Topqapı: “Xüsusi otaq”, müqəddəs əmanətlər və sultanın sirri - <font color=red> FOTOLAR</font>

Maraqlı

20.02.2021 - 23:23

İstanbula doğru irəliləyən qayıqda sirli bir sərnişin var idi və heç kim onun kimliyini bilmirdi

 

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Türkiyədə səfərdə olan jurnalisltlər, #GoTürkiye, #ReTurkey #SafeTourism #ReadyAndSafeTürkiye #SafeTourismTürkiye səfər proqramı çərçivəsində, Türkiyənin ən böyük şəhəri olan İstanbulda bir çox tarixi məkanları ziyarət edib və pandemiya dövründə ölkənin mədəni və turistik durumu ilə yaxından maraqlanıblar. Ziyarət edilən məkanlardan biri də, İstanbulda 4 əsr Osmanlı sultanlarının iqamətgahı olmuş Topqapı Saray Kompleksi olub.

 

Azərbaycanlı heyət möhtəşəm saray kompleksi ilə yaxından tanış olub və ətraflı məlumatlar əldə edib. Mərmərə dənizinə baxan istiqamətdə yerləşən saray kompleksinin dəniz sahilinə yaxın olan ən hündür bina olduğu bildirilib.

 

Məlumata görə, İstanbul 1453-cü idə Osmanlı dövləti tərəfindən fəth ediləndən sonra Sultan II Mehmed şəhərə daxil olarkən şəhər sarayının dağıldığını görür. Bundan sonra şəhərdə yeni sarayın inşası üçün müvafiq yer axtarılır və qədim Bizans Akropolunun yeri seçilir. 1459-cu ildə sultan yeni sarayın inşasına əmr verir.

 

Hazırda muzey kimi fəaliyyət göstərən və İsanbulun ən turistik məkanlarından biri olan, həmçinin tərkibində bir çox tarixi və mənəvi əhəmiyyət kəsb edən əşyalar, tikintilər və əsərlər yerləşən Topqapı Sarayında ən mühüm və diqqət çəkən otaqlardan biri də, İslam dünyası üçün müqəddəs sayılan əşyaların, əmanətlərin və əsərlərin yer aldığı “Xüsusi otaq”dır.

 

Müəqəddəs əmanətlərin Topqapı Sarayına gətirilməsinin maraqlı tarixçəsi də var. Belə ki, 1517-ci ildə Üsküdardan yola çıxan və planı olduğu kimi yerinə yetirib geri qayıdan bir gəmini, bir neçə kilometr aralıda izdihamlı kütlə gözləyir. İstanbulun müsəlman xalqı Misir səfərindən qalib qayıdan Sultan Yavuz Sultan Səlimi qarşılamağa hazırlaşır. Çünki Misir və Hicaz artıq Osmanlı torpağı idi və xalq öz sultanını qucaqlamağa hazırlaşırdı.

 

Lakin həmin vaxt İstanbula doğru sakitcə irəliləyən qayıqda sirli bir sərnişin var idi və heç kim onun kimliyini bilmirdi. Çünki bu sərnişin Misiri fəth edən Osmanlı Sultanı Yavuz Sultan Səlim idi. Sultan gizli şəkildə sahildən keçib saraya girir və o gün heç kim onun niyə belə davrandığını anlamır. Bunu o gecə bilən tək sultan özü idi və həmin sirr Topqapı sarayının bu gün “Xüsusi otaq” olaraq adlanan hissəsində gizlənmişdi.

 

Bir sözlə, 9-cu Osmanlı sultanı və 88-ci İslam xəlifəsi Yavuz Sultan Səlim 1517-ci ildə Misiri fəth edəndən sonra, İslam dünyası üçün müqəddəs sayılan əmanətləri İstanbula gətirmiş və bundan sonra əmanətlər bir məkanda, yəni Topqapı sarayının “Xüsusi otaq”ına toplanmağa başlanmışdı. Buna görə də, əmanətlər ardıcıllıqla İslam ölkələrindən əldə edilərək Topqapıya gətirilmiş və hələ də diqqət və xüsusi qayğı ilə qorunmaqdadır.

 

Topqapı Sarayına gətirilən əmanətlər arasında Məhəmməd peyğəmbərin əbası, əbanın saxlanıldığı qızıl sandıq, Rəsulullahın ayaq izi və saqqalı, həmçinin Uhud döyüşündə qırılan dişi və qəbir torpağı, Məhəmməd peyğəmbərin möhrü və ona aid olunan oturacaqlar, bununla yanaşı, peyğəmbərin qılıncının qını, qılıncları, ox və kamanı, Həzrəti Məhəmmədin yalançı “peyğəmbərə” göndərdiyi məktup, qızı Həzrəti Fatimənin səccadəsi, əbası və köynəyi, İslam dövlətinin bayrağı, səhabələrin qılıncları, Kəbədə yerləşən Həcərül-Əsvəd daşının qorunduğu qab, Kəbənin qızıl su qabı, Kəbənin açarı və qıfılları, Kəbənin qapılarından biri, Məscidül-Nəbəvinin maketi, Məscidül-Əqsanın maketi, Davud peyğəmbərin qılıncı, İbrahim peyğəmbərin qazanı, Musa peyğəmbərin əsası və Yusif peyğəmbərin cübbəsi yer alır.

 

Digər maraqlı bir məqam - müqəddəs əmanətlərin yer aldığı “Xüsusi otaq”da 24 saat dayanmadan “Quran” oxunması və ziyarətçilərin müəqəddəs əmanətləri “Quran” sədaları altında seyr etməsidir.

 

“Xüsusi otaq”ı ziyarət edənlər arasında müxtəlif ölkələrin və dinlərin nümayəndləri olsa da, ziyarətlər də fərqli istqamətlərdə həyata keçirilir. Məsələn, qeyri-islam dininə məxsus olanlar üçün bura sadəcə turistik bir məkan olsa da, davamlı olaraq buranı ziyarət edən müsəlmanlar otağa daxil olarkən, əyilərək giriş qapısını öpür və sonra bütün əmanətlərin qarşısında dayanıb dua edərək Allahdan mədət umurlar. Bir növ İslam dini burda bütün dinləri və irqləri öz əhatəsində birləşdirir və bəşəriyyətə humanist bir mövqe sərgiləyir.

 

Hətta, söhbət əsnasında ziyarətçilərdən biri bu məsələyə özünəməxsus bir şərh də verdi: “Müqəddəs əmanətlər müxtəlif məkanlarda olsaydı, ziyarət etmək baxımından istənilən effekti verməyə bilərdi. Məhz ona görə bütün əmanətlər bir məkanda toplandı ki, bütün insanlar simvolik olsa da, bir məkanda toplanıb, dinindən və irqindən asılı olmayaraq vahid Yaradanı xatırlasınlar. Ki, bu gün müəqddəs əmanətlər bu funksiyanı kifayət qədər yerinə yetirir”.

 

“Xüsusi otaq”ın bir özəlliyi də ondan ibarətdir ki, Osmanlı sultanları boş vaxtlarını burada keçirər və qorunmasına şəxsən nəzarət edərlərmiş. Həmçinin, müqəddəs əmanətlər Topqapıya gətiriləndən sonra, 18-ci əsrdən etibarən bilavasitə “Xüsusi otaq”da mühafizə edilmiş və dəyişilməmişdi. Hətta, Osmanlı sultanları hakimiyyətə gələndən sonra ilk kütləvi mərasimlərini də burda keçirmiş və müqəddəs əmanətlərin Osmanlı mədəniyyətinin əvəzolunmaz xəzinəsi olduğunu göstərmişdilər.

 

Ziyarət əsnasında maraqlı bir nüans diqqətimi çəkdi. Belə ki, əmanətlərin yerləşdiyi otağın qarşısında dayanıb “Quran” dinləyirdim. Elə bu əsnada bir neçə təriqət dərvişləri ilə rastlaşdım və onların Nəqşibəndi təriqətinə mənsub Şeyx Nazim Kıbrısinın dərvişləri olduğunu öyrəndim. Hətta, onların Amerika Birləşmiş Ştatlarında yaşadığı və İstanbula gəlməkdə əsas məqsədlərindən birinin də müqəddəs əmanətləri ziyarət etmək olduğunu öyrəndim: “Topqapı Sarayı və sarayda yerləşən müqəddəs əmanətlər insanlıq üçün mühüm fəlsəfi və mənəvi əhəmiyyət daşıyır. Bu fəlsəfini şəxsən və canlı olaraq duymaq çox gözəl hissdir. Biz də bu hissi şəxsən yaşamaq üçün bura gəlmişik və hər kəsə arzu edirik”.

 

Qeyd etmək yerinə düşər ki, tarix boyu insanların müqəddəs hesab etdiyi bəzi dəyərlər olub. Bu dəyərlər cəmiyyətdəki ortaq inanca mənsub fərdlərdə eyni duyğu və düşüncələrə səbəb olan simvollardan və ya simvolik obyektlərdən ibarətdir. Ənənə və adətlərin təsiri ilə nəsildən-nəsilə ötürülərək müqəddəs bir məna qazanıb. Müqəddəs anlayış, fövqəltəbii yaradıcı güc ilə inananların arasında əlaqə yaradan, ibadət və ritualları da əhatə edən dəyərlər toplusu olaraq da təyin edilə bilər.

 

İslam dinində də müqəddəs sayılan zaman və məkanlar, bu dinin mənsubları tərəfindən müqəddəs sayılan əşyalar var. Bunlar mədəniyyətimizdəki müqəddəs yadigarlar olaraq təyin olunur. Eyni ilə İslam dünyasının ən müqəddəs əşyalarının əsrlərdir qorunub saxlandığı və zamanında dünyanın ən güclü imperiyasının mədəniyyət xəzinəsi olan Tokapı Sarayında yerləşən müqəddəs əmanətlər kimi. Çünki maddiyyatdan mənəviyyata gedən yol yalnız mənəviyyatın fəlsəfəsini və ruhunu duymaqla mümkündür. Necə ki, “Xüsusi otaq”ın mahiyyətini başa düşənlər ora daxil olub çıxandan sonra bu rahatlğı daha yaxşı və daha dərindən hiss etməyə başlayır. 

Müəllif: Mərahim Nəsib