Yeni ildən gözləntilər: Qarabağda quruculuq, koronavirus, islahatlar…

Maraqlı

01.01.2021 - 10:21

Həkimlər Klinikalar SEO Xidməti

Ağrılı-acılı, sevincli-fərəhli 2020-ci ili başa vurduq, bəs 2021 bizə nə vəd edir?

 

Beləcə 2020-ci ili başa vurub, 2021-ə qədəm qoyduq. Ötən il olduqca əlamətdar hadisələrlə yadda qaldı. Xüsusilə, COVID-19 pandemiyası və zəfərlə başa vurduğumuz Vətən müharibəsi.

 

Bəs, 2021-ci ildən gözlənti və arzularımız nələrdən ibarətdir? AYNA bir neçə tanınmış media nümayəndəsinin fikirlərini öyrənib.

 

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli:

Qulu Məhərrəmli: “Biz tarixi şəxsiyyətləri üz-üzə qoya bilmərik…”

“Psixoloji olaraq yeni ili hamı ümidlərlə qarşılayır. Hansısa işlərin düzələcəyinə, ailədə, ictimai sferada, ölkə daxilində nələrinsə qaydaya düşəcəyinə, hansısa problemlərin həll olacağına ümidlər bəslənilir. Bu da çox təbiidir ki, insanların bütün duyğuları, hissləri səfərbər olunur və köhnə ilin son günlərinə yüksəkdən baxılır və problemlərin həlli arzu edilir. O baxımdan, mənim də arzularım bu arzulardan fərqlənmir və çox arzu edirəm ki, bu pandemiya şəraiti də tezliklə ləğv edilsin, insanlar normal həyata qayıtsınlar. Çünki hərəkətsizlik və ünsiyyətsizlik insanları bir-birindən çox ayırır və insanlar qeyri-normal situasiyalarda yaşayırlar. Məsələn, mən müəlliməm, auditoriyaya girmək, tələbələrlə ünsiyyətdə olmaq istəyirəm. Canlı diskusiyaların aparıldığı verilişlərdə iştirak etmək istəyirəm. Həmkarlarımla, yaxın dostlarımla ürəkaçıqlığı ilə bir masa arxasında əyləşmək istəyirəm.

 

Əlbəttə ki, Qarabağ məsələsinə görə biz yeni ilə bu dəfə daha böyük ümidlərlə daxil oluruq. Çünki Azərbaycan 2020-ci ildə özünün ən böyük həyati əhəmiyyətli siyasi problemini həll elədi və nəticədə torpaqlarımız işğaldan azad edildi. Hazırda Xankəndi bölgəsində də müəyyən proseslər gedir və əminəm ki, bizim xalqımız, hakimiyyətimiz bunun da öhdəsindən gələcək. Çünki ən böyük strateji problem həll olunub. Bu baxımdan, güman edirəm ki, yeni ildə Azərbaycanı daha böyük siyasi perspektivlər gözləyir. Həm Qarabağda quruculuq işlərinə başlamaq, həm siyasi islahatlar aparmaq baxımından müəyyən gözləntilərimiz var, həm də insanların daha firəvan, daha xoşbəxt yaşamasını, uşaqlarımızın daha qayğısız böyüməsini ümid və arzu edirəm”.

 

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadə:

Cəsarət Hüseynzadə: “Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu  sırasındadır”

“2020-ci il Azərbaycan xalqının tarixində qələbə ili kimi qalacaq. 44 günlük müharibədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və 2021-ci ildə də gözləntilərimiz, əsasən bu istiqamətdədir. İlk növbədə, gözləntilərimiz ondan ibarətdir ki, Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Qarabağda müşahidə məntəqəsi fəaliyyət göstərəcək. Çünki Azərbaycan üçün 10 noyabr bəyanatının həyata keçirilməsi baxımından bu, ən böyük zəmanətdir.

 

Başqa bir məqam, sözsüz ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq tədbirlərinin həyata keçirilməsidir. Məlum olduğu kimi, dövlət büdcəsindən 2 milyard manatdan artıq vəsait ayrılıb quruculuq işləri üçün. Həmçinin, böyük infrastruktur layihələrinin həyata keçirilməsi gözlənilir. Sözsüz ki, bu proseslərin gedişi ilə mərhələli şəkildə Azərbaycan əhalisinin həmin ərazilərə köçürülməsi də gündəmə gələcək. Demək olar ki, işğaldan azad edilmiş ərazilərimizdə həyat yenidən canlanacaq. Ən böyük gözləntilərimiz, ilk növbədə budur.

 

Eyni zamanda, pandemiya şəraiti olduğundan, hər birimizin 2021-ci illə bağlı arzusu odur ki, pandemiya nəhayət, aradan qalxsın. Yəni, bu prosesin də yekunlaşmasını gözləyirik ki, həyat əvvəllki axarına qayıtsın və hər sahədə həyat canlansın.

 

Sözsüz ki, vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq mənim də öz sahəmlə bağlı gözləntilərim var. Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı uzun müddətdir ki, dövlət və qeyri-dövlət təşkilatları arasında müzakirələr gedir. Açıq hökumət platformasının təşəbbüsü ilə müəyyən qaunvericilik aktlarına dəyişikliklərin edilməsi gözlənilir və 2020-2021-ci il milli fəaliyyət planında vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bir çox fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, hesab edirəm ki, vətəndaş cəmiyyəti yeni bir mərəhləyə qədəm qoyacaq. Həm də ki, işğaldan azad edilmiş ərazilərimizdə müxtəlif tədbirlərin həyata keçirilməsi fonunda vətəndaş cəmiyyətinin rolu artacaq.

 

Ümumilikdə, 2021-ci ildən ölkəmizin gözləntiləri çoxdur. Çətin bir prosesi arxada qoymuş ölkə olaraq 2021-ci il bizim üçün yeni mərhələ olacaq. İnanırıq ki, dövlətimiz və millətimiz 2021-ci ildə əminamanlıq şəraitində yaşayacaq”.

 

“Avanqard” Mədəniyət Portalının baş redaktoru, yazıçı Səxavət Sahil:

Şairlərə örnək Səxavət Sahil yazır » Kaspi.azAzərbaycanda özəl xəbərlər,  araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

“2021-ci ildə iqtisadi və sosial sahədə inkişafın, genişmiqyasalı islahatların olmasını istəyirəm. Əhalimizin rifahı daha da yüksəlsin, sosial problemlər arxada qalsın. Həmçinin, regionda sabitlik və sülhün davamlı olmasını arzu edirəm. Təhsil və elm sahəsində yeniliklərin və islahatların olmasını gözləyirəm. Bununla yanaşı, 2021-ci ildə gərəkli hərbi və texniki ixtisasların açılmasını, yeni təhsil ocaqlarının yaradılmasını zəruri hesab edirəm.

 

Həmçinin, bir yazıçı kimi ədəbiyyat sahəsində də yeniliyin olmasını, monopolyanın götürülməsini, azad ədəbi mühitin yaradılmasını arzu edirəm. Nələrin olmamasına gəldikdə isə, 2021-ci ildə, ilk növbədə müharibənin və koronovirusun olmamasını, insanlarımızın layiq olduğu şəkildə yaşamasını arzu edirəm”.

 

“Türküstan” qəzeti və saytının baş redaktoru Aqil Camal:

Aqil Camal - Publika.Az

“Gələn illə bağlı arzularımız, gözləntilərimiz yola saldığımız ildə baş verən hadisələrdən qaynaqlanır. Bu baxımdan, ilk növbədə gələn il üçün əsas arzu və gözləntilərimiz işğaldan azad olunmuş torpaqlarımız və hazırda işğalda qalan torpaqlarımızla bağlıdır. Vətən müharibəsi nəticəsində yenidən qovuşduğumuz ərazilərimizə, başda Şuşamız, dogma yurdum Kəlbəcərimiz olmaqla, bu yerlərə isti nəfəsin, həyatın qayıtmasını arzu edirəm. Xankəndi başda olmaqla, hələ də terrorçu-bölücü ünsürlərin əlində əsir qalan ərazilərimizin Azərbaycanın hüquqi təsiri altına qayıtmasını arzu edirəm.

 

Digər tərəfdən, dünyanı, o cümlədən, ölkəmizi kilidləmiş koronavirus pandemiyasının 2021-ci ildə bitməsini, həyatın normal məcrasına dönməsini arzu edir və gözləyirəm. Ölkəmizin daxili ictimai-siyasi mühitinin daha sağlam təməllər üzərində qurulmasını, ordumuzun müharibədən sonra yenidən komplektləşdirilərək daha modern silahlarla təchiz edilməsini, iqtisadiyyatımızın daha da güclənməsini, neftin-qazın qiymətinin artmasını arzu edirəm”.

Müəllif: Mərahim Nəsib

Simurq

Dünən, 16:45 Mədəniyyət