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi uzun zaman və böyük maliyyə vəsaiti tələb edəcək”

 

Sentyabrın 27-də erməni təxribatı nəticəsində başlayan və Azərbaycan Ordusunun güclü əks-hücum əməliyyatları ilə davam edən döyüşlər ərzində, Cəbrayıl şəhəri, onlarla kənd və bir sıra strateji yüksəklik işğaldan azad olunub. Döyüşlərin başlandığı gündən indiyədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) də prosesə qoşulub və bütün cəbhəboyu yaşayış məntəqələrində gecə-gündüz sürətli təmizləmələr aparır.

 

Bugünlərdə ANAMA-nın partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üzrə əməliyyat meneceri Mədət Məmmədov jurnalistlərə açıqlamasında demişdi ki, düşmən tərəfindən atılmış və partlamamış sursatların zərərsizləşdirilməsi və təmizlənməsi həyata keçirilir: “Bundan başqa, əhali ilə maarifləndirici söhbətlər aparılır. Onları narahat edən sursat qalıqlarının ərazidən götürülməsi işi görülür. Hazırda ANAMA-nın 24 qrupu regionda çalışır. Bu günə kimi, ANAMA-ya 200-dən çox çağırış daxil olub və 64 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”.

Prezident İlham Əliyev ANAMA-nın əməkdaşlarının təltif edilməsi haqqında  Sərəncam imzalayıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Eyni zamanda, Agentliyin Mina maarifləndirmə şöbəsi də regionlarda əhali ilə sıx təmasdadır. Atılıb partlamamış sursatlarla bağlı, həmçinin düşmən tərəfindən qadağan olunmuş kaset bombaları, kaset başlıqlı raketlərin atılması nəticəsində əhalinin maarifləndirilməsinə yönəlmiş işlər aparılır. Müxtəlif və ən çox istifadə edilən bombaların və partlamamış hərbi sursatların şəkilləri göstərilir və məlumatlar verilir”, - deyə o bildirmişdi.

 

Təbii ki, işğal altındakı ərazilər tam azad olunduqdan sonra, bölgənin minalardan təmizlənməsi ilk prioritet hədəf olacaq. Maraqlıdır, bunun üçün nə qədər vəsait və zaman, habelə hansı miqyasda tədbirlər tələb olunacaq?

 

ANAMA-nın mətbuat xidmətinin rəhbəri Səbinə Sərkərovanın AYNA-ya dediyinə görə, hələlik bu barədə onlara hər hansı bir göstəriş verilməyib: “Bu proses yalnız göstəriş verildikdən sonra planlı şəkildə yerinə yetiriləcək”.

 

Ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov AYNA-ya deyib ki, hazırda əsas hədəf ərazilərin minalardan təmizlənməsi deyil, işğaldan azad edilməsidir: “Hazırda qoşunların hərəkət yolları, istiqamətləri və düşərgələri minalardan təmizlənir. Zaman-zaman ordumuz əraziləri azad etdikcə, çox böyük miqdarda partlamamış minalar, açılmamış sursatlar və digər partlayıcı vasitələr olacaq ki, onları mütəmadi zərərsizləşdirmək və təmizləmək lazım gələcək. Yalnız və yalnız bundan sonra əhalinin ora köçürülməsi və məskunlaşdırılması mümkündür”.

 

“Ordumuzun istehkam qüvvələri və ANAMA vasitəsilə bu ərazilər təmizlənəcək. Təkcə ANAMA-nın imkanları həmin minaları təmizləməyə bəs etməyəcək, hətta, kənardan əlavə qüvvələrin köməyinə də ehtiyac yaranacaq. Bir çox beynəlxalq mina təmizləmə təşkilatları var, ola bilsin ki, onlar müqavilə ilə Azərbaycana dəvət olunacaq və həmin ərazilərin təmizlənməsində iştirak edəcəklər. Bu, çox böyük vəsait tələb edəcək”, - müsahibimiz vurğulayıb.

 

Ekspertin sözlərinə görə, minaların təmizlənməsi, zərərsizləşdirilməsi böyük dəqiqlik və incəlik tələb edən bir prosesdir: “Burada tək minalar deyil, partlamamış mərmilər, atılmamış sursatlar da var. Bunların hər biri əhali üçün təhlükə mənbəyidir. Uşaqlar əlinə götürüb, hər hansı bir odun içinə ata bilər. Yəni bütün bunların hamısı dəqiqliklə həyata keçirildikdən, ərazi tamamilə yoxlanıldıqdan və boşaldıldıqdan sonra əhalinin oralara köçürülməsi və məskunlaşdırılması mümkün olacaq”.

 

Əbilov hesab edir ki, bunun üçün uzun bir zaman lazımdır: “Bütün azad etdiyimiz əraziləri birdən-birə minalardan təmizləmək mümkün olmayacaq. Bu, hissə-hissə, kənd-kənd, qəsəbə-qəsəbə, küçə-küçə, ev-ev görüləcək bir işdir. Bunu beş-on günə etmək mümkün deyil. Ona görə də burada vaxta və çox böyük vəsaitə ehtiyac olacaq”.

Müəllif: Ülviyyə Şahin