ABŞ Yaxın Şərqə altı ədəd B-52 qırıcısı və 200 nəfər hərbçi göndərmək niyyətindədir
İranla münasibətlərin gərginləşdiyi bir vaxtda ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə əlavə olaraq 200 nəfər hərbçi və 6 ədəd B-52 bombardmançı təyyarə göndərməyi planlaşdırır. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri adı açıqlanmayan hərbçilərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Pentaqon bölgəyə İtaliyanın Vicenza şəhərində yerləşən 200 nəfər hərbi qulluqçusunu göndərməyi düşünür. Hərbçilərin bəziləri ABŞ-ın Beyrutdakı səfirliyinin təhlükəsizliyini təmin edəcəklər. Təyyarələrin yaxın günlərdə bölgəyə gəlməsi gözlənilir.
CNN-in məlumatına görə isə bombardmançı təyyarələr Hind okeanında Böyük Britaniyanın xarici ərazisi sayılan Dieqo Qarsiya adasına yerləşdiriləcək. Qeyd olunur ki, Dieqo Qarsiya adası İran raketlərinə əlçatmaz olduğu üçün seçilib.
“Wall Street Journal”ın yazdığına görə, sözügedən hərbçilər göndərildikdən sonra Yaxın Şərqdə yerləşdirilən ABŞ qoşunlarının sayı 80 mindən çox olacaq.
Qeyd edək ki, iranlı general Qasım Süleymaninin öldürüldüyü vaxt CNN Pentaqon nümayəndəsinə istinadən, ABŞ-ın Yaxın Şərqə əlavə 3000 nəfər əsgər göndərəcəyini bildirmişdi.
Həmçinin Bağdaddakı ABŞ səfirliyinə edilən hücumdan sonra Pentaqon rəhbəri Mark Esper Birləşmiş Ştatların bölgəyə 750 nəfər əsgər göndərəcəyini söyləmişdi.