Marsa gedənləri lağa qoyanlara...

Maraqlı

30.07.2020 - 16:43

İlk Mars helikopteri çıxacaq və “Qırmızı Planet”ə doğru 8 aylıq yolçuluğa başlayacaqlar

 

NASA Marsa göndərdiyi kosmik aparata (rover) "Perseverance" (Əzm) adı verib. Dünyanın ən maraqla gözlədiyi missiyalardan biridir, bugünkü tarixi hadisə. Zarafatdırmı, insanoğlu “Qırmızı Planet”də həyat axtarmağa gedir. Min illərdir ki, başqa dünyalarda həyatın xəyalını quran düşünən beyinlər bu xəyalın gerçək olmasına heç vaxt indiki kimi yaxın olmamışdılar.

 

Floridadakı Kennedi kosmodromundan qalxan Atlas raketi daşıdığı faydalı yükü yerətrafı orbitə qaldırandan sonra örtüyün içindən 23 kameralı rover ilə ilk Mars helikopteri çıxacaq və “Qırmızı Planet”ə doğru 8 aylıq yolçuluğa başlayacaqlar.

 

"Perseverance"dakı laboratoriya yerindəcə Mars süxurunu analiz edib, nəticələri Yerə bildirəcək. Roverin alt bölməsindəki Mars helikopteri başqa bir planetdə uçan ilk uçan obyekt olacaq. Onun qarşısında elmi tapşırıqlar yoxdur, helikopterdən gözlənilən onun ünvana salamat çatıb, Marsda uçmasıdır. Zatən onun Marsda havada ancaq 15 dəqiqə qala biləcək.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, gökyüzü ve açık hava

Ancaq bu 15 dəqiqə gələcək uçuşlar üçün fantastik perspektivlər açacaq - bir düşünün, helikopteri Marsın krater və ovalarının üzərindən uçaraq görüntü çəkməsi sizcə də ağlasığmaz deyilmi?...

 

Roverin isə qarşısındakı vəzifələr olduqca önəmlidir. Suxurların analizi Marsda həyata dair ipuclarını axtaracaq. Ezero krateri yaxınlığında enəcəyi gözlənilən roverdən astronomiya və astrobiologiya üçün inqilabi məlumatlar toplayacağı umulur.

 

Alimlər 3 milyard il əvvəl Marsda aktiv atmosferin, su və planeti Günəşin radiasiyasından qoruyan örtüyün olduğunu deyirlər. Bu isə o zaman həyat üçün münbit şərait olduğu deməkdir. Bütün bunları yerində araşdırmaq, gələcək Mars missiyaları üçün oksigen əldə etmə imkanlarını tədqiq etmək bəşəriyyət üçün yeni fürsətlər deməkdir.

 

Elmin təntənəsi də bu deməkdir, məncə. Hər zaman dediyimi bir daha dilə gətirim – “gələcək elmlə gələcək!”.

Görüntünün olası içeriği: açık hava

Müəllif: İbrahim Nəbioğlu