Suyumuz tələbatımızdan beş dəfə çoxdur, amma... çatışmır

İqtisadiyyat

31.03.2023 - 10:15

Ekspert: Bizdə su qıtlığı yoxdur, problem ondan səmərəsiz istifadə və böyük itkilərdədir

Ölkəmizin kənd təsərrüfatı rayonlarında suvarma problemləri öz aktuallığını itirmir. Hələ 2020-ci ilin yayında fermerlərimizin qarşıdakı iki ildə dərdlərinə son qoymaq üçün nəzərdə tutulmuş su ehtiyatlarından səmərəli istifadəyə dair xüsusi plan təsdiq olundu.

Amma bu plan kağız üzərində qaldı və orada nəzərdə tutulan tədbirlər “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası” adlı başqa bir sənədə salındı. Bir sözlə, problemlərin həlli yenidən rəfdə qaldı.

AYNA mövzu ətrafında kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli ilə həmsöhbət olub.

- Təəssüflər olsun ki, su təchizatı və suvarma problemləri gündəmdən düşmür və hətta, ötən günlərdə Saatlı rayonunun iki kəndinin sakinləri yerli avtomobil yolunu bağlayaraq bu problemə diqqət çəkməyə çalışdılar. Nə baş verir və niyə su çatmır?

- Ölkəmizin ərazisində sudan rasional istifadə olunarsa, kifayət qədər su var. Rəsmi olaraq respublikada 25 milyard kubmetr su ehtiyatı var - bu, ehtiyacdan demək olar ki, beş dəfə çoxdur. Amma müvafiq idarələrin məlumatına görə, son üç onillikdə su təchizatı 20 faizə qədər azalıb, daha 30 ildən sonra isə eyni miqdarda azalacaq. Beynəlxalq strukturlar da problemdən danışır. Dünya Təbii Sərvətlər İnstitutunun reytinqində Azərbaycan dünyanın quraqlıq riski olan 33 ölkəsi arasında “möhkəm” 18-ci yerdə qərarlaşıb. Amma yenə də deyirəm, bizdə su qıtlığı yoxdur. Çətinliklər onun səmərəsiz istifadəsi və böyük itkilərdədir.

Təbii mənbələrdən su itkisinə görə Azərbaycan bütün MDB ölkələrini geridə qoyub, hətta birinci yerə çıxıb. Bunu “Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmi statistik məlumatları da göstərir. Kənd təsərrüfatında suyun demək olar ki, yarısı boş yerə sərf olunur. Odur ki, biz su ehtiyatlarının xərclənməsi və istifadəsinə ağlabatan yanaşmalardan başlamalıyıq. Axı artan əhali həm də kənd təsərrüfatı istehsalının genişləndirilməsinə yaranan ehtiyac deməkdir. Bizim su potensialımız suvarılan torpaqların sahəsini iki dəfə artıraraq 4 milyon hektara çatdırmağa imkan verir, lakin bundan sonra su itkiləri dəfələrlə artacaq. Ona görə də biz ilk növbədə, deyək ki, İsrailin təcrübəsinə baxaraq, rasional istifadəyə nail olmalıyıq...

- Təəccüblüdür ki, səhrada yerləşən bu ölkə kənd təsərrüfatının inkişafı baxımından necə ən qabaqcıl oldu?

- İsrailin səhrada yaşıl möcüzəsi müasir texnologiyalardan istifadə və kənd təsərrüfatı sənayesinin təşkili ilə yanaşı, su istehlakına ağıllı və diqqətli yanaşmanın nəticəsidir. Sənaye artır, əhalinin daxili tələbatı yerli istehsal hesabına ödənilir, buna ərzaq ixracının ciddi göstəricilərini də əlavə edin.

Eyni zamanda, ötən əsrin sonu ilə müqayisədə istifadə olunan suyun miqdarı hətta azalıb. Fikir verin: bu ölkədə əkin sahələri bizdən cəmi 3,4 dəfə, su sərfiyyatı isə on dəfə azdır. Azərbaycanda su anbarlarından kənd təsərrüfatına 11,9 milyard kubmetr su sərf olunur, orada isə bir milyarddan bir az artıq. Nəticələr də müqayisəolunmazdır. İsrail kənd təsərrüfatı məhsullarının daxili istehlakını öz istehsalı ilə 95% təmin edir və ərzaq təhlükəsizliyi baxımından dünyada səkkizinci yeri tutur, biz isə 62-ci yerdəyik.

- Demək istəyirsiniz ki, hər şey su idarəçiliyi təcrübəsindən və həyat mənbəyinə diqqətli münasibətdən asılıdır?

- Bəli. İsraillilər suyun istifadəsinə mütərəqqi texnologiyaların və ağıllı yanaşmaların tətbiqində, xüsusən də onun şəbəkədən sızmasının qarşısını almaqda liderlik edirlər. Uzun məsafələrə su metal borular vasitəsilə çatdırılır. Üstəlik, bu, həm də damcı suvarma, filtrasiya üsullarından istifadə, yağış suyunun toplanması və təmizlənməsi sistemləridir. Ölkədə termal sulardan təkrar istifadə olunur, hətta məsafədən suvarma işlərinin idarə edilməsi tam kompüterləşdirilib və ən yüksək səviyyədə təşkil olunub. Su istehlakının ölçülməsi, eləcə də bu resurs üçün əlçatan qiymət siyasəti müəyyən edilib. Bir sözlə, ölkənin su ehtiyatlarından səmərəli istifadənin təşkili sahəsində təcrübələri baxımından onlardan öyrənəcəyimiz çox şey var.

- Konkret olaraq nə?

- Düşünürəm ki, biz su təsərrüfatının idarə edilməsini optimallaşdırmaqdan başlamaq və onu bir təşkilatın idarəçiliyinə keçirməkdən başlamalıyıq. İndi bizdə birdən-birə suya nəzarət edən dörd struktur var - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərsu” və “Meliorasiya və Su Təsərrüfatı” ASC. Belə çıxır ki, yeddi dayənin baxdığı uşağın gözü kor olur. Ona görə də idarəetməyə mərkəzləşdirilmiş yanaşmanı təşkil etmək, sonra isə bütün yığılmış problemləri həll etmək üçün xüsusi dövlət proqramının işlənib hazırlanmasına və həyata keçirilməsinə keçmək lazımdır. Məsələn, yağış, çay və qrunt sularının sonradan təyinat yerinə daşınması ilə toplanması və saxlanılması sisteminin təşkilinə təcili ehtiyac var. Yeri gəlmişkən, suyun metal borularla verilməsi ilə bağlı İsrail təcrübəsini mənimsəmək bizə zərər verməzdi və ən əsası, damcı suvarma sistemini tətbiq etməliyik.

Redaksiyadan xüsusi QEYD:

Bu yazı hazırlanarkən Prezident İlham Əliyevin “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanı elan olunmamışdı. Belə ki, sözügedən fərmana əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Müəllif: Emma Rzayeva