“T24”: İsveçin NATO-ya üzvlüyünü gecikdirməsi Türkiyə ilə ABŞ arasında münasibətləri pisləşdirib
Ankaranın İsveçin NATO-ya daxil olması prosesini ləngitməsi Türkiyə ilə ABŞ arasında münasibətləri pisləşdirib. AYNA xəbər verir ki, bu barədə “T24” məlumat yayıb.
“Türkiyənin İsveçin NATO-ya üzvlük məsələsində gecikməsi münasibətləri praktiki olaraq dalana dirədi. Keçən ilin iyulunda NATO sammitindən sonra Amerika tərəfi Türkiyənin verdiyi vədlərə əməl etməməsindən şikayətlənir”, - nəşr yazır.
Məlumata görə, Türkiyədə baş verən terror aktı, eləcə də oktyabrın 7-də Qəzzada başlayan müharibə Ankaranın bu məsələdə fikrini dəyişib.
“Əslində hökumət İsveçin NATO-ya üzvlüyünə yaşıl işıq yandırmaq niyyətindədir. Bununla belə, neqativ hadisələr buna imkan vermir”, - məqalədə vurğulanır.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken İsveçin xarici işlər naziri Tobias Billström ilə telefon danışığı zamanı İsveçin NATO-ya vaxtından əvvəl qəbul olunmasını dəstəkləyib. O əlavə edib ki, ölkənin Alyansa qoşulması bütün müttəfiqlərə müsbət təsir edəcək.