Yaxud banklarda qorununan əmanətlərlə bağlı yeni qərar nələrə təsir edəcək?
Xəbər verdiyimiz kimi, vətəndaşlar bankalara manatla yatırdıqları əmanətlərə görə 15, xarici valyutaya görə isə 3 faiz məbləğində gəlir əldə edirdilər. İyulun 1-dən etibarən isə Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklarda milli valyutada 10%-dən, xarici valyutada 2,5%-dən yuxarı illik faiz dərəcəsi ilə əmanət yerləşdirilərsə, bu əmanətlər Azərbaycan Dövlət İpoteka Fondu tərəfindən sığorta olunmayacaq və onlara görə kompensasiya ödənilməyəcək.
AYNA-nın əməkdaşı iqtisadçı-eksperlərlə bu yeniliyin kredit faizinə necə təsir edəcəyini, eyni zamanda bank sektoruna müsbət və mənfi təsirlərini araşdırıb.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu qərar əvvəl bağlanmış depozit müqavilələrinə aid deyil, əvvəl bağlanmış müqavilələrin müddəti bitən kimi yeni müqavilələrdə bu qərar nəzərə alınacaq: “Azərbaycanın primitiv iqtisadi modeli olduğuna görə depozit faizlərinin azalması kredit faizlərinə təsir etməyəcək, amma məntiqlə təsir etməlidir. Yəni, depozit faizlərinin enməsi normal ölkələrdə kredit faizlərinin də azalmasına səbəb olmalıdır, bizdə isə təsir etməyəcək”.
İqtisadçı qeyd edib ki, yeni qərar, əslində bankları qorumağa yönəlib: “Bu qədər yardımlara baxmayaraq, bank sektoru hələ də özünə gələ bilməyib, bir çox problemlər qalmaqdadı. Çünki, bütün iqtisadi sistem bərbad olduğu bir ölkədə ayrıca bank sistemi normallaşa bilməz, yəni bank sisteminin vəziyyəti nəticədir – ümumi sistem problemlərinin nəticəsidir”.
“Bu qərar manatla depozitlərin azalmasına səbəb olacaq, vətəndaşlar riskli manat depozitlərindən çıxacaq. Çox güman, Türkiyə və Gürcüstana daşınmaz əmlaka yatırımları artıracaq, ya da manat depozitlərindən yenidən dollara-avroya sürətli keçid baş verəcək” - deyə ekspert əlavə edib.
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov isə öncə məsələnin hüquqi hissəsinə toxunub: “Bu günə kimi tam sığortalanmış əmanətlər üzrə milli valyutada faiz dərəcəsi 15, xarici valyutada isə 3 faizi keçməməli idi. Bundan sonra milli valyutada faiz dərəcəsi 10 və xarici valyutada isə 2.5 olacaq. Bu yenilik iyulun 1-dən etibarən əmanət qoyan şəxslərə aid ediləcək. Əvvəl əmanət qoyan şəxslər isə əmanət müddətinin sonuna kimi tam sığortalıdırlar”.
Ə.Həsənov, yeni qərar qəbul olunanadək bankalara əmanət qoymuş şəxsləri ehtiyatlı olmağa çağırıb: “Əmanət müddəti bitəndə mütləq banka gedərək yeni qaydaya uyğun olaraq əmanətlərini sığortalamalıdırlar. Əks halda əmanətləri sığorta olunmayacaq. Bu cür hallar olub deyə, eyni aqibəti digər əmanətçilərin yaşamaması üçün vətəndaşları diqqətli olmağa çağırıram”.
O, bununla bağlı nümunə də göstərib: “Bu ilin fevral ayında bir nəfər banka milli valyuta ilə 15 faizlə 1 illik sığortalı əmanət qoyub. Əmanət gələn ilin fevral ayına kimi tam sığortalıdır. Gələn ilin fevralına kimi bank müflis olsa, bağlansa, əmanət tam sığortalı olur. Gələn ilin fevralında isə vətəndaş gəlib sığortanı 10.5 faiz etməsə və ya bankdan çıxarmasa, əmanətini sığortasız olacaq. Nəticədə bank müflis olarsa və ya bağlanarsa, əmanəti də batacaq”.
Ekspert yeni qərarın iqtisadi tərəfini də şərh edib: “Azərbaycanda bir qayda olaraq əmanət faizləri kredit faizlərinə cüzi təsir edir. Ona görə ki, banklar üçün nə qədər əmanət faizləri ucuzdursa, faiz aşağıdırsa, o qədər də aşağı faizlə müştərilərə kredit verə bilərlər. Amma banklar bunu etmir, çünki riskli kredit verir. Borcun qaytarılmaması, məhkəmələrin uzun müddət getməsi, məhkəmə icrasında korrupsiya hallarının çoxluğu ucbatından problemli kreditlərin qaytarılması üçün bankların həm rəsmi, həm də qeyri-rəsmi xərcləri çox olur. Ona görə də banklar kredit faizini yüksək qoyur. Bundan sonra da kreditlərin faizi çox az enəcək”.
Ə.Həsənovun fikrincə, bu yenilik etibarlı və nisbətən iri banklara görə tətbiq edilib: “Çünki həmin banklar nisbətən aşağı faizlə kredit verməyə başlayıb. Ona görə əmanətlər üzrə faizləri də çox aşağıdır. Vətəndaşlar faiz dərəcələri aşağı olan banklara əmanət qoymurdular. Daha etibarsız, nisbətən faiz dərəcəsi çox olan banklara üstünlük verirdilər, üstəlik əmanət tam sığortalı olurdu. Nəticədə iri banklara az əmanət qoyulurdu. Yeni qərar da məhz iri banklara yardım məqsədi üçündür”.
“Azərbaycanda əmanətlərin sığortalanması sistemi qüsurludur. Əmanətlər ən çox biznesin hesabına sığortalanır. Banklar bağlananda vətəndaşların əmanətləri, əsasən qaytarılır. Amma biznesin pulunu yox, fondun vətəndaşlara kompensasiya etdiyi məbləği bankdan çıxır. Nəticədə sahibkarlara heç nə qalmır. Bəzən vətəndaşların əmanəti almasında da problem çıxır” – deyə ekspert əlavə edib.
Müsahibimiz yeni qərardan sonra banklarda əmanətin azalacağını düşünmür: “Onsuz da banklarda əmanət çox deyil. Banklarda o kəslər əmanət saxlayırlar ki, ya pulları həddindən artıq çoxdur deyə evdə çox pul saxlamaq istəmirlər, ya da, az da olsa, gəlir qazanmaq istəyirlər. Hesab edirəm ki, 10 faiz də pis gəlir deyil”.
Ekspert, ümumilikdə əmanət üzrə faizlərin aşağı endirilməsini müsbət qiymətləndirir: “Elə insanlar var ki, ancaq əmanət faizlərinin hesabına yaşayırlar. Bu da asan yolla, zəhmətsiz qazanılan gəlirdir. Nəticədə başqalarının böyük kredit faizi ödəməsi hesabına pul qazanırlar. Bu da müsbət hal deyil. Xarici təcrübədə əmanət faizi 10-dan da aşağıdır”.