Ukrayna liderinə başa salınıb ki, indi onun səfəri üçün uyğun vaxt deyil
Ukrayna Prezidenti Volodimir Zelenskiyə İsrailə səfər etməmək tövsiyə olunub. Ona bildirilib ki, indi onun İsrailə səfərinin zamanı deyil. AYNA xəbər verir ki, bu barədə “Ynet” portalı yazıb.
Məlumata görə, Zelenski oktyabrın 16-da yenidən İsrailə səfər edən ABŞ dövlət katibi Antoni Blinkenlə birlikdə yəhudi dövlətinə getmək istəyib.
İsrail isteblişmentindəki “Ynet” mənbələrinin sözlərinə görə, Ukrayna liderinə başa salınıb ki, indi onun səfəri üçün uyğun vaxt deyil.
Bildirilib ki, bu tövsiyə Zelenskinin gələcəkdə İsraildə xoş qarşılanmaması demək deyil.
Qeyd edək ki, oktyabrın 11-də “Ynet” portalı yazmışdı ki, Zelenski İsrailə “həmrəylik səfəri” edəcək. Daha sonra bildirilib ki, Ukrayna Prezidentinin ofisi İsrailin Baş naziri Benyamin Netanyahuya səfərin əlaqələndirilməsini xahiş edən rəsmi sorğu göndərib.