Zelenski: “Rusiya Ukraynada istilik enerjisi istehsalı müəssisələrini tam məhv edib”

Dünya

18.04.2024 - 17:40

“Su elektrik stansiyaları, avadanlıqlar, eləcə də qaz infrastrukturu terror hücumları altındadır”

Ukrayna Rusiyanın raket hücumları nəticəsində demək olar ki, bütün istilik enerjisi istehsal müəssisələrini itirib. AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Rusiya artıq demək olar ki, bütün istilik enerjisi istehsalımızı məhv edib. Su elektrik stansiyaları, avadanlıqlar, eləcə də qaz infrastrukturu terror hücumları altındadır”, - deyə Zelenski Avropa İttifaqı liderlərinə videomüraciətində bildirib.

Onun sözlərinə görə, Kiyevdə atom elektrik stansiyalarının və paylayıcı şəbəkələrin infrastrukturunun hücum təhlükəsi altında olması istisna edilmir: “Bunun qarşısını yalnız hava hücumundan müdafiə qüvvələri – xüsusilə “Patriot”, IRIS-T, SAMP/T, NASAMS sistemləri ala bilər. Yəni sizin ixtiyarınızda olan sistemlər. Onlar hazırda Ukraynada lazımdır”.

Qeyd edək ki, Rusiya martın əvvəlində Ukraynanın enerji obyektlərini məhv etməyə başlayıb. Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, bu, Kiyevin Rusiya neft emalı zavodlarına hücumlarına cavab idi və “demilitarizasiya” prosesinin bir hissəsidir.

Müəllif: Ayna.az