“Trendə qoşulmaq, fərqli görünmək üçün “mən telekanallara baxmıram” deyirlər, halbuki...”

Cəmiyyət

17.04.2022 - 23:28

Elvin Basqallı: “Sosial şəbəkələr televiziyanın düşməni deyil, rəqibi, hətta dostudur”

Uzun illərin teleaparıcısı Elvin Basqallı AYNA ilə söhbətində televiziya məkanında baş verən maraqlı hadisələrdən danışıb. Beləliklə:

- İllərdir jurnalist olaraq fəaliyyət göstərirsiniz. Bugünku xəbərlərin keyfiyyətindən razısınız?

- Biz çox istedadlı xalqıq, az qala hər sahə üzrə əla sənətkarlarımız var. O cümlədən də peşəkar televiziyaçılarımız, əla xəbər hazırlayan jurnalistlərimiz. Amma bu, kompakt halda deyil. Xəyalımdakı, arzumdakı xəbər istehsalı prosesi ilə reallıq arasında fərq az deyil.

- Xəyalınızdakı mənzərə necədir?

- Bütün ölkəni, dünyanın əsas hissəsini əhatə edən özəl xəbər axını və ən əsası, üstün xəbər estetikası. Yəni "hansı xəbəri verirsən" sualı ilə yanaşı "xəbəri necə verirsən" sualının cavabı mənim üçün çox vacibdir. Bu da saatlarla, tam səmimi deyim, günlərlə danışsam, bitməyəcək bir mövzudur. Bax, bu xəbər estetikasını mən gürcü televiziyalarında görürəm. Gürcü dilində 2 söz də bilmirəm, amma onların xəbərlərini izləyə bilirəm.

- Bu gün sosial şəbəkələrin inkişafı TV-yə təsir edirmi? Telekanalların xəbər izləyicilərinin sayında azalma varmı?

- Ötən il Azərbaycan Dillər Universitetində 2 semestr dərs dedim, birinci semestr vətəndaş jurnalistikasından, 2-ci semestr isə televiziyadan. Tələbələrimə də mühazirələrimdə deyirdim ki, internetin, internet medianın TV anlayışına zərəri haqqında hamı danışır, amma internet və TV düşmən deyil, həm rəqibdir, həm də dost. Sosial şəbəkələr televiziyaçıların işini asanlaşdırır və bu, təkcə xəbər istehsalı zamanı baş vermir, həm də sosial şəbəkələr TV istehsalı olan xəbərin bu platforma vasitəsi ilə də insanlara çatmasına səbəb olur. Sosial şəbəkələr televiziyaçının məhsulunun televiziya vasitəsi ilə izlənməsini müəyyən qədər azaltsa da, öz platforması vasitəsi ilə ona daha çox izləyici vermiş olur. Uzun sözün qısası, sosial şəbəkələr, internet televiziyanı sıradan çıxartmır, əksinə onu həmişəcavan saxlayır. TV-nin dövrü getməyib və düşünürəm ki, heç vaxt da getməyəcək.

- Televiziya dövrü bitməyibsə, niyə TV-lərdə istehsal olunan materialların əksəriyyəti sosial şəbəkələrdə gündəmə gələn problemlərdir?

- Dediyim kimi, internet media TV-nin düşməni deyil, rəqibi və dostudur. Bu sözümü bir neçə müddəa ilə əsaslandırmışam həmişə. Onlardan biri də internetin TV üçün həm də mövzu, audio, video baza, arxiv rolunu oynamasıdır. Mövzuların internetdən götürülməsi TV-ni daha cavan saxlayır, daha çevik edir, onun önəmini azaltmır. Axı, bir tamaşaçı kimi sizin TV-də baxdığınız xəbərin mövzusunun internetdən götürülməsi narahat etməməlidir, əksinə bu, gündəmlə ayaqlaşmaqdır.

- Sorğu keçirəndə vətəndaşların əksəriyyəti televiziya kanallarını izləmədiyini deyir. Amma bir az ünsiyyət quranda məlum olur ki, nəinki telekanallarını izləyirlər, hətta bəzi verilişlərin daimi izləyiciləridir. Niyə insanlar TV izlədiklərii etiraf etməkdən çəkinirlər?

- Çox az insan var ki, həqiqətən də televiziya kanallarına heç baxmır. İnternet resursları isə TV-yə öz yaradıcı məhsulunu burada reklam etmək, anons etmək imkanı verir. Məncə, TV-yə baxan adamın “baxmıram” deməsi trendə qoşulmaq, "cool" görünmək iddiasından başqa bir şey deyil.

- Bu gün xəbər aparıcılarını narahat edən əsas problem nədir?

- Xəbər aparıcılığı peşəsi unikal sahələrdən biridir. Baxmayaraq ki, bəzən bu sahəyə çox sadə, çox adi yanaşma da olur. Həm jurnalist olmalısan, həm televiziyaçı. Xəbər aparıcılarının sayı hər ölkədə onlarladır, ən çoxu yüzlərlədir. Rifahın yaxşı olması vacibdir.

- Televiziya aparıcılarının hər biri özünəməxsusluğu ilə seçilir. Xəbər aparıcılarının öz üslubları olmalıdırmı? Yoxsa qaydalara riayət etmələri kifayətdir?

- Əla sualdır. Əlbəttə, fərqlənməlidir. Mən 7 il “Space” TV-də ilin bütün günlərində tam fasiləsiz “Ana xəbər” blokunu aparmışam. Amma düşünmürəm ki, bir xəbər aparıcısı kimi məni tanıdan efirlərimin say çoxluğu idi. Məni tanıdan üslubum idi. Sürətli, möhkəm səs və xəbərin əzmiylə dəyişən səs tembrim və bəzən işlətdiyim fikirlər.

- Heç olub ki, bezib sənətinizi dəyişmək istəyəsiniz?

- Lap gündə 9 dəfə də bu fikrə düşə bilərəm və bilirəm də (gülür – T.X.). Amma bu, əsas nəticəni dəyişmir. Əslində bacardığım və sevdiyim tək iş televiziya sahəsidir. 1 ilə yaxın radio və internet mediada çalışdım, TV xəbərindən uzaq düşdüm, elə bir gün olmadı ki, üzbəüz görəndə, ya da müxtəlif sosial media hesablarından mənə izləyicilərim tərəfindən “haradasınız?”, “qayıdın” yazılmasın. Nə mən tamaşaçını, nə də tamaşaçı məni dəyişər. Bu, mənim mənə sübut etdiyim reallıqdır, Üzləşdiyim heç bir çətinlik bu fikrin yalan olduğunu mənə inandıra bilməz. Ən tez unudulan populyarlıq televiziya işində olur. Televiziyada isə insan ən tez xəbərdən çıxanda unudulur. Bu gün varsansa varsan, efirdə yoxsansa, elə bil ki, illərdir yoxsan. Bu, televiziya tarixinin süzgəcindən keçmiş həqiqətdir. Amma bu, mənim TV-dən uzaq düşdüyüm bir ildə özünü doğrultmadı, tamaşaçı məni unutmadı və bunu müxtəlif üsullarla sübut etdi. Bu cür hal az, lap az sayda xəbər aparıcısında baş verə biləcək hadisədir. Bunu təkəbbürlə demirəm, tamaşaçıya minnətdarlıq üçün deyirəm.

- Niyə TV-dən uzaq düşdünüz ki?

- Əslində, belə fasilələr az qala hər xəbər aparcısıının yaşadığı fasilədir. Amma mən, hətta gün etibarı ilə belə, xəbərdən uzaq qalmadığıma görə mənim üçün uzun müddət və çətin gəldi. Necə deyərlər, həmin ərəfədə qırılma nöqtəsinə çatmışdım.

- Bu peşənin sizə adi həyatda yaratdığı müsbət və mənfi tərəfləri nədir?

- Mənfi nəyisə dəqiq xatırlamıram. Bir onu bilirəm ki, qazandığım ruzidə televiziyanın rolu var, məni milyonlara sevdirən məqamdır televiziya. Bir xəbər aparıcısını torpaqların azad olunması xəbərini vermək xoşbəxtliyi qədər heç nə sevindirə bilməz. 44 gün qələbəmizin hər günündə, hər saatında tam səmimiyyətimlə, bütün gücümlə bu xəbərləri çatdıra bilmək imkanı yaradıb Allah mənə. Hər sənət adamının öz sənət pasportu olur, əgər məni tanıyanlar, məni aprel döyüşlərinin, Vətən müharibəsinin xəbərləri ilə tanıyırlarsa, sevincim birə beş qat artır.

Müəllif: Təranə Xudabaxşiyeva