Yağışlar intensivləşsə, çay daşqını baş verə bilər
Ölkənin ən iti axan çaylarından olan Türyançayın acınacaqlı durumu ilə bağlı bir müddət əvvəl məlumat vermişdik. Son illər baş verən qlobal istiləşmə, iqlim dəyişikliyi, yaxud təbiətin öz “arzusu” səbəbindən Böyük Qafqaz sıra dağlarında, demək olar ki, qar görmək mümkün olmurdu. Türyançay da öz mənbəyini oradan götürdüyü üçün, ilin ən bolsulu yaz-payız vaxtlarında belə, qurumaq təhlükəsi ilə üz-üzə qalmışdı.
Dediyim kimi, qlobal istiləşməyə görə, dağlarda qarın əriməsi nəticəsində yaz aylarında qar, yağış suyu yığılır və çaylar məcrasından çıxır. Lakin sonuncu dəfə Türyançayda sel daşqınları 1993-94-cü illərdə baş verib. Ondan sonra bu hadisə müşahidə olunmayıb. Müəyyən illər ərzində su artıb, azalıb, lakin daşqınlar sonuncu dəfə 1994-cü ildə qeydə alınıb.
Karantin dövründə insan təbiətə daha az zərər verdi, avtombillərin tüstüsü, fabrik və zavodların zərərli tullantıları azaldı, atmosfer təmizləndi, ekologiji mühit rahat nəfəs aldı. Bunun nəticəsində çaylar da “gün üzü” gördü. O cümlədən Türyançay. Türyançayın suyu 50 dəfəyə qədər artdı.
Artıq may ayıdır və ayın ikinci ongünlüyündəyik. Lakin havanın tempraturu normadan aşağıdır. Axşamlar isə daha soyuq olur. Bundan əlavə, havanın bu cür soyuq olması, şübhəsiz ki, Böyük Qafqaz dağ silsiləsindən də yan keçmədi və Aran zonasına şiddətli, intensiv leysan yağışlarının yağması öz təsirini göstərdi. Nəticədə bu gün Türyançayda suyun səviyyəsi artaraq sahilə dayanıb. Hazırda suyun səviyyəsi, orta hesabla bir saata iki-üç santimetr qalxır. Yağışlar daha da intensivləşsə, çay öz məcrasından çıxa bilər.
Türyançayda su səviyyəsinin bu dərəcədə, uyğunsuz şəkildə artmasının əsas səbəblərindən biri də, bir zamanlar qanunsuz olaraq Ucar rayonunun Şahlıq kəndində “şuluz” adlanan beton arakəsmələrlə çayın qarşısının kəsilməsidir. Məhz bunun nəticəsidir ki, həmin ərazidə də ekoloji tarazlıq pozulub və bu, gələcəkdə öz mənfi təsirlərini daha ciddi şəkildə göstərəcək.