Yardım paketinin “ağzını açmaq” müşkülə çevrilib

Cəmiyyət

10.04.2020 - 22:31

Elektron qeydiyyat prosedurunun bəzi tələbləri vətəndaşlar üçün əlçatmazdır

 

Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətində (DMX) qeydiyyatda olan 200 min nəfər işsizə aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmələr veriləcək. Bu məbləğ ölkəmizdəki yaşayış minimumudur.

 

İşsizlərin qeydiyyatı yalnız elektron formada aparılır. Bunun üçün www.e-sosial.az portalının elektron xidmətlər bölməsində qeydiyyat tələb olunur.

 

Lakin vətəndaşlar qeydiyyatdan keçmək istəyərkən texniki problemlərlə qarşılaşırlar. Elektron formanı doldurarkən, hətta savadlı insanın da sualları meydana çıxır.

 

Bir vətəndaş redaksiyamıza bunu ünvanlayıb: “Rayon və kəndlərdə hamının interneti yoxdur və hamının müasir texnologiyalardan başı çıxmır. Bundan əlavə, portalda işsizlərin adına qeydiyyatdan keçmiş mobil nömrənin yazılması tələb olunur. Ancaq bir çoxunun qohumlarından kimlərinsə adına qeydiyyatdan keçmiş SİM kartları var. Nəticədə qeydiyyatdan keçə bilmirlər”.

 

Məsələni AYNA-ya şərh edən “Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov da o fikirdədir ki, mövcud sistem həqiqətən bir çox işsizlər üçün çətinlik yaradır: “Razıyam ki, hamının interneti yoxdur. Bir çoxunun mobil telefonu da yoxdur və ya mobil operator ödəmələri etmədikləri üçün bir çoxunun nömrəsi bağlanıb. Telefon nömrəsinin işsizlər üçün xüsusi olaraq qeydiyyata alınmasına gəlincə, bunu doğru hesab etmirəm. Nömrə geri bildirim üçün lazımdır, qalanının isə əhəmiyyəti yoxdur”.

 

“İndiki karantin vəziyyətində, əlbəttə ki, bütün əməliyyatları internetdə aparmaq daha yaxşıdır, lakin bu, həmişə mümkün olmur. Buna görə, çətinlik çəkən vətəndaşlar məşğulluq xidmətlərinə müraciət etməli və xidmətlərin əməkdaşları işsizlərin yanına getməlidirlər. Çünki onlar məşğulluq xidmətlərinə yaxınlaşa bilmirlər. Əməkdaşlar tibbi maskalardan və əlcəklərdən istifadə edərək bu işi görə bilərlər. Könüllülər kömək üçün evlərə gedirlərsə, məşğulluq xidmətlərinin işçilərinin də eyni cür davranmaları mümkündür”, - İsmayılov deyib.

 

İqtisadçı-ekspert Natiq Cəfərli də AYNA-ya açıqlamasında işsizlərin elektron qeydiyyatı prosesinin çətin olduğunu bildirib: “Əgər qeydiyyat asan aparılsa və istənilən işsiz şəxs qeydiyyatdan keçə bilərsə, məlum olar ki, rəsmi statistika həqiqətəuyğun deyil və Azərbaycanda işsizliyin sayı 5% yox, deyək ki, 15-20% təşkil edir. Bu, hökumətin rəsmi statistikasının əksini göstərəcək deyə, müəyyən maneələr yaradılır”.

 

“Problem təkcə çətin qeydiyyatda, internet və mobil telefon çatışmazlığında deyil, həm də ondadır ki, bir çox işsiz vətəndaşlar dövlətdən yardım almaları barədə məlumatlı deyillər. Bu il martın 1-də Dövlət Məşğulluq Xidməti 90 min işsizin uçotunu aparıb. Hazırkı hesablamalar 200 min üçün nəzərdə tutulub, yəni rəsmi işsizliyin 8-9% ətrafında olacağı göstərilir. Deməli, işsizlərin ən az 60-70%-i birdəfəlik yardımdan məhrum olacaq”, - Cəfərli vurğulayıb.

 

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin rəhbəri Nəriman Ağayev isə məsələyə nikbin yanaşır. O, hesab edir ki, elektron sistem saxta yolla yardım almaq istəyənlərə mane olmaq üçün belə hazırlanıb.

 

“Fikrimcə, elektron qeydiyyatın bəzi bölmələri qısa müddətdə sadələşdirmə istiqamətində düzəldiləcək. Ödəniş hüququ əldə edən, lakin internet və ya mobil nömrəsi olmaması səbəbindən qeydiyyatdan keçə bilməyənlər kənd şuraları, bələdiyyələr və rayon icra hakimiyyətləri ilə əlaqə saxlamalı və bu qurumlar onlara dəstək verməlidir. İnsan təhsilli olmaya bilər, amma bu, o demək deyil ki, həmin şəxs yardım ala bilməz. Dövlət qeydiyyat məlumatları ilə bağlı hər kəsə kömək edə bilər. Ödənişlərin məbləği az olduğundan insanlar pullarını alacaqlar”, - Ağayev əlavə edib.

Müəllif: Elya Belskaya