Hikmət Hacıyev süni intellekt və sosial media üçün beynəlxalq qaydaların hazırlanmasına çağırıb
“Beynəlxalq ictimaiyyət sosial media və süni intellekt texnologiyaları üçün etik standartlar və müvafiq qaydalar hazırlamalıdır və eyni zamanda, onların gələcək inkişafını təmin etməlidir”.
AYNA.AZ xəbər verir ki, bu sözləri 4-cü Şuşa Qlobal Media Forumunun ikinci günündə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici Siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Bu, texnologiyanı məhdudlaşdırmaqla deyil, uşaqları qorumaq və rəqəmsal innovasiyaların rəqəmsal məsuliyyətlə yanaşı inkişaf etməsini təmin etməklə bağlıdır", - Hacıyev bildirib.
Onun sözlərinə görə, dünyanın hər yerində hökumətlər uşaqları və yeniyetmələri zərərli məzmundan, kiberhücumdan, zorakılıqdan, asılılıq yaradan alqoritmlərdən və psixoloji risklərdən qorumaqla yanaşı, eyni zamanda, informasiyaya çıxışı və ifadə azadlığını qorumaq ehtiyacı ilə üzləşirlər.
Hacıyev qeyd edib ki, innovasiya, təhlükəsizlik, valideyn məsuliyyəti və insan hüquqlarına hörmət arasında tarazlıq tapılmalıdır: "Biz süni intellektlə bağlı eyni səhvləri təkrarlayırıq. Heç kim texnologiyanın və elmin inkişafını dayandıra bilməz. Lakin etik standartlar və müvafiq tənzimləmə mexanizmləri olmalıdır".