Ukrayna Rusiya ilə danışıqlara hazır olduğunu açıqladı, amma... – KİYEVİN 4 ŞƏRTİ

Dünya

04.12.2022 - 12:21

“Təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlara başlamaq üçün Rusiya dörd şərti yerinə yetirməlidir”

Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın qarşıdan gələn danışıqlarda “öz təhlükəsizliyinə zəmanət” verməli olması barədə bəyanatından sonra Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri və Rusiya Federasiyası üzrə danışıqlar qrupunun keçmiş rəhbəri David Araxamiya mümkün danışıqların başlanması üçün şərtləri açıqlayıb.

AYNA xəbər verir ki, Araxamiya “Telegram”da yazıbki, Ukrayna Rusiyaya təhlükəsizlik zəmanəti verməyə hazırdır: “Lakin bunun üçün təcavüzkar dörd şərti yerinə yetirməlidir”.

Araxamiyanın fikrincə, Rusiya aşağıdakı addımları atmalıdır:

Ukraynanın ərazisini tərk etmək;

kompensasiya ödəmək;

bütün hərbi cinayətkarları cəzalandırmaq;

nüvə silahlarını könüllü olaraq təslim etmək.

“Bundan sonra biz danışıqlar masası arxasına oturmağa və təhlükəsizlik zəmanətləri barədə danışmağa hazırıq”, - deyə fraksiya rəhbəri vurğulayıb.

Bu arada, Britaniyanın xarici işlər naziri bildirib ki, Rusiya diktatoru Vladimir Putin yeni hücumdan əvvəl ordusunu gücləndirmək üçün Ukrayna ilə sülh danışıqlarından istifadə edə bilər. Onun sözlərinə görə, Ukraynanı dəstəkləyənlər sülh danışıqları mövzusuna yanaşanda “çox, çox diqqətli” olmalıdırlar.

Bundan əlavə, ABŞ dövlət katibi Antoni Blinken Rusiya Prezidentinin Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara hazır olmadığını vurğulayıb.

Müharibənin Tədqiqi İnstitutunun analitiklərinin fikrincə, Rusiyanın danışıqlarla bağlı iddiaları Qərbin dialoq istəyindən istifadə etməyə hesablanıb.

 

Müəllif: Ayna.az