Vətəndaşın cibi bu qədər “yükü” qaldıra biləcəkmi – <font color=red> Zəncirvari bahalaşma</font>

Cəmiyyət

16.02.2021 - 17:28

Natiq Cəfərli: “Dövlət şirkətlərinin ziyanını əhalinin hesabına kompensasiya etmək səhv addımdır”

 

Tarif (qiymət) Şurasının ardıcıl olaraq yanacağın və suyun qiymətini qaldırmasından sonra, digər sahələrdə də bahalaşma yaşanır. Artıq bəzi məhsulların qiymətində istər süni, istərsə də təbii artım müşahidə edilir. Ekspertlər isə qiymət artımının əksər məhsullara da təsir edəcəyini istisna etmirlər.

 

Hətta, Milli Məclisin son iclasında deputat Əli Məsimli digər sahələrdə də qiymət artımının qaçılmaz olduğunu deyib. O, bunun son olmadığını, digər kommunal xidmətlərin də qiymətinin qalxacağını əlavə edib. Millət vəkili qiymətlərin qalxdığı üçün aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsini təklif edib.

 

Mövzunu AYNA-ya dəyərləndirən iqtsadçı-ekspert Natiq Cəfərli deyib ki, qiymət artımında məqsəd dövlət şirkətlərinin ziyanla işləməsinin qarşısının alınması, qeyri-rasional xərcləmələrin azaldılması və onların mənfəətlə işləməsinin təmin edilməsidir: “Bu, rəsmi elan olunmuş məqsəddir. Amma çox təssüf ki, bu məqsədə çatmaq üçün ancaq qiymət artımı yolu məsələsi önə çəkilir. Əslində, istənilən kommersiya, yaxud dövlət şirkəti əgər ziyanla işləyirsə, birinci xərc maddələrinin azaldılması ilə bağlı qərar verilməli və şirkətlər sağlamlaşdırılmalıdır. Yəni, xərclər hansı istiqamətlərdə artırılırsa, harda daha izahlı xərcləmələr varsa, ixtisara birinci onlar salınmalıdır ki, xərclərin azaldılması nəticəsində rentabelliyin yüksəldilməsi mümkün olsun”.

Картинки по запросу

“Əgər bu ilkin addımlardan sonra ciddi bir dəyişiklik olmasa, sonuncu addım kimi qiymət artımında da müəyyən addımlar atmaq mümkün ola bilərdi. İndi hökumət büdcədən dotasiyanı azaldıb, lakin əvəzində, suyun qiymətində birdən-birə iki dəfə qiymətin artırılması ilə o dotasiyanı vətəndaşın üzərinə yükləyirlər. Bu isə doğru yanaşma deyil. Doğrudan da dövlət şirkətlərinin sağlamlaşdırılması hədəfdirsə, bu zaman həmin şirkətlərdə olan korrupsiya halları, qeyri-leqal və qeyri-rasional xərcləmələr aradan qaldırılmalı, şəffaflıq atrırılmalı və nəticə etibarı ilə xərclərin azaldılması rentabelliyə müsbət təsir edə bilərdi. Təəsüf ki, bu, olmadı deyə, nəticəsini də “Azərsu” ASC nümunəsində gördük”, - ekspert bildirib.

 

Cəfərlinin sözlərinə görə, dotasiyalar, büdcədən ayrılan vəsaitlər azaldıqca, əvəzində vətəndaşların cibindən çıxılması yolu seçiləcək: “Hətta, yaxın gələcəkdə elektrik enerjisinin, təbii qazın və ictimai nəqliyyatda sərnişin daşınması qiymətləri ilə bağlı da bənzər qərarların verilməsində də kifayət qədər ciddi gözləntilər yaranıb. Yəni, belə bir addımlar da atıla bilər. Hətta, yanvar ayının əvvəlində “Azəriqaz”, dizel və benzinin qiyməti qalxarkən, paralel olaraq qazın da qiymətinin qalxması üçün Tarif Şurasına müraicət etmişdi. Sadəcə, həmin vaxt benzinin və dizelin qiyməti qalxdı deyə, qazın qiymətinin qaldırılmasını saxladılar”.

 

“Çox güman ki, qış aylarından sonra, təqribən mart-aprel aylarında yenidən bu məsələyə baxılacaq. Bu da təbii ki, insanların sosial vəziyyətinə, güzəranına çox ciddi mənfi təsir göstərir. Çünki kommunal xərclər artdıqca, vətəndaşların gəlirləri bu yönə daha çox xərclənir və başqa sahələrə xərcləri azaltmağa məcbur qalırlar. Bu da onların sosial vəziyyətinə mənfi təsir göstərir”, - həmsöhbətimiz vurğulayıb.

 

İqtisadçı hesab edir ki, qiymət artımını balanslaşdırmaq üçün əməkhaqlarının artırılması gözlənilmir: “Əslində, 2021-ci ilin büdcə parametrlərində ciddi əməkhaqqı artımı ilə bağlı gözlənti yoxdur. Amma təbii ki, bu məsələ Prezidentin səlahiyyətindədir və ilin ortasında büdcə dəyişikliyi ilə bağlı növbəti addım atıla bilər. Bunu isə indidən söyləmək çətindir. Düzdür, təqaüdlərdə 11, 4 faiz artım oldu ki, bu da 93 faiz təqaüdçülərə şamil edildi. Lakin bu artımın müqabilində qiymət artımı də oldu və bu, artıq bəri başdan qabaqlayıcı tədbir kimi göründü. Çünki ərzaq qiymətlərində ciddi artım var, suyun və yanacağın da qiyməti artıb. Gələcəkdə elektrik enerjisi və təbii qaz da bahalaşsa, o zaman bu artımın heç bir xeyri olmayacaq. Ona görə də bəri başdan atılan bu addım təqaüdlərdən gələn xeyri də tükədəcək”.

 

“Ona görə də mən düşünmürəm ki, bu il ciddi maaş və təqaüd artımı baş versin. Çünki büdcənin kəsir hissəsi də böyükdür. Həmçinin, kifayət qədər yeni xərclər də yaranıb. Məsələn, işğaldan azad edilən torpaqların bərpasına, yəni quruculuq işlərinə 2,2 milyard vəsəait ayrılıb. Ki, bu xərclər 2020-ci ilin büdcəsində yox idi. Ona görə də düşünmürəm ki, maaş artmı ilə bağlı ciddi qərarlar verilsin. Olsa belə, yəqin ki, bu artım da vətəndaşın cibinə “yüklənəcək””, - deyə Cəfərli fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib

Ramanada faciə

Dünən, 17:26 Hadisə