“Konstitusiya Məhkəməsinin son addımı istənilən qərarı şübhə altına salacaq”

Cəmiyyət

06.01.2020 - 10:31

Əkrəm Həsənov: “Vəkillər məhkəmələrdəki haqsızlıqları aradan qaldıra bilmirlər”

 

Ötən ilin sonunda hüquqşünas Əkrəm Həsənov Konstitusiya Məhkəməsinin (KM) qərardadına açıq etiraz etmişdi. Həmin qərardadda qısaca bildirilir ki, KM bundan sonra qanunlara istədiyi kimi şərh verəcək.

 

Ə.Həsənov isə vurğulamışdı ki, Konstitusiya Məhkəməsi qanunlara şərh verir, yeni hüquq norması yaratmır: “Qanuna şərh verilirsə, həmin şərh vahid qaydada tətbiq edilməlidir. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən mülki qanunvericiliyin müddəaları qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Bütün münasibətlərə! Onlar üzrə məhkəmə mübahisəsinin nə zaman yaranması fərqli tətbiq üçün əsas ola bilməz”.

 

AYNA mövzunun detalları üzrə Əkrəm Həsənovla həmsöhbət olub:

 

- Əkrəm bəy, Konstitusiya Məhkəməsinə ünvanladığınız etiraza cavab gəldi?

 

- Ölkə rəhbəri də son çıxışında qeyd etdi ki, ictimai nəzarət zəifdir. Bu etiraz mənim tərəfimdən ictimai nəzarət idi. Nə yaxşı kı, dövlət başçısı son çıxışında ictimai nəzarət məsələsini qaldırdı, açığını deyim ki, özümə qarşı addımlar da gözləyirdim. Konstitusiya Məhkəməsinə yazdığım və cavab gözlədiyim suallarla bağlı Prezident Administrasiyasına da məktub göndərmişəm. KM-dən sullarıma cavab da gözləmirəm, çünki nə deyəcəklər ki? Onların qərardadı hüquq sistemi üçün bir rüsvayçılıqdır. Əgər dünyanın hansı yerində belə bir hal olsaydı, həmin ölkənin hüquq sistemində çaxnaşma düşərdi, hətta KM-i istefaya da gönədrərdilər.

Raminə Eyvazqızı